“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov: “İşini reklam edərkən etik qaydaları pozmaq olmaz...”
31-07-2019, 08:48
Dopler müayinəsi - ayaq üstə, yoxsa uzanılı şəkildə?
Bugünlərdə Bakıdakı özəl klinikaların birində çalışan həkim-cərrahın öz işini reklam etmək üçün açıq-saçıq geyimdə xanım pasiyenti masanın üzərinə çıxararaq dopler müayinəsi aparması qalmaqala səbəb oldu. Tənqid obyektinə çevrilən həkim “Yeni Müsavat”a danışaraq, aşağı ətrafların dopler müayinəsinin ayaq üstə aparılmasını əsas gətirərək, ona qarşı yönələn tənqidləri rədd etmişdi.
Maraqlıdır, bəs dopler müayinəsi nədir? Və bu müayinə daha çox hansı xəstəliklərin aşkarlanması üçün istifadə edilir? Müayinə ayaqüstü, yoxsa uzanıqlı şəkildə aparılır?
Məsələ ilə bağlı invaziv ağrı mütəxəssisi, paytaxtdakı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifovun fikirlərini öyrənməyə çalışdıq. Həkim bu müayinənin tarixinin çox əvvəllərə gedib çıxdığını bildirdi:
- Təxminən XIX əsrin 50-ci illərində Kristian Dopler dopler effektini tapıb. Dopler effektindən istifadə isə ilk dəfə XX əsrin ortalarında Yaponiyada həyata keçirilib. Bundan sonra ultrasəs müayinəsi getdikcə geniş yayılmağa başlayıb. Doplerin özünün müxtəlif növləri var. Məsələn, rəngli dopler, ağ-qara dopler və sairə. Əsasən diaqnostik məqsədlə, damarlarda, eyni zamanda ürəkdə baş verən problemləri araşdırmaq üçün istifadə olunur. Yəni exokardioqrafiyanın əsas baza müayinə metodu doplerin üzərində qurulub.
Beləliklə, əsasən aşağı ətrafların venaları, damar sistemi, boyun damarları yoxlanılır. Aşağı ətrafa gəldikdə isə, bu hissənin qidalanmasının pozulmasından şübhələndikdə, məsələn, xəstənin ayaqlarında üşümə, keyimə hissi olduqda bu zaman doplerlə arteriyaları yoxlayırıq. Doplerlə damarların ölçülərini görmək olur, qanın axın istiqaməti müəyyənləşdirilir. Həmçinin qanın sürətini müəyyənləşdirməyə imkan verir. Məsələn, damarlarda daralma olduqda orada qanın sürəti dəyişir və bunun da tibbi əhəmiyyəti var. Çünki daralmadan öndə olan sürətlə sonrakı sürətin fərqini ölçəndə orada baş verən patologiyanın nə dərəcədə olduğunu müəyyən etmək olur.
Dopler imkan verir ki, damar divarının qalınlığını da müəyyən edək. İltihabi proseslər zamanı damarların divarı qalınlaşa bilir. Həmçinin trombları, onların nə qədər təhlükəli olduğunu doplerlə müəyyən edə bilirik.
Bir sıra tibbi prosedurları həyata keçirmək üçün də bəzən doplerdən istifadə olunur. Digər spesifik doplerlər də var. Məsələn, xayalarda olan qan dövranını, varikosel xəstəliyini müəyyən etmək üçün də istifadə edilir. Həmçinin fetal dopler var - hansının sayəsində ki, hamiləlik zamanı qarın boşluğunda dölün qan dövranını müşahidə etmək olur. Bundan əlavə, dopler vasitəsilə beyindaxili damarları müayinə etmək olur. Bu sıranı daha da genişləndirmək olar.
- Bəzi mütəxəssislər bildirir ki, ağciyər patologiyalarını da doplerlə müayinə etmək olur. Bu nə dərəcədə doğrudur?
- Ağciyər patologiyalarında doplerdən o qədər də çox istifadə olunmur. Olur ki, ağciyərə maye yığılanda ultrasəs müayinəsindən istifadə olunur. Lakin qeyd etdiyim kimi, daha çox digər üsullara müraciət olunur.
- Şahidi oluruq ki, aşağı ətrafın dopler müayinəsi ya ayaq üstə, ya da uzanıqlı şəkildə aparılır. Hansı daha doğrudur?
- Ümumiyyətlə, hər bir damar sisteminin özünəməxsus müayinə protokolu var. Aşağı ətraflarda dərin vena və səthi vena sistemi var. Dərin venaların müayinəsi daha çox uzanıqlı şəkildə aparılır və əsasən bu cür doğrudur. Lakin aşağı ətrafların səthi hissəsinin venalarını, qapaq çatışmazlıqlarını yoxlamaq üçün ayaqüstü müayinə daha praktik və doğrudur. Çünki ayaqüstündə hidrostatik təzyiq bu zaman daha doğru görünür, xəstənin damar ölçüləri dəyişir. Məsələn, uzanıqlı şəkildə venanın ölçüsü 5 ml-dirsə, ayaqüstündə durduqda bu ölçü iki dəfə arta bilir. Beləliklə, ayaqüstə damardakı işlək rejimi daha obyektiv müayinə etmək olur. Lakin elə pasiyentlər var ki, ayağı açan kimi orada ciddi varikozun olduğunu görmək olur. Lakin bizim işimiz təkcə varikozu aşkarlamaq deyil, həm də trombun mövcudluğunu, digər ola biləcək prosesləri yoxlamaqdır. Bəzən də oturaq şəkildə damarlar müayinə olunur. Bu zaman baldır venaları dəyərləndirilir.
- Son zamanlarda varikoz xəstəliklərinin daha geniş yayıldığını, hətta gəncləşdiyini görürük. Səbəb nədir?
- Bütün xəstəliklər kimi varikozun da əsasında genetik amil durur. Bəzən 15-20 yaşlı gənclərdə çox ciddi varikoz xəstəliyini görə bilirik. Bu əsasən gen amili ilə bağlıdır. Əlbəttə ki, gen amili, üstəlik, əlverişsiz şərait bu xəstəliyi şiddətləndirir. Eyni zamanda bu gün daha çox oturaq həyat şəraitinin olması, çəki probleminin artması, davamlı şəkildə ayaq üstə çox durmaq, geyimlərdə və qidalarda olan dəyişiklik, avtomobildən daha çox istifadə bu xəstəliyə gətirə bilir. Məsələn, tez-tez şahidi oluruq ki, pasiyentlərdə sol ayağın varikozu daha çox olur. Ehtimal olunur ki, buna səbəb avtomobildən istifadə edərkən sol ayağımızın hərəkətsiz olmasıdır. Və yaxud qış mövsümündə avtomobildə sobanı yandırdıqda, istilik aşağıdan vurulur, bu da ayaqlarda damarların genişlənməsinə yol aça bilir. Və ən əsası, indiki gənclər noutbukdan istifadə edərkən çox zaman onu dizinin üstünə qoyur. Bu zaman ayaqlarımız hərəkətsiz olur, bu da aşağı ətraflarda qapaq çatızmazlığına gətirib çıxarır.
- Varikoz xəstəliyinə qarşı hansı önləyici tədbirlər görmək olar?
- Təbii ki, oturaq həyat tərzi, istinin çox olması damarların genişlənməsinə yol açır. Həmçinin qadınlar hamiləlik dövründə bu məsələyə daha çox diqqət etməlidir. Ağır idman növləri ilə məşğul olduqda yaxşı olar ki, elastik corablardan, geyimlərdən istifadə olunsun. Daha çox hərəkətli olmaq, gimnastik hərəkətlər etmək, təbii qidalardan istifadə etmək tövsiyə olunur. Ancaq qeyd etdiyim kimi, genetikada varikoz varsa, ondan qaçmaq mümkün olmur.
- Bir az öncə qeyd etdiniz ki, geyimlərdə dəyişiklik olanda da bu xəstəlik yarana bilir. Məsələn, hansı geyimlər buna səbəb ola bilir?
- Qarın nahiyəsində geyim sıx olanda həmin nahiyədə təzyiq yarana bilir. Və yaxud bəzən görürük ki, şortik bud nahiyəsini bərk sıxır. Bu zaman durğunluq yaranır.
- Aşağı ətrafda baş verən patoloji proseslərlə bağlı sizə müraciət edən pasiyentlərin arasında qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?
- Nisbətən qadınların sayı çoxdur. Əslində kişilərdə də bu xəstəlik geniş yayılıb, sadəcə, qadınlar estetik baxımından bunu daha tez müşahidə edir. Bəzən isə kişilər bu məsələyə diqqət etmir, artıq ağırlaşmalar olduqda həkimə üz tutur. Bu da əsasən mentalitet düşüncələri ilə bağlı olur.
- Bəzən ultrasəs müayinələrinin tez-tez aparılmasının insan sağlamlığı üçün zərərli olduğu barədə iddialara rast gəlirik.
- Bu, yanlış fikirdir. Ultrasəs müayinəsi daha ekonomik, dinamik müayinədir. Burada fobiya da yoxdur, məsələn, nevroz xəstələrinə rentgen müayinəsi təsir göstərə bilir, amma dopler müayinəsi tamamilə zərərsizdir. Həmçinin burada şüalanma yoxdur, buna görə də yaşlıların, eləcə də uşaqların müayinəsində rahat istifadə edilir.
- Tez-tez şahidi oluruq ki, həkimlər apardıqları əməliyyat və ya müayinə proseslərini videogörüntüyə alıb, sosial şəbəkələrdə yayımlayır. Bu məsələyə münasibətiniz necədir?
- Şəxsən mən özüm sosial şəbəkələrdə o qədər də aktiv deyiləm. Ümumiyyətlə isə dünyada tibbi marketing var və elm kimi mövcuddur, tətbiq olunur, Əlbəttə ki, bu marketinqi apararkən bir sıra məsələlərə diqqət etməli, etik qaydaları pozmamalıyıq. Reklam bizi harasa yönəldə bilər, amma birbaşa təsiri ola bilməz.
- Bəs niyə siz öz proseslərini reklam etmirsiniz?
- Əslində bundan əvvəl bir sıra mətbuat və media orqanlarında apardığımız proseslər bağlı reklam işi aparmışdıq. Lakin son vaxtlar bu məsələdə bir qədər aktiv deyilik. Amma düşünürük ki, yaxın vaxtlarda apardığımız prosesləri, işləri daha təkmilləşdirilmiş formada təqdim edək.
Xalidə GƏRAY,
“Yeni Müsavat”