“Azərbaycan Dəmir Yolları”nın yeni mətbuat katibindən ilk AÇIQLAMA

1-08-2019, 12:50           
“Azərbaycan Dəmir Yolları”nın yeni mətbuat katibindən ilk AÇIQLAMA
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

N.Bayramova mətbuat katibi olaraq ilk açıqlamasını Modern.az-a verib.

Mətbuat katibi bu vəzifəyə gətirildiyinə, ona etimad göstərildiyinə görə rəhbərliyə təşəkkürünü bildirib:

“Sağ olsunlar, başda Cavid müəllim olmaqla, mənə etimad göstərən, sevincimə şərik hər kəsə dərin təşəkkürümü bildirirəm. Dünəndən telefonlarım susmur, bütün həmkarlara təşəkkürümü bildirirəm. Dəstəyinizə ehtiyacım var, inşallah qarşılıqlı əməkdaşlıq şəraitində işləyəcəyik. Mətbuat katibi kimi də ilk açıqlamamı Modern.az-a verirəm. Əslində bu vəzifə məsuliyyət, operativlik, hadisələrə çevik reaksiya tələb edir. Mən uzun illər İctimai Televiziyada çalışmışam. O heyətlə işləmək özü də məsuliyyət tələb edirdi”.

Qurum rəsmisi qeyd edib ki, mətbuatla əlaqələrdə komanda olaraq çalışacaqlar:

“Mətbuatla çalışmaq komanda işidir, məsuliyyətdir. Çalışacağıq ki, sağlam komanda işi və sizin kimi jurnalist dostların köməyilə işimizin öhdəsindən gələk”.

Qeyd edək ki, Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. İndiyədək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.