Məmur hasarlarının arxasındakı Xəzər dənizi ilə müsahibə... - EKSKLÜZİV
1-08-2019, 17:07
Məlum olduğu kimi, hazırda Xəzər dənizinin az qala boş sahil ərazisi qalmayıb və iri məmurlar tərəfindən hasarlanıb, dəbdəbəli imarətlər inşa olunub. Çin səddini xatırladan bu hasarlar vətəndaşları dəniz üzünə həsrət qoyub.
Hər il yay mövsümü ərəfəsində və yay aları boyunca həmin hasarların sökülməsi ilə bağlı müzakirələr başlasa, bir neçə dəfə bu hasarların söküləcəyi və vətəndaşların Xəzərə yolunun açılacağı barədə vədlər, müjdələr verilsə də, bütün bunlar elə müzakirə və vəd olaraq qalır, dəyişən heç nə yoxdur.
Qaynarinfo-nun əməkdaşı bu gün dəniz kənarına çəkilən bu hasarlardan birinin arxasından Xəzərlə söhbətləşib, onun məsələ ilə bağlı fikirlərini öyrənib. İndi həmin müsahibəni sizə təqdim edirik.
– Gözəl Xəzər, xoş gördük!
– Artistlik eləmə, ə! Sən məni hasar dalından nə görürsən ki, hələ bir xoş da görəsən.
– Haqlısan, Xəzər müəllim. Bilmək istəyirəm, özünü hasarın o tərəfində necə hiss edirsən?
– Çətin sualdır (dalğaların xəfif səsi eşidilir, hiss olunur ki, düşünür). Özümü bu vəziyyətdə daha çox Rüstəm bəyin qızı Gülnaz kimi hiss edirəm. Sahilimi hasarlayan və gördüyün o hündür villanın sahibi olan məmur da Sərvər bəydir. O ki qaldı camaata, inciməyin, siz də Gülnaz xanıma adaxlıbazlığa gəlmiş, ancaq onu yalnız ayağının altına hambal qoyub hasarın üstündən görə bilən Məşədi İbadsınız ki durubsunuz...
– Ancaq biz səni heç hasarın üstündən də görə bilmirik.
– Əşi, görmək istəyirsən, gir yutuba, "Xəzər dənizi" yaz, çıxacaq, doyunca bax də...
– Bunda da haqlısan... Yeri gəlmişkən, Xəzər müəllim, görkəmli şairimiz Məmməd Araz bir şeirində yazır ki:
Ana torpaq, küləklərin
Rübabımdır, avazımdır.
Bu nəğməkar göy Xəzərin
Ömrüm boyu bir sazımdır.
Yəni soruşmaq istəyirəm ki, doğrudan da sənin suların mavidir?
– Bala, belə başa düşürəm, yaşın çox azdır, məni hasarsız görməmisən. Ona görə də səni qınamıram. Məmməd Arazın sağlığında hələ məni hasarlamamışdılar, ona görə də nəğməkarlığımdan da, sularımın maviliyindən də rəhmətliyin xəbəri vardı. Düzü, ində sən deyən duruluğum, təmizliyim də qalmayıb. Bir yandan mazut, o biri yandan tullantı suları, lap o biri yandan da sahillərimə yiyələnən iri məmurların yekə zir-zibilləri... İndiyə mavilik qalar?
– Xəzər müəllim, başqa dənizlərin bu hasarlara münasibəti necədir, sizə ürəkləri yanmır ki?
– Bilirsən, mənim bəxtim onda gətirib ki, okeana çıxışım yoxdur, ona görə də başqa dənizlərə gediş-gəliş sarıdan qulağım dincdir. Yoxsa gəlib bu hasarları görsələr, utandığımdan ölüb yerə girərdim.
– Bəs məmurlarınm özlərinə demirsiniz, bu nə biabırçılıqdı?
– Nə deyim, e? Keçən dəfə birinə irad tutdum, dedi, get kimə şikayət eləyirsən elə... Çox üstlərinə düşə də bilmirəm. Birdə gördün buruqlarımın birindən neft əvəzinə, narkotik çıxardılar. Mənə lazımdı?!
– Ümumiyyətlə, siz bunlardan soruşmusunuz ki, 1000-2000 manat maaşla belə villaları necə tikdiriblər, bu hasarları nə cür çəkdiriblər?
– Bala, başına dönüm sənin, zibilə salmaq istəyirsən məni? Qoy oturmuşam da... Ancaq düzü, mən özüm də bu işə məəttələm. Bu qədər neftim, kürüm, balığım var, amma mən allahın okeana çıxışını həll eləyə bilmirəm, onlar 1000-2000 min manat maaşla doğrudan da bu hasarları necə çədirir, villaları nətəhər tikdirirlər. Qəribədi, çox qəribədi... Nə isə, xahiş edirəm bunları yazma. Onsuz da, özün görürsən, başıma gəlməyən iş yoxdu, sən də təzə bir dərd açma başıma...
– Xəzər müəllim, sonda bizə sözünüz...
– Məmur üzlərindən başqa da azərbaycanlı üzü görmək istəyirəm (dalğaların həzin səsi eşidilir, hiss olunur ki, kövrəlib)... Səndən bir şey xahiş edə bilərəm?
– Əlbəttə, buyurun...
– Yolun Həştərxana-zada düşsə, vaxt eləyib sahilimə gəl, görüm səni, bir az ürəyim sakitləşsin.
– Baş üstə, Xəzər müəllim. Sizə hasarsız günlər arzulayıram.
– Sağ ol, bala, ancaq nə vaxtsa okeana çıxışımın olması bu arzunun həyata keçməsindən daha realdır...
Elnur Astanbəyli
Qaynarinfo