“Şah İsmayıl şərab içirdi, şiələr şərab içir?” – Fazil Mustafa

2-08-2019, 00:00           
“Şah İsmayıl şərab içirdi, şiələr şərab içir?” – Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:
- Bir neçə gündür ki, Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyiniz fikirlərə görə tənqid olunursunuz.Siz bir neçə dəfə bu mövzu ilə gündəmə gəlmisiniz. Bilmək istərdim ki, nə üçün Şah İsmayl Xətaini qəbul etmirsiniz?

- Mən cəmiyyətə izah etməyə çalışıram, bunu gündəmə gəlmək üçün yazmıram. Bu mövzuda dissertasiya müdafiə etmişəm, kitab və məqalələr yazmışam. Mənim “Tariximizə baxış” doktirinam Azərbaycan cəmiyyətində əzbərçi düşüncədə olanlardan xeyli fərqlidir. Məsələn, siz jurnalistsiniz. Mənə sual vermisiniz ki, Şah İsmayıl ordeninə münasibətiniz necədir? Mən də demişəm ki, münasibətim mənfidir. Verilməsinin tərəfdarı deyiləm. Vəsssalam.

Yəni, bu fikri açıqlayandan sonra xəstə, məzhəbsiz, dünyagörüşü dar olan, əzbərlədiyindən kənara heç nə düşünməyən, tarixə düzgün baxışı olmayan adamlar düşünürlər ki, bizim dəyərlərimizə toxundular. Qardaş, fikrin varsa, bu verilməlidir, yaz ki, bu verilməlidir. Sənin mənim düşüncəmlə nə işin? Mənlə polemikaya girmək istəyirsənsə, buyurun meydana. Bir sürünüzü bir yerə yığıb hamınızın cavabını məntiqlə əsaslandırılmış tarixi faktlarla verə bilərəm. Siz mənə savad, ağıl öyrətməyəcəksiniz. Siz bəlkə, bir mənbə oxumusunuz, mən 70-80.

Söhbət ondan gedir ki, bu insanlar dar düşüncə ilə məsələyə yanaşırlar. Heç nəyə toxunmayaq, heç nəyi müzakirə etmçəyək deyirlər. Xatırlayırsınızsa, təkcə bu mövzu deyil, istənilən mövzuda bu cavabı alacaqsınız. Axı, bu mənim düşüncəmdir. Kimi dindirsən, deyəcək, Hüseynzadə, Ağaoğlu və.s Bunlar bir cümləsini belə başa düşməyiblər, inan. Yəni, Rəsulzadəni oxuyan insan, necə başa düşə bilər ki, biz nəyinsə əksinə yanlış danışırıq.

Əhməd Ağaoğlunun İslam barədə tədqiqatlarının birini oxumusunuzmu? Oxumusunuzsa, nəyi başa düşmüsünüz? Ona tərs nə deyirəm? Hansı fikrini təkzib edəcək bir şey söyləyirəm?

Mən onaların fikirlərini inkişaf etdirirəm və Azərbaycan cəmiyyətinə çatdırıram. Kimi görsən, deyir Allah Mirzə Cəlilə rəhmət eləsin. Allah kimə rəhmət eləsin? Mirzə Cəlil onsuz da o dünyasını da qazanıb, bu dünyasını da. Mirzə Cəlil kimə qarşı vuruşubdur? Şeyx Nəsrullah kim idi? İsgəndər kimə qarşı vuruşurdu?

Həmin o təriqətçi, xürafatçı, pirlərə başını sürtən, 9 yaşlı qız uşaqlarını təcavüzə gətirən Səfəvi mollasına gülürdü də. Bu molla hardan gəlmişdi? Dində harda molla var?

Azərbaycan ideoloji məkandır. Bizim də bu millətçilər, turançılar özləri üçün əzbərləyib ki, bizim tarix… Sizin tarix varsa, mən nəyi təklif edirəm? Dədə Qorqud mədəniyyətini təklif edirəm. Nadir Şahın konepsiyasın təklif edirəm. Onu götürün, Azərbaycan üçün bu gün faydalı olan odur. Sən deyirsənsə, digəri faydalıdır, onu təbliğ elə. Demək istəyiəm ki, biz tariximizi inkar etmirik.

Tariximizdə faydalı məqamları dilə gətirin. Kimsə, hansısa başıboş uydurub ki, Şah İsmayıl dövlət dilini Azərbaycan dili eləyib. Harda elan edib? Kim deyib sizə bunu? Ondan əvvəl erməni dili idi? Ağqoyunlunun dili erməni dili idi? Səlcuqlar hansı dildə danışırdılar? Hamısının öz dilləri idi. Hətta bunu xüsusi bir şey kimi təqdim edirlər.

Deyirlər bizi imperiya kimi birləşdirib. Nə imperiyadı? Bu imperiyanın Azərbaycanla əlaqəsi nədir? Bunun bir izahını verin. İrana yarıyan bir imepriya idi. Azərbaycan ərazisində dövlət yox idi? Belə şeyləri elə gətirib Azərbaycan cəmiyyətinə təşkil etməyə çalışırlar.

İmperiyanı Sovet dövründə təbliğ etmək olardı. Amma bu fəxr eləməli məsələ deyil axı. Fəxr olunmalı Azərbaycan Cümhuriyyətidir, Məhəmməd Əmin Rəsulzadədir. M. Rəzulzadə dinu xürafatdan uzaq bir dövlət qurub. Axundov onda səhv edib də? Axundov kimlə savaşırdı?

- Şah İsmayıl Azərbaycan türkü olub. Bu gün İran onu özünkiləşdirirsə və biz də sizin kimi mövqe nümayiş etdirərək ondan imtina edəriksə, farslara daha çox dəstək vermirikmi?

- İmtina etmirik… Türk olub, bunun məsələyə nə aidiyyatı? Türk olub, fars mədəniyyətin inkişaf etdirib. İrançı zehniyyəti inkişaf edib. Çerneyevski malakan olub. Azərbaycanlılar üçün "Vətən dili" dərsliyini yazıb. Azərbaycanı mollaxandan çıxardıb məktəbə gətirən şəxsiyyətdir.

Mənə nə o türk olub, malakan olub? Nə milləti deyirsən gətir qoy başına. Azərbaycanı dirçəldib. Bundan yapışmaq lazımdır. Azərbaycanda minlərlə türk var ki, Azərbaycana üz qarası gətirir. Onun dalınca gedib əməllərini dəstəkləyək? Osmanlıda minlərlə türk olub ki, səviyyəsuz hərəkətlər edib. Onu dəstəkləyək biz? Nə var, nə var türk olub? Bu primitiv yanaşmadır. Yanaşma tərzi dəyişilməlidir. Azərbaycan türkünə fayda verənə dəstək olmalıyıq. Ziya Göyalp deyirdilər ki, kürddür. “Türkçülüyün Əsasları”nı yazıb.

Mənə nə var türkdür? Türk mədəniyyətini, tarixini, bu gününü sistemləşdirə bilib. Biz Xalq Cəbhəsi dövründə belə bu tezisləri tez-tez gündəmə gətirirdik. Kim türkdürsə, o bizə faydalıdır, kim türk deyilsə, onu qoyaq qırağa? Yüzlərlə lazımlı adamı kənara qoyaq ki, nə var, nə var bu türk deyil. Nə olsun? Söhbət faydadan gedir.

Bu gün Azərbaycan Fikrət Əmirovun, Qara Qarayevin üstündə yəhudi müəllimin haqqı varsa, biz onun haqqını qırağa qoymalıyıq ki, yəhudidir əşşşi, cəhənnəmə öyrədib, öyrətməyəydi. Ona görə də, gətirilən dəyərlər də doğru deyilsə, o dəyərin sonu nədir?

Azərbaycan əhalisinin çoxu pirlərdə, ziyarətlərdədir. Bunun kökü hardan gəlir? O dövrdə yaradılan kitabxana varmı? O dövrdə yaradılan 3 abidən varmı? Təkcə Şirvanşah dövlətçilik abidəndir. Qalanı nədir? Qız Qalası, Atəşgah. Məktəbdirmi, universitetdirmi?

Amma gedirsən, Səmərqənddə Əmir Teymurun irsinə baxırsan, hamısı məktəb, universitet, rəsədxana. Ona görə Temuru özbək sevir, yoxsa kimisə məğlub etməsinə görə sevmir ki.

- Sizin fikirlərinizi daha çox dini baxışınızla əlaqələndirirlər…

- Mən dini baxışa da milli baxış qoyuram. Dini baxış mənim fərdi məsələmdir. Nə qədər dünyagörüş məhdud olmalıdır ki, deyəsən, mən filan təriqətdənəm. Ümumiyyətlə, nə qədər mən filan məzhəbdənəm, təriqətdənəm deyən insanların böyük əksəriyyəti islamın mahiyyətin anlamayıb. İslamda bir ad var - müsəlman. Bir din var, adı İslamdır, onun da kitabı Qurandır. Bundan kənar özünü nə adlandıra bilərsən?

Demək bu xəstəlikdir də. Niyə islam məsələsinə toxundum? Mənim axı bayrağımda var. Mən bayrağımda üç komponenti müdafiə edirəm. İslamçılığı doğru anlamaq, türkçülüyü doğru anlamaq yəni, bioloji qanı ilə türk olub türkə zərər vuran yox, türk olmadan belə, türkün faydasına çalışanın türk olduğu düşüncəsini önə sürürəm. Və müasirlik də zəifdir.

Təsəvvür edin, bir fikir söyləyirsən, bu fikrə qarşı böyük şəbəkə birləşir ki, sən niyə bu fikri söylədin? Əcəb edirəm. Mən öz düşündüyümü Azərbaycan cəmiyyətindən gizlətməliyəm? Biz hələ müasir dövrdə yaşayırıq. Görün, Sabir bu xalqın əlindən nə zülüm çəkib. Həsən bəy Zərdabinin məktublarına baxın. Məktublar xalqdan şikayətdir. Dünyagörüşü genişlənməyən bir xalqın, xüsusilə diplomlu ziyalıları artan xalqın cəhaləti artmaqdadır. Ona görə də biz bunu miras qoyub gedə bilmərik. Düşüncə tərzinin dəyişməsi üçün bu məsələlərə ciddi yanaşırıq. İnsanlar müzakirə eləsinlər. Yoxsa ki, babamdı, nənəmdi, buna toxunmaq olmaz - bunla yaşamaq olmaz ki…

- Düşüncə tərzi demişkən. Sizə qarşı ittiham səsləndirənləri və ya Xətaini müdafiə edənləri İran agenti adlandırırsınız. Siz məni tanıyırsınız və heç vaxt İran agenti ola bilmərəm. İndi mən Xətaini müdafiə etsəm, məni də İran agenti kimi düşüncəcəksiniz?

- Bu sizin haqqınızdır. Siz müdafiə edin. Mən onları adlandırmıram. Onlar başqa şey adlandırırlar. Bura digər məsələləri qatırlar. Məsələn, məhzəbçilik məsələsini. Siz məhzəbçilik məsələsini deyirsiniz?

- Xətaidən danışıram.

- Siz tarixi şəxsiyyətdən danışırsınız ki, mən buna simaptiyam böyükdür. Burada danışın da, mənə nə ziyanı var ki. Mən Şah İsmayılın şeirlərini sevirəm, çox gözəl şeirləri də var. Əksəriyyətini əzbər bilirəm. Mən onun türk dilində olan gəraylılarının hamısını əzbər bilirəm, deyirəm də. Mən onun şairliyinə, türklüyünə, yaxud da hansısa bir şəxsiyyəti ilə bağlı epizoda toxunmuram ki…

Mən onun gətirdiyi dünyagörüşünün Azərbaycan, Türk dünyası üçün faydalı olmadığı tezisini irəli sürürəm. Bunu da tək mən irəli sürmürəm. Onda Əhməd bəy Ağaoğludan nə qədər ağıllıyıq biz? Bu gün onun yazdığı bir əsəri yaza bilməyəcək adamlar nə düşüblər ortaya? Yəni bu xalqın Əhməd bəy Ağaoğludan böyük fədəkarı varmı? Deyək ki, heç yazıçı kimi yox. Elə bir Difai yaratmaqla erməniləri püskürtdü. Sən ondan daha çox vətənpərvərsən? O da əvvəllər o birilər kimi düşünürdü. Sonra niyə dəyişdi?

Çünki adam oxuyandan, düşünəndən sonra dəyişir. Bunu topdandüşmə, məqsədyönlü şəkildə edirlər. Mən kiminsə Şah İsmayıl Xətaiyə münasibət bəsləməsinə İran agentidir demirəm ki. Mən deyirəm ki, bu şəbəkə İranın agenturasının şəbəkəsidir. “Baba Pünhan”, “Bizim mentalitet” səhifələri var. Bunlara İrandan pul buraxırlar, saxlayırlar.

Siz təsəvvür edin ki, birdən-birə Moskvada olan diaspora təmsilçimiz guya Xətai ilə bağlı açıqlama verir. Amma orada bir işarə vurur ki, mən namaz qılıram, şiə təriqətindənəm. Kimə işləyirsən? Deməli, oradan sənə sifariş verirlər ki, bunu de. De ki, mən türkəm, azərbaycanlıyam müsalmanam da. Səndən kim soruşur ki, haradansan?

Elə bu kodların açılışını verməyimiz niyə pisdir ki? Qoy cəmiyyət görsün ki, kim hara bağlıdır. Yoxsa, səmimi şəkildə kimsə deyirsə ki, mən tariximizdə bu şəxsiyyətə belə baxıram, o birinə pis buna yaxşı baxıram, desin də. Bu sənin fikrindi. Mən buna qarşı nə deyirəm ki?

Özü də mən Şah İsmayılı harada təhqir edirəm ki? Bir cümləmi tapın görüm, mən onu təhqir edirəm? Mən tarixi faktlarla danışıram.

Əzizə Cəfərzadə “Bakı 1501” əsərində Şah İsmayılı təhqir edib? Heç olmasa gedib roman oxumaq lazımdır. Orada baxın görün o vəhşəti Azərbaycan üzərində kim yarada bilərdi? Əzizə Cəfərzadə də vətən xainidir?

Bunun çoxu ya oxumamaqdan, ya da oxuduğunu doğru düşüncə süzgəcindən keçirməməkdən irəli gəlir. Bunu da bu gün ona görə bəlkə də əhəmiyyətsiz mövzu kimi görünə bilər. Amma biz gələcəyimizi qurmaq istəyiriksə, gələcəyimizi tarixin bu yalnışlarından özümüzü xilas etməliyik ki, Azərbaycan İranın zehniyyətinə məğlub olmasın.

- Ümumiyyətlə, sizcə Səfəvilərdən öyrənəcək müsbət bir şey yoxdurmu?

- Əlbəttə, var. Azərbaycan türkcəsində şeirlər yazıblar. Dilin inkişafında Şah İsmayılın müstəsna rolu var. Amma qurulan dövlət bu gün İranın dövlətidir. İran necə, hansı modeli istəyibsə, o Səfəvilərin təməli üzərində qurulmuş dövlətdir. M.Ə.Rəsulzadə o dövləti qurmayıb axı. O dövlətdə yaşayırsa, bizimki məzhəbçi dövlətdir? Başqa adam yaşamır axı orada. Bu gün Ermənistanda bir başqa millət yaşamır. Deməli, bu mono-etnik bir dövlət qurub. Bu özü humanist yanaşma deyil ki.

Eyni şeyi də ancaq bir düşüncəyə sahib insanın yaşamasına icazə verilən dövləti biz necə təbliğ edə bilərik? Məsələn, niyə Nadir Şahı referans götürmürsünüz? Nadir Şah 18-ci əsrdə 21-ci əsrdəki Azərbaycan ziyalılarının əksəriyyətindən daha ağıllı, daha uzaqgörən bir şəxsiyyət olub. Bir dənə onun Muğan qurultayındakı çıxışına baxın. Görün nə qədər böyük, tarixi şəxsiyyətdir.

Mən hamısını kənara qoymuram ki. Ona görə də bu məsələlərə bir az daha o əzbərlənən mətndən baxılmamalıdır. Bu məsələyə daha sağlam bir düşüncə ilə, bu günkü dövlətimizin perspektivləri baxımından baxmaq lazımdır. Mən sizə tam əminliklə söyləyirəm ki, biz ona görə rus müstəmləkəsi ilə razı olduq ki, ona görə fars müstəmləkəsinə razı olduq ki, biz düşüncəcə içimizdə İrançılıq elementlərini daşıyırıq. Xətai adı ilə olsun, Turan adı ilə olsun düşüncə doğru olmadısa, biz o elementin əvvəl-axır əsirinə çevriləcəyik. Necə ki, 18-ci ildə bizim bir çox adamlar türk ordusu xilas etməyə gələndə ona görə Bakını xilas edə bildi ki, Rəsulzadə, Topçubaşov var idi. Onları başqa məhzəbdən gələn biri kimi qovmadılar ölkədən. Amma İranda onu qovdular. Çünki gücləri çatmadı. Orada Xiyabani var idi və o Rəsulzadə anlayışına sahib deyildi.

- Azərbaycan çoxluq olaraq şiə ölkəsidir. Bunu yəqin ki, qəbul edirsiniz. Millət vəkilisiniz və Sizin Şah İsmayılla bağlı fikirlərinizin seçicilərinizi narahat edəcəyini düşünmürsünüzmü?

- Yox, ağıllı şiə məni niyə narahat edir ki? Mən şiələrə iki cür yanaşıram. Azərbaycana bağlı qardaşlarımız var. Məzhəbi nə olur, olsun. Mən özüm də möhürlə namaz qılıram. Mənim üçün fərqi yoxdur ki, kim necə namaz qılır, necə edir. Bu seçimi də Allah bilər ki, şiə haqlıdır, ya sünni haqlıdır. Biz onu müəyyən etmirik ki.

Mən sadəcə ümumi İslamın mülahizəsi, məntiqi baxımından məsələyə yanaşıram.

İkincisi də bütövlükdə bir Azərbaycana bağlı bizim babalarımız, nənələrimiz hamısı şiə olub. Onlar başqa ölkənin maraqlarına xidmət etməyiblər ki. Onlar xüms pulu yığıb İranın ayətullalarına göndərməyiblər ki... Onlar Azərbaycana bağlı olublar. Mənim onlarla bağlı problemim yoxdur.

Başqa ölkədə özünə müştehid tapıb onun iradəsilə idarə oluan və sabah da ermənilərlə savaşda oradan əmr gəlsə ki, ermənilər sizin qardaşınızdır geri çəkilin o insanlarla problemim var. Mən onlara açıq deyirəm. Sabah biz o təhlükəni görmək istəməyəndə onda bu problem yaranır. Yoxsa mən şiə məsələsinə ümumiyyətlə, qarışmıram. Haradasa mənim açıqlamamı görmüsünüzmü ki, mən kiminsə inancına qarşı gəlim? Mənə nə var. Heç yəhudinin də inancına qarşı gəlmirəm.

- Burada inanc məsələsindən daha çox Şah İsmayıla sevgi məsələsi var…

- Sevgi olsun da. Sənin sevgin olsun. Mən Şah İsmayıla nifrət bəsləmirəm ki. Söhbət ondan gedir ki, onun gətirdiyi dünyagörüşü Azərbaycan üçün yararlı deyil, vəssalam. Bunun Şah İsmayıla nifrətə nə dəxli? O tarixi anda belə qərar qəbul edib ki, bu doğrudur. Düzdürmü? Bəlkə də o öz dövrünə görə haqlıdır. Mən Azərbaycan dövləti prizmasından baxıram ki, haqlı deyil və bu yanlışdır. Bunda nə var ki? Bunun şiəliyə nə dəxli?

Özü də Şah İsmayıl şərab içirdi, şiələr şərab içir? Şeybani Xanın kəllə sümüyündə şərab içirdi. Şiə şərab içmir axı… Onda dindarsınızsa, niyə Şah İsmayılı müdafiə edirsiniz? Çünki təlimat var ki, bir mövzunu bəhanə etsinlər. Verirlər ki, Şah İsmayıl bütün İran ideologiyasını təbliğ edir. Bu adla təbliğ edirlər. Sadəlövh bir qrup Azərbaycanlar da elə bilirlər ki, ümumi həmrəylik olsa, daha yaxşı olar. Sonra bunun mənfi nəticələrini görəcəksiniz.

O görə bizim yanaşmamız budur ki, Azərbaycana bağlı istər şiə olsun, istər sünni olsun, istər yəhudi olsun... Yəhudi Araqunov getdi, döyüşdü. Elə ən böyük türk odur da. Qarabağ uğrunda döyüşübsə mənim üçün ən böyük türk odur. Qarabağ uğrunda fədəkarlıq etməyən türkün mənim üçün nə dəyəri var?

Məsələyə, bu konteksdən baxılmalıdır. Ona görə də bizim yanaşma tərzimiz doğru olmadığına görə, hər kəs özü düşünmür axı. Ümumi hay-küy qalxır. Böyük saytlar, filanlar təhqiramiz yazıları filanı döşəyirlər. Sonra da fikirləşirlər ki, hə, deyəsən, çoxluq haradadırsa, haqq da oradadır. Harada çoxluq haqlı olub? O dövləti 26 nəfər səs verib qurub da. Çoxluq olsaydı, hələ nə vaxt qurulacaqdı? Elə bilirsiniz həmin çoxluq M.Ə.Rəsuladəni söymürdü? Ona görə də bu şeylərdə qətiyyən hesab etmirəm ki, nəyisə geri çəkilmək, nəyəsə başqa cür baxmaq olar. Bu məsələdə prinsipial olaraq hesab edirəm ki, dövlətimizin maraqlarını qoruyuruq. Dövlətimizin gələcək prespektivi baxımından məsələyə yanaşırıq. Kiminsə bu məsələyə dair fərqli mülahizəsi varsa, mədəni formada çatdıra bilər. Amma bunu kimisə söyməklə etmək olmaz. Mətn oxumurlar axı. Kitab paylaşanda görmürəm? Kitabı 20 nəfər bəyənir. Kitab oxumur da. Dedi-qodu ilə, mərsiyə ilə gələn cəmiyyətdir də. Orada molla ağlasın, biz də ağlayırıq. Heç kim soruşmur ki, niyə ağlayırıq. Hamısı həmin zehniyyətdir də...

Elnur Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.