Deputat: “Hərəkatın üzə çıxardığı bəzi “debil”lər…”
18-08-2019, 15:09
Reportyor.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
– Qüdrət bəy, son vaxtlar sizə qarşı hücumların sayı artıb. Bunu nə ilə əlaqələndirirsiniz?
– Xalq hərəkatının üzə çıxardığı bəzi “debil”lər və onların ətraflarına cəlb etdiyi, yaxud onlara qoşulmuş bəzi tərbiyəsiz elementlər kənar təsirlərlə canlandırılıblar. Hər kəsə aydındır ki, heç bir ciddi siyasi dairə belə ünsürlərlə hansısa ciddi iş tutmaz. Onların bəziləri iqtidara yaxınlaşmaq üçün min bir oyundan çıxsa da rədd edildikləri üçün incik düşüb. Bəziləri iqtidardan qovulmuş, yaxud səhhəti gözləməyə imkan vermədiyindən ali hakimiyyət üçün alışıb-yanan, intellekti və qabiliyyəti uyğun olmadığı halda insani münasibətlərə görə zamanında yüksək vəzifələrə təyin olunmuş, çoxlu çirkli pulları olan məmurlardan söyüş sifarişi alanlar, yaxud ölkənin imicini korlamaq üçün ermənipərəst dairələrin sifarişi əsasında fəaliyyət göstərənlərdir. Biz bu adamların kimliyini açıb ortaya qoyanda başlayırlar artıq-əskik danışmağa. Onları ifşa etməyimizin səbəbi isə odur ki, belələri insanları çaşdırıb xalqımıza ziyan vura bilərlər. Başqa bir səbəb isə onların ictimai-siyasi həyatda mənəvi dəyərləri korlamasıdır.
– Sizi Rusiyanın maraqlarına xidmət etməkdə belə suçlayanlar var…
– Bir az öncə qeyd etdim, ölkənin siyasi həyatında çoxlu sayda qeyri-ciddi, anormal insanlar var. Birinə deyirsən sən PKK-çı terrorçu ilə görüşmüsən və bunun məsuliyyyətini daşımalısan, deyir, mən agent deyiləm.Yaxud deyirlər biologiya üzrə, həm də nəzəri məsələlərə görə Nobel mükafatı verilmir, deyir paxıllıq edirsiniz. Başa düşmür ki, ölkəni biabır edir. Bilirsiniz mən hüquqi psixologiyanı öyrənmişəm, şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir. Siyasi həyatda belələri çoxdur. Ona görə də bu tip adamların mənim haqqında danışdırılması səfehlikdən başqa bir şey deyil.
– Qüdrət bəy radikal müxalifət iqtidar daxilində hakimiyyət dəyişikliyinə hazırlıqdan danışır. Bu barədə nə deyə bilərsiniz?
– Əvvəla, gəlin onları fitlə hərəkət etdiklərinə görə “fit müxalifəti” adlandıraq. Həmin bu “fit müxalifəti” bir vaxtlar da ölkənin real durumundan çıxış etmək əvəzinə “X” günündən danışırdılar. İndi də qırıq patefon kimi başlayıblar yerlərində fırlanıb təkrarlamağa ki, hakimiyyət ötürülür.
– Bəs nə etməlidirlər?
– İlk növbədə, müxalifət xalqımızın inkişaf səviyyəsini, regional və beynəlxalq vəziyyəti nəzərə alıb real təkliflərlə çıxış etməlidir. Yoxsa kənardan səsləndirilən fitlə hərəkət etməməlidirlər. Anlamalıdırlar ki, yalnız yuxarıdan aparılan islahatlar ölkədə müsbət dəyişikliklərə yol aça bilər. İqtidarı tənqid etmək, xalqı marifləndirmək, amma bütün vasitələrlə iqtidarla qarşıdurmadan yayınmaq lazımdır. Hər hansı toqquşma ölkədəki demokratik inkişafa ciddi ziyan vuracaq. Bu gerizəkalılar isə deyir ki, mitinqə çox adam gəlsə hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bilirsiniz, bu adamların müxalifətçilik barədə təsəvvürləri çox bəsitdir. Elə fikirləşirlər ki, sən müxalifətdəsənsə bütün hallarda, ölkəyə hansı zərəri vuracağından asılı olmayaraq, hər fürsətdə iqtidarı yıxmağa çalışmalısan. Həqiqətdə isə iqtidara gəlmədən də təkliflərinlə ölkədə demokratiyanın və iqtisadiyyatın inkişafı üçün töhvələr verə bilərsən. Nəticədə, əgər məqsədin hakimiyyətə gəlməklə ölkənin sürətli inkişafını təmin etməkdirsə, həmin inkişaf olacaq və sən də demokratik seçkilərlə, xalq etimad göstərəcəyi təqdirdə hakimiyyətə gələ bilərsən.
– Hakim partiyada həqiqətən lider dəyişikliyi baş verərsə “fit müxalifəti” bundan istifadə edib ölkədə siyasi sabitliyi poza bilərmi?
– Qətiyyən, bu mümkün deyil.Vaxtilə Heydər Əliyev İlham Əliyevi partiyada özünə müavin təyin etməklə kimin varis olacağını müəyyənləşdirdi və bəzi dağıdıcı proseslərin qarşısını aldı. İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə bu məsələni həll edib. Həm də o dövrlə müqayisədə dövlət institutları çox oturuşub, təxribat imkanları xeyli məhdudlaşıb. Həmin dövrlə müqayisədə hər iki şəxs təbii liderlik keyfiyyətləri ilə yanaşı, böyük idarəetmə təcrübəsi də qazanıblar. “Fit müxalifəti” ilə eyni səviyyədə olan, qayanın gölgəsində gizlənib özünü böyük rəhbər sayan hakimiyyətdəki iddialıların faciəsi ondadır ki, rəqib saydıqları (əsl həqiqətdə nifrət etdikləri) liderlərini lazımınca qiymətləndirə bilmirlər. Əslində mənim bu açıqlamalarım da onları xəbərdar edib, şəxsi faciələrinə yol açacaq böyük fəlakətlərdən çəkindirməkdir. Həmin adamlar xaricdən verilən vədlərə inanmamalıdırlar.