“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...”

19-08-2019, 16:55           
“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...”
Tanınmış jurnalist Nəsimi Nəbizadə sosial şəbəkə vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək nazirdən Bakının “Torqovı” adlanan məkanındakı biabırçılığın aradan qaldırılmasını xahiş edib.

İnsanların gəzinti və istirahət üçün üz tutduğu “Tarqovı” adlanan ərazidə əxlaqsız qadınların çoxluğu və hətta meydan sulamağı ciddi ictimai narazılıq doğurub.

“Cənab nazir, hörmətli Vilayət Eyvazov...

Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var... Və siz Naxçıvan torpağındansız... O gözəl və qeyrətli torpaqdan... Azərbaycanın böyük torpağından...

"Torqovı" biabırçılıqdı... Ora əl gəzdirin... O park Bakının vizit kartıdı... Əncam çəkin, göz qabağıdı... Biz o cür deyilik axı... Bizim polisimiz bizi hər mənada qorumalıdı axı...”, - Nəsimi Nəbizadə bildirib.

Doğrudan da bu biyabırçılığı aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidi?

Modern.az bu sualı Milli Məclisin üzvlərinə ünvanlayıb.

Deputat Tahir Kərimli bu kimi mövzulara daim siyasi tərəfdən yanaşdığını bildirib.

“1990-cı illərdə ilk deputat çıxışımda mənəviyyat və əxlaq polisinin yaradılması ilə bağlı fikir söyləmişdim. Hələ o zamanlar bu kimi hadisələr belə geniş vüsət almamışdı. Çox təəssüf edirəm ki, kapitalizm hər şeyə imkan verir - pisə də, yaxşıya da. Məhz buna görə pislərin sayı artır və pis hadisələrin qarşısını almaq lazımdır”.

Tahir Kərimli qeyd edib ki, bu hadisələr məhdudlaşdırılmassa əgər artmağa davam edəcək.

““Torqovı”da və küçələrdə baş verən bu tip hadisələr sadəcə lakmus kağızıdır. Belə hadisələrin çoxalmasında əsas səbəblərdən birincisi turistlərin, ən çox da ərərblərin Azərbaycana gəlişidir. Bəzən bunu sosial məsələlərlə bağlayırlar. Mən çoxlu misallar gətirərdim ki, elə ölkələr var ki, ora geniş turist axını var, amma əxlaqsızlıq belə geniş tüğyan eləmir. Belə halları çox zaman stimullaşdırırlar, əgər stimullaşmasaydı, əxlaqsızlıq bu qədər geniş olmazdı. Açıq danışıram, belə hadisələrin baş verməsi üçün onun arxasında duran, pul qazanan insanlar var. Bunu təkcə sosial məsələlərə bağlamaq düzgün deyil, bu hallardan qazanc əldə edənlər də var. Ən mühüm məsələ ictimai-siyasi vəziyyətin möhkəmləndirilməsidir. Bu nöqteyi-nəzərdən müvafiq orqanlar cinayət və inzibati qanunvericiliyə uyğun olaraq öz tədbirlərini görməlidirlər. Mən parlament səviyyəsində dəfələrlə bu kimi məsələlərə toxunmuşam. Bəziləri deyir ki, Gürcüstanda kazinolar, qumarxanalar var, yaxşı turist cəlb edir. Bizə elə var-dövlət, elə qazanc lazım deyil. Bu hadisələr də həmçinin, belə hadisələrin arxasınca qaçmamalıyıq. Əxlaqsızlıq bizim millətə xas olan hal deyil. Bunun qarşısı həm qanunvericilik, həm də inzibati yolla alınmalıdır”.

Deputat Fəzail Ağamalı mövzu haqqında danışmağı əxlaqına sığışdırmadığını bildirib.

“Əslində mən bir neçə il bundan əvvəl məsələ qaldırdım ki, açıq deyəcəm, əllərində pul qadınlara müraciət edənləri deportasiya etmək lazımdır. Bu məsələ həmin vaxt sensasiyaya səbəb oldu. Bu məsələyə yenidən qayıtmağımın bir adı yoxdur. Ümumiyyətlə, əxlaqsız hərəkətlərin qarşısı alınmalıdır”.

Deputat Tahir Rzayev isə bildirib ki, qadınlarımızı alçaltmağa haqqımız yoxdur:

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək. Hər yerdə var ki, qadın bəzənib-düzənsin, geyinib-keçinsin. Biz hardasa yaxşı geyinən qadın görürüksə, o saat deyirik ki, əxlaqsız qadındı. Bunların hamısı bizim xalqın adına yazılır. Belə şeyləri açıb-ağartmamalıyıq, əksinə tərbiyə etməliyik. Amma hamı bir ağızdan deyir ki, “Torqovı”da əxlaqsızlıq baş alıb gedir”.

Tahir Rzayev bildirib ki, bütün qadınları əxlaqsız adlandırmaq olmaz:

“Çox vaxt deyirlər ki, qızlarımız ərəblərlə tanış olur-filan. Bunların hamısı yalan sözlərdir. Heç vaxt bizim qızlar öz namuslarını alçaldıb hansısa bir yöndəmsiz ərəblə söhbət eləməz. Ola bilər ki, dostluq münasibəti ilə tanış olarlar, bunun əksini düşünmək olmaz. Olar ki, qadınlarımız turistdən intervyu götürər. Biz qadınlarımızı o qədər aşağı səviyyədə təqdim edirik ki… Qızlarımızın, qadınlarımızın qeyrəti bizim qeyrətimizdi, bütün Azərbaycanın qeyrətidi. Əgər ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, polisimiz, igid oğlanlarımız onların gözünü deşər. Lakin bunu yaymaq düzgün deyil. Mənim Azərbaycanımın qadınları hamıdan namusludu, hamıdan qeyrətlidi. İndi içində bir-ikisi “elə”dirsə, bunu onların timsalında bütün Azərbaycan xanımlarına yaraşdırmaq düzgün olmaz. Mən öz qadınlarımızı Günəş, Ay hesab edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.