MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ
21-08-2019, 15:58
“İstintaqın nəticəsi haqda Azərbaycan xalqının məlumatlandırılacağını düşünmürəm”.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a açıqlamasında MİQ-29 təyyarəsinin qalıqları və pilotumuzun nəşinin gec tapılmasının səbəblərinə aydınlıq gətirib.
R. Məmmədli hesab edir ki, MiQ-29 döyüş təyyarəsinin Xəzər dənizinin üzərində qəzaya uğramasından sonra intensiv axtarış tədbirləri həyata keçirilib:
“Türkiyədən bu prosesi intensivləşdirmək üçün qrup da dəvət olunub. Biz qəzanın baş verdiyi yer və şərait haqda məlumatsızıq. Hər halda axtarışı həyata keçirənlər - Müdafiə Nazirliyi təyyarənin və pilotun tapılmasında daha çox maraqlı olub. Bununla bağlı Müdafiə Nazirliyinin ünvanına söylənən ittihamlar çox sərtdir, həmçinin vəziyyəti bilmədən tənqid və təhqir etmək qəbul olunmazdır”.
R. Məmmədli vurğulayıb ki, MiQ-29 döyüş təyyarəsinin Xəzər dənizinin üzərində qəzaya uğramasının səbəbləri ilə bağlı ötən müddət ərzində çoxlu sayda ehtimallar səsləndirilib:
“Ümumiyyətlə belə hadisələr zamanı qəzanın olmasına dair onlarla versiya söyləmək olar. Amma əsl həqiqəti, əlbəttə ki, qəzanın səbəblərini araşdıran istintaq-ekspert qrupu tapa biləcək. Çünki qəzanın səbəblərini araşdırmaq səlahiyyəti onlardadır. O ki qaldı Radio Elektron Mübarizə (REM) sisteminin bu təyyarənin qəzaya uğramasına səbəb olmasına, bunu sübut etmək lazımdır. Əlbəttə müasir hərb sahəsində REM sistemlərin imkanlarından istifadə edilməsinin sayı artıb. Ancaq Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 döyüş təyyarəsinin bu sistem vasitəsilə edilən hücumla sıradan çıxarılması da dediyim söylənilən ehtimallardan biridir. Digər tərəfdən bu təyyarələrdə REM-in müdaxiləsindən qorunmaq üçün sistem mövcuddur. Pilotumuz isə təcrübəlidir və belə hallara qarşı addım atmaq bacarığı da olub”.
R. Məmmədli təyyarədə katapultun edilməməsinin səbəblərinə də aydınlıq gətirib:
“Təyyarə uçuşdan əvvəl texniki heyət tərəfindən yoxlanılır və bundan sonra uçuşa icazə verilir. Texniki problemi olan təyyarənin uçuş həyata keçirməsinə heç bir halda razılıq verilə bilməz. Ehtimal olunur ki, qəzaya səbəb olan istənilən məsələ uçuş zamanı yaranıb və bu da təyyarənin Müdafiə Nazirliyinin təəbirincə desək, radarlardan itməsinə səbəb olub. Yəqin ki, Müdafiə Nazirliyi bu qəzaya tezliklə aydınlıq gətirə biləcək”.