“Heç vəzifədə olan nazirlər də iqtidarı müdafiə etmir, bir-birlərindən kompromat ötürürlər”

9-09-2019, 12:55           
“Heç vəzifədə olan nazirlər də iqtidarı müdafiə etmir, bir-birlərindən kompromat ötürürlər”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun keçmiş nazirlər haqqında sərt ittihamları gündəmin əsas müzakirə mövzusudur. Siyavuş Novruzov sabiqləri mövqesizlikdə, mühacirləri maliyyələşdirməkdə və YAP-a sayğısızlıqda ittiham edib. YAP-çı deputatın ittihamları müxtəlif müzakirələrə səbəb olub. “Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.
- Sərdar bəy, yəqin ki, Siyavuş Novruzovun keçmiş nazirlər haqqında səsləndirdiyi ittihamlardan xəbəriniz var...

- Bəli var və hesab edirəm ki, bu təkcə Siyavuş Novruzovun ittihamları deyildi.

- Demək istəyirsiniz ki, Siyavuş Novruzovu hansısa qüvvələr danışdırır?

- Siyavuş Novruzov YAP-ın rəhbərliyi adından danışmaq səlahiyyətinə malik 2-3 şəxsdən biridir. Həmçinin deputatdır. Bu baxımdan o, belə açıqlamaları siyasi rəhbərliyin razılığı olmadan verə bilməz. Yəni, bu özfəaliyyət deyil. Fikrimcə, keçmiş nazirlər haqqında deyilənlər bütövlükdə hakimiyyətin mövqeyini əks etdirir.

- Sizcə, keçmiş nazirlər hansı səbəbdən hakimiyyətin “yadına” düşüb?

- Hazırda ölkədə vəziyyət kifayət qədər gərgindir. Neft gəlirləri azalıb və hakimiyyətin ənənəvi idaretmə metodu artıq işə yaramır. Digər tərəfdən islahatlar barədə danışılsa da, ortada real iş yoxdur. Əksinə, islahat kimi təqdim edilən addımlar narazılığı daha da artırır. Xaricdəki bloggerlər də bu narazılıqdan yararlanaraq xalqla iş aparır. İqtidar tərəfdən isə hər hansı müavimət yoxdur. Ona görə də hakimiyyət vaxtilə ondan bəhrələnənlərə çağırış edir. İqtidar narahatlıq içindədir. Başqa səbəblər də var.

- Bəlkə həmin “başqa səbəbləri” də açıqlayasınız...

- Xarici qüvvələrin hər an ölkədə inqilabi prosesi başlada bilmə təhlükəsi var. İqtidar bunun fərqindədir. Digər tərəfdən Dağlıq Qarabağ problemi ətrafında müəyyən addımlar atılır. İqtidar isə bu addımları qəbul etmir və ciddi təzyiqlərlə üz-üzədir.

- Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həllindən söhbət gedir?

- Bəli. Azərbaycan hakimiyyətinə təzyiqlər edilir ki, bu məsələdə güzəştə getsin. Hakimiyyət də xalqın etirazından qorxur, digər tərəfdən iqtidarda milli qüvvələr də var onlar bunu qəbul etmirlər. Beləliklə, hakimiyyətə hər tərəfdən təzyiq var və xarici qüvvələrin aranı qarışdırması üçün zəmin yaranıb. Ya hakimiyyət, ya Qarabağ, ya da inqilab – iqtidar bu üçündən birini seçməlidir.

- Amma belə iddialar var ki, Dağlıq Qarabağa görə hakimiyyətə təzyiqlər olunması barədə fikirlər mövcud idarətməyə haqq qazandırmaq üçün ortaya atılıb...

- Mən qeyd etdim ki, daxildə də vəziyyət yaxşı deyil. Real addımlar atılmır və mövcud idaretmə vəziyyəti bu həddə çatdırıb. Artıq hakimiyyət yolayrıcındadır. Ya ciddi islahatlara, fundamental dəyişikliklərə gedərək, demokratik dəyərlərin bərqərar olunmasına şərait yaratmaqla gərginliyi aradan qaldıracaq, ya da ənənəvi siyasətinə sadiq qalmaqla ölkədə inqilabi proseslərin baş verməsinə səbəb olacaq. Fikrimcə, ikinci hal nə müxalifətin, nə xalqın, nə də hakimiyyətin xeyrinə olacaq.

- Sizcə, hakimiyyət bütün bunların fərqində deyil?

- Əlbəttə fərqindədir. Amma yenə də köhnə metodlardan əl çəkmirlər. İslahat yox, ishlahat imitasiyası aparılır. Bir neçə kadr dəyişiblər. Amma baxırsan ki, yeni gələn köhnədən də betərdir. Əslində, bu çox təhlükəli tendensiyadır. Təsəvvür edin, hakimiyyət islahat deyə-deyə vəziyyət pisə doğru gedir və beləliklə, cəmiyyətdə islahatlara inamsızlıq yaranır. İnsanlara deyəndə ki, islahatla problemlər həllini tapa bilər, deyirlər ki, islahat gedir amma ortada heç nə yoxdur.

Hakimiyyət isə özü-öüzünü aldadır, sanki vaxt udur. Amma vaxt hakimiyyətin əleyhinə işləyir. 30 il əvvəl müəyyənləşdirilən siyasi xəttdən imtina etmək lazımdır. İndi zaman dəyişib. Qlobal siyasətdə dəyişikliklər baş verib. 30 il əvvəlin siyasi ritorikası və addımları artıq işə yaramır.

- Sərdar bəy, Siyavuş Novruzovun keçmiş nazirlər barəsində ittihamlarını əsaslı hesab edirsiniz?

- Əlbəttə, onlar hakimiyyətin hesabına varlanıblar. Amma onlar hakimiyyəti necə müdafiə etsinlər? Özləri bataqlığın içindədirlər. Hansı üzlə xalqın qabağına çıxıb iqtidarı müdafiə edəcəklər? Kim onlara inanacaq? Keçmiş nazirlər bir yana, heç hazırda vəzifədə olanlar iqtidarı müdafiə etmirlər, edə bilmirlər. Çünki qanunsuz əməllərlə məşğuldur. Problemi yaradan çıxıb problemdən necə danışa bilər ki?!

Xarici bloggerləri maliyyələşdirməyə gəlincə, mümkündür ki, belə hal olsun. Hər halda hakimiyyətin əlində faktlar var ki, Siyavuş Novruzov bu ittihamları səsləndirib. Digər tərəfdən keçmiş nazirlər də mövcud vəziyyəti görürlər. Ona görə də müəyyən qüvvələrlə təmas qura bilərlər.

Bu, həm də hakimiyyət daxilindəki ziddiyyətlərlə bağlıdır. Hazırda vəzifədə olanların da xaricdəki bloggerlərə maliyyə, informasiya ötürdüyü istisna deyil. Onlar da gələcəklərini təmin etmək baxımından bu addımı ata bilərlər. Təsəvvür edin, bir də görürsən xaricdən elə məlumat yayılır ki, heç ondan Azərbaycanda olanların xəbəri olmayıb. Deməli, bu məlumatlar ötürülür də. Bir-birlərindən kompromat ötürürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.