Keçmiş səfirdən müharibə anonsu
14-09-2019, 10:03
Teref.az Oxu.Az-a istinadən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin müsahibəsini təqdim edir:
- Bir neçə həftə əvvəl bütün dünyanın diqqəti gərginliyin açıq şəkildə silahlı qarşıdurmaya çevrilə biləcəyi Hörmüz boğazına yönəldi. Hərbi gəmilər Fars körfəzinə doğru istiqamət götürdü. Bir neçə neft tankeri saxlanıldı. Bu gün isə ABŞ prezidenti Donald Tramp Tehranı dialoqa çağırır. Öz növbəsində İran prezidenti Həsən Ruhani ABŞ-la ikitərəfli danışıqların mümkünlüyünü istisna edib. Bununla belə, o, Vaşinqtonun sanksiyaları aradan qaldıracağı və Trampın İranla atom müqaviləsini bərpa edəcəyi təqdirdə rəsmi Tehranla 5+1 nüvə formatı çərçivəsində dialoqların ola biləcəyini vurğulayıb. Bu, siyasətin hansı formasıdır?
- Donald Tramp ABŞ prezidenti seçilməmişdən əvvəl İranın nüvə proqramının əleyhdarı olub. O, Tehranı proqramından çıxmaqla hədələyib və yeni müqavilələrin imzalanmasının vacibliyini qeyd edib. Prezident seçildikdən sonra Tramp Tehranı müzakirələrə dəvət etsə də, İran razılaşmadı. Nəticədə Tramp il yarım əvvəl nüvə razılaşmasını tərk etdi və İran əleyhinə sanksiyalar tətbiq etməyə başladı. Son illərdə isə sizin də qeyd etdiyiniz kimi, Vaşinqton hərbi gəmilərini Hörmüz boğazına çıxardı. Ağ Ev bu addımları və eyni zamanda iqtisadi sanksiyaları ilə İranı danışıqlara məcbur etməyə və onu yeni öhdəliklərlə “yükləməyə çalışırdı”.
Hörmüz boğazında baş verən gərginliklərə baxmayaraq, hər hansı silahlı qarşıdurmadan söhbət gedə bilməzdi. Müsahibələrimdə dəfələrlə qeyd etmişəm ki, hərbi müdaxilə olmayacaq. Bu heç də ABŞ-ın kifayət qədər gücə sahib olmaması mənasına gəlmir. Əlbəttə ki, ABŞ daha böyük imkanlara sahibdir. Ancaq bu, faktorlardan yalnız biridir.
Yeni müharibənin başlamasına imkan verməyəcək qüvvələr də var. Çünki Fars körfəzində açıq hərbi qarşıdurma olsa, bütün region savaşa sürüklənəcək və bu təbii ki, Avropaya mənfi təsir göstərəcək. Körfəz ölkələri hərbi əməliyyatlara qarşı çıxır. Çünki müharibədən təkcə İran yox, qonşu dövlətlər də ziyan çəkəcək.
Bundan əlavə, Tehranın ABŞ-ın Fars körfəzindəki hərbi bazalarına cavab zərbəsi endirmək üçün hər cür imkanı var. İranın son illərdə raket sistemlərini və hərbi dəniz qüvvələrini xeyli gücləndirdiyini unutmaq olmaz. Tehran Hörmüz Boğazında kəşfiyyat işləri aparan Amerika PUA-larını vurdu. Pentaqon isə bunu gözləmirdi.
Tramp əvvəlcə İrana hücumla bağlı çıxış etsə də, sonradan müharibənin kütləvi insan tələfatına yol açacağı barədə açıqlama verərək bu plandan imtina edib. Bu zaman ABŞ İraq, Suriya, Əfqanıstanda hərbi əməliyyatlar keçirir, bu regionlarda isə yüzlərlə, minlərlə günahsız insanlar ölürdü. Tramp prezident Həsən Ruhanini danışıqlara dəvət edir, amma bununla yanaşı sanksiyaları ləğv etmir və Tehrana qarşı iqtisadi terror siyasəti yürüdür.
- Sələflərindən fərqli olaraq, prezident Tramp daha çox sülhsevər siyasətə meyillidir. Buş, Obama, Klinton Amerikanın maraqları üçün hərbi müdaxiləyə əl atırdılar, Ağ Evin hazırkı rəhbəri isə hərbi ritorikadan istifadə etsə də, reallıqda iqtisadi sanksiyalarla kifayətlənir. Bu nə ilə əlaqədardır?
- Trampın müharibə istəməməsi onun bir biznesmen kimi müvafiq hesablamalar aparması ilə əlaqələndirilir. Belə ki, 2001-ci ildən bu yana ABŞ müharibələrə 6 trilyon dollardan çox pul xərcləyib. Bəs onlar istəklərinə nail ola biliblər? Tramp Suriya, İraq və Əfqanıstandan ABŞ hərbi kontingentinin çıxarılması barədə niyyətini dilə gətirib. ABŞ lideri xərclərin çox olacağını, uğurun isə təminatının olmamasını dərk edir.
Digər tərəfdən, Tramp beynəlxalq aləmdə ABŞ üçün böyük problemlər yaradıb. II Dünya Müharibəsindən sonra ABŞ-la digər ölkələr arasında stabil qarşılıqlı münasibətlər sistemi qurulub. Bu sıraya həmçinin Vaşinqton və Pekin, Ağ Ev və Kreml arasındakı münasibətlər daxildir. Tərəflər aralarındakı münasibətləri bir şəkildə tənzimləsələr də, Trampın prezident seçilməsi ilə vəziyyət dəyişdi. Yeni prezident dünyadakı köhnə qarşılıqlı münasibətlər sistemini dağıtdı.
Tramp Çin ilə ticari və iqtisadi müharibəyə başladı, Meksika ilə münasibətləri pisləşdirdi və bir sıra beynəlxalq müqavilə və protokollardan çıxdı. Avropa ölkələrinin ABŞ-ın müttəfiqi və NATO-nun üzvü olmasına baxmayaraq, Amerika prezidenti onlara da narahatlıq yaradır. Ona görə də bu gün Avropa Vaşinqtonun nəzarətindən çıxmağa çalışır. Və deyə bilərik ki, Trampın yürütdüyü siyasət çıxış yolu axtarmağa başlayan və artıq divident əldə edən Avropa, Çin və Rusiyanın xeyrinə işləyir.
Qeyd etdiyiniz kimi, Trampın sələfləri Əfqanıstan və İraqa hücum ediblər. Lakin ABŞ, Kabildəki vəziyyətdən də açıq şəkildə göründüyü kimi, bu müharibələrdən əhəmiyyətli bir nəticə əldə etmədi. Trampın danışıqları dayandırdığı “Taliban”la bağlı problem həll olunmur. İraqda da vəziyyət mürəkkəbdir. Vaşinqtonun Suriyada da bəxti gətirmədi, 8 illik müharibə və ölkənin fəlakətli vəziyyətinə baxmayaraq, prezident Bəşər Əsəd rejimi hələ də hakimiyyətdədir. Yəməndə sabitlik yoxdur. Fələstin problemi hələ də həll edilməyib. Vaşinqtonda bunu artıq hamı anlayır.
Bununla yanaşı, İran istər geopolitik mövqe, istərsə də hərbi güc baxımından Əfqanıstan və İraq deyil. Buna görə də Tehranla hərbi qarşıdurma olsa, Ağ Ev məqsədlərinə çatacağına əmin deyil. İranın nüvə proqramına gəldikdə isə, bu, elmi sualdır. İranın nüvə alimlərinin qazandıqları uğurları silahlı hücumla məhv etmək olmaz. Biliyə qalib gəlmək olmaz.
- İran prezidenti Həsən Ruhani bu yaxınlarda nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində Tehranın öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinin həyata keçirildiyini elan etdi. Üçüncü mərhələ, İran nüvə proqramının sürətlə inkişafına səbəb ola biləcək sentrifuqaların inkişafını əhatə edir. Bu, bir çox dövlətlərin, o cümlədən AB ölkələrinin narahatlığına səbəb olur.
- İranın atdığı addımlar, ABŞ-ın nüvə proqramından çıxması və Avropanın öhdəliklərini yerinə yetirməməsi ilə izah olunur. Tehran buna cavab olaraq sazişin 36-cı maddəsinə əsasən, öhdəliklərini azaldacağını bəyan edib. İran bir tərəfdən sentrifuqalar tikərkən, digər tərəfdən də uranın zənginləşdirilməsinin faiz səviyyəsini artırır. Biz əvvəllər bu istiqamətdə tədqiqatları dayandırsaq da, indi onu yenidən gücləndiririk. İranın ali rəhbəri nüvə silahını inkişaf etdirməyə çalışmadıqlarını açıqladı.
Avropa Birliyi Hərtərəfli Birgə Fəaliyyət Planını qanuni şəkildə dəstəkləsə də, iqtisadi cəhətdən heç nə etmir. Tehran öz neftini sata bilməsi və bank sisteminin işləməsi üçün Avropadan kömək gözləyir. Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmir, amma Tehranı sazişin tələblərinə əməl etməməkdə ittiham edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana səfər edərək Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı rəhbərliyi ilə görüşlər keçirib. Danışıqlar zamanı bu prosesin birtərəfli olması, İranın öhdəliklərini yerinə yetirməsi, lakin rəqiblərinin öhdəliklərə əməl etməməsi ilə bağlı suallar meydana çıxıb.
Əgər ABŞ İran əleyhinə sanksiyalardan imtina edib, danışıqlara geri dönsə, İran danışıqları 5+1 formatında bərpa etməyə razıdır. Avropa, Yaponiya, Qətər, Oman bu məsələdə vasitəçi olmağa çalışır. Bu yaxınlarda Fransa prezidenti Makron İrana öz neftini Yaponiya, Çin, Hindistana satıb, əldə etdiyi gəliri problemlərinin həllinə yönəltməsi üçün kredit xətti təklif edib.
- Bununla yanaşı, Vaşinqtonun İrandan neft və neft məhsulları alan ölkələrə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Tehran öz neftini Çinə satmaqda davam edir.
- İran neftinə gəldikdə, sanksiyalar onun satışında ciddi azalmaya səbəb olub. Lakin Tehran “qara qızıl”ını müxtəlif yollarla satır. İran hakimiyyəti alternativ mənbələrdən maliyyə axınının təmin edilməsi ilə ölkə büdcəsində neft gəlirlərinin payını azaltmağa çalışır.
Çin neft almağa davam edir. Bu yaxınlarda İranın Xarici İşlər naziri Cavad Zərif Çinə gedərək danışıqlar apardı. Tehran və Pekin arasında 25 illik müqavilə yeniləndi. Müqaviləyə əsasən, Çin 5 il ərzində İranın neft, qaz və neft-kimya sahələrinə 280 milyard dollar sərmayə qoyacaq.
Pekin İranın nəqliyyat və istehsal infrastrukturuna da 120 milyard dollar investisiya yatıracaq.
Üstəlik, Tehran Rusiya, Türkiyə, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzinin digər ölkələri ilə də fəal əməkdaşlıq edir. Vaşinqton Əbu-Dabini Tehranla üz-üzə qoymağa çalışsa da, Əmirliklər bunun onların ziyanına olduğunu anlayanda siyasi kursu dəyişdi. Axı Əbu-Dabinin İranla ticarət sahəsindəki əməkdaşlığı hər il 10-15 milyard dollar təşkil edir. Müharibə isə hər iki tərəfə ciddi ziyan vura bilər.
- Bəzi proqnozlara görə, Vaşinqtonun İran əleyhinə sanksiyaları İran iqtisadiyyatının çökməsinə, əhəmiyyətli sosial problemlərə, vətəndaş itaətsizliyinə və Tehrandakı rejimin dəyişməsinə səbəb olacaqdı. Bəs İran iqtisadiyyatı daha sərt iqtisadi sanksiyalara tab gətirə biləcək?
- İndi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton, hətta digər dövlət katibi Mayk Pompeo və digər radikal görüşlü dairələr də sanksiyaların İranda qiymət artımına, iqtisadi və sosial problemlərə səbəb olacağı barədə rəy yaratmağa çalışırlar. Onlar əhalinin İran rəhbərliyinə qarşı çıxacağını və hakimiyyət dəyişikliyi olacağını deyirdilər. Mən bu variantı istisna edirəm. Qərb hətta 2019-cu ilin yanvarında İranda rejimin dəyişəcəyini elan edərək üç ay vaxt qoydu. Amma bu proqnoz özünü doğrultmadı. Əksinə, Qərbin radikal tədbirləri İranda xalqın xarici düşmənə qarşı birləşməsinə səbəb oldu.
İqtisadi məhvə gəlincə, bu olmayacaq. İran iqtisadiyyatı təkcə neftdən asılı deyil. Bəli, sanksiyaların nəticələri ilə əlaqəsi olmayan daxili problemlər var. Ölkədə yüksək inflyasiya mövcuddur - son 2 ildə İran rialı 3 dəfə dəyər itirib. İşsizliyin səviyyəsi yüksək həddədir, bank sistemində çatışmazlıqlar var, amma hökumət vəziyyəti sabitləşdirmək üçün addımlar atır. Nəticədə, bu gün inflyasiya və işsizlərin sayında artım yoxdur. Son dövrlərdə dolların kursu aşağı düşüb. Əlbəttə ki, iqtisadi problemlər bir gündə həll oluna bilməz, amma hakimiyyət onların dərinləşməsinin qarşısını almağa çalışır. İqtisadi islahatlar, iqtisadiyyatı və bank sistemini sağlamlaşdırma tədbirləri mütləq lazımdır. Monopoliyanı aradan qaldırmaq, düzgün iqtisadi sistem qurmaq lazımdır.
Neft ticarətinin həcminin azalmasına baxmayaraq, bu gün İran gündə 1 milyon barelə qədər “qara qızıl” satır. Biz Barak Obamanın da sanksiyalarına baxmayaraq, neft ticarətini davam etdirirdik. Bundan əlavə, İranın güclü neft-kimya sənayesi, zəngin mineral ehtiyatları var. Bütün bunlar bizə kömək edir. Biz 15 qonşu ölkə ilə əməkdaşlıq edirik. Yəni sanksiyalar iqtisadiyyatımızın çökməsinə səbəb olmasa da, əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər.