Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
16-09-2019, 07:11
“Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunub”.
Bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı Mir Şahinin suallarını cavablandırarkən deyib.
General bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub:
“Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.
İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.
Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.
Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.
Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib.
Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır”.
General komissiya üzvlərinə tam şəkildə inandığını bildirib.
Z.Həsənov həmçinin deyib ki, bu hadisədən sonra ABŞ-da müasir F-18 qırıcısı, onun ardınca Hindistanın Rusiyadan aldığı ən müasir Su-30, bunun ardınca isə Pakistanda və Rusiyada qırıcı qəzaları oldu: “Əgər qırıcıda xəta olsaydı, biz bunu açıq şəkildə ictimaiyyətə deyərdik. Çünki ən müasir təyyarədə nöqsan olursa, texniki problem olursa, bizdə niyə olmasın? Hətta pilotun səhvi olsaydı, onu da deyərdik. Çünki pilotlar səhv edirsə, bizdə də ola bilərdi. Təəssüf ki, ən müasir təyyarələrdə də bunlar baş verə bilər. Bu, döyüş hazırlığı ilə bağlı deyil, təəssüf ki, belə qəzalar olur”.
General bildirib ki, bu hadisədən sonra biz bütün təyyarələrimizi bir daha yoxladıq:
“Kimlərsə deyir ki, bu təyyarələrimiz köhnəlib. NATO dövlətlərində 70, 80-ci illərin F-16-ları uçur. Vaxtlı-vaxtında o təyyarələr təmir edilir, yeni texnikalarla təchiz edilir. Əgər müqayisə etsək, həm NATO, həm də keçmiş Sovet ölkələrində uçan təyyarələrin 80 faizi 70-80-ci illərin təyyarələridir”.
Axar.az