Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı Türkiyədən şok açıqlama: "sülhməramlılara güvənmək olmaz".
26-03-2021, 19:37

"Müharibədən sonra imzalanan müqavilə bir çox çəhətdən Azərbaycanın beynəlxalq mənafeyinə və milli maraqlarına uyğundur. Fəqət, rus sülhməramlılarının regiona qayıtması, rəsmi Bakı üçün narahatlıq mənbəyidir. Kremlin ənənəvi siyasətinin Ermənistanı dəstəkləməsindən ibarət olduğunu nəzərə alsaq, deməli, həqiqətən, sülhməramlılara güvənmək olmaz". Teref.az bildirir ki, bunu beynəlxalq münasibətlər üzrə türkiyəli mütəxəssis, ANKASAM Araşdırmalar Mərkəzinin eksperti Doğacan Başaran “Sherg.az”-ın suallarını cavablandırarkən deyib
"Üstəgəl, Qarabağdakı ermənilərə rus pasportlarının paylanmasına dair xəbərlər də narahatlıq yaradır. Rəsmi Moskvanın eyni həmləsinin Luqansk və Donetskdəki nəticəsi hər birimizə məlumdur. Ona görə də Azərbaycan situasiyaya soyuqqanlı yanaşmalı və hər prosesə hazırlıqlı olmalıdır. Buna baxmayaraq, eyni ssenarinin Qarabağda təkrarlanacağını düşünmürəm. Çünki Türkiyə Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüyünün təhlükəsizliyi kimi görür. Ona görə də Rusiyanın belə bir əməliyyatına icazə verməz. Həmçinin dünyadakı çoxqütblülüyü nəzərə alsaq, Rusiyanın Türkiyəyə ehtiyac duyduğu da məlumdur. Məncə, Kreml Qarabağdakı ermənilərə pasport paylayaraq orada vətəndaşları olduğu iddiasını təzyiq aləti kimi istifadə etmək niyyətindədir" deyə Başaran əlavə edib.
"Xankəndi, Xocalı və Əsgəranın taleyi ilə bağlı nə düşünürsünüz" sualına cavab olaraq ekspert deyib: "10 noyabr razılığına görə, Azərbaycan həmin əraziləri işğaldan azad etmiş hesab olunur. Həmçinin gələcəkdə bu torpaqlarda azərbaycanlılarla ermənilərin birlikdə yaşaya bilməsi təsdiq edilib. Əlbəttə, bu, iki tərəf arasında toqquşma ehtimalı yaradır. Amma türklər öz torpaqlarında yaşayan azlıqlara həmişə humanist yanaşıblar. Dinc erməni əhalisi sülh əleyhinə addım atmadığı müddət ərzində Azərbaycan hakimiyyətinin humanizmi ilə qarşılaşacaq".
Zəngəzurun taleyi ilə bağlı danışarkən isə Başaran deyib: "Təəssüf ki, Zəngəzurda vəziyyət bir az fərqlidir. Orada işğal davam edir. Zəngəzur coğrafi baxımdan, strateji cəhətdən mühüm yerdir. Belə ki, həmin rayon İran, Naxçıvan və Türkiyə arasında əlaqəni təmin edir. Həmçinin Naxçıvan dəhlizi ilə bağlı proseslərdə də Zəngəzur mühüm rol oynayır. Məlum razılıq sözügedən məsələdə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Lakin rəsmi Bakı məsələni diplomatik baxımdan həll etmək üçün səy göstərməlidir. Və göstərəcək. Hətta hərbi əməliyyatlar başlansa, Zəngəzurun azad edilməsi prioritet olmalıdır. Azərbaycan heç bir halda sülhü pozmuş sayılmayacaq".