Emin Hüseynov Əvəz Zeynallıya müsahibə verib

21-05-2016, 15:07           

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı hazırda İsveçrədə mühacirətdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovla görüşüb və müsahibə alıb. Bu barədə Ə.Zeynallı musavat.com-a açıqlamasında bildirib.

Müsahibimizin sözlərinə görə, E.Hüseynovun səhhəti və əhvalı düzəlib: “Emin indi yaxşıdır. Əvvəl bir az pessimist idi, həvəsdən düşmüş görünürdü, indi yaxşıdır, müəyyən dərəcədə özünə gəlir. Avropada əsas danışıqların aktyorlarından biridir”.

Müsahibimiz bildirdi ki, E.Hüseynov yaxın zamanlarda Azərbaycan mediası ilə bağlı layihələrə start verəcək. Onun sözlərinə görə, Avropada Azərbaycan mediası ilə bağlı yanlış fikirlər yayılır. Ölkə mediasının satılması, sıradan çıxması barədə formalaşdırılan yanlış rəy ümumi işə mənfi təsir edir: “Bu yayılan yanlış rəyin də məqsədi beynəlxalq miqyasda ayrılan maliyyənin Azərbaycan mediasını yönləndirilməsinin qarşısını almaqdır”.

Ə.Zeynallı dedi ki, yaxın zamanlarda Emin Hüseynovun Bakıya qayıtmağı mümkün deyil: “Bilirsiz ki, o, daha öncə prezidentə müraciət edərək vətəndaşlıqdan imtina edib. Prezident də onu vətəndaşlıqdan çıxarıb. Amma indi hüquqi məsələlərlə bağlı müəyyən addımlar atır”.

Ə.Zeynallı dedi ki, E.Hüseynovun hazırda RATİ-dən daha geniş planları var. Həmkarımız bizi maraqlandıran bütün sualların cavablarını sabah stateq.az saytında yayımlanacaq müsahibədə tapa biləcəyimizi dedi.
Musavat.com xatırladır ki, bu müsahibə E.Hüseynovun Azərbaycan mediasına verdiyi ilk müsahibədir. O, bu günlərdə Vaşinqtona səfəri zamanı ABŞ administrasiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri və Amerika qanunvericiləri ilə bir sıra görüşlər keçirib. Amerikanın Səsinin “Amerika icmali” proqramının qonağı olan Emin Hüseynov Amerikadakı görüşlərdə müzakirə edilən məsələlər, Azərbaycanda media azadlıqları və öz fəaliyyəti haqda danışıb:
“Səfərin əsas məqsədi Azərbaycanda insan haqlarının durumu ilə bağlı ictimai vəkillik aparmaq, ABŞ-ın rəsmi qurumları, həmçinin qanunverici hakimiyyətin nümayəndələri ilə görüşüb, onları Azərbaycanda baş verənlərlə bağlı məlumatlandırmaq və ümumi fikir mübadiləsi aparmaqdan ibarət idi”-deyə Emin Hüseynov bildirib.

O, ABŞ Konqresi, icra hakimiyyəti qurumları, həmçinin yerli və beynəlxalq təşkilatlarda görüşlər zamanı növbəti illər üçün görüləcək işlərlə bağlı məhsuldar müzakirələrin aparıldığını deyib.

E.Hüseynov 2014-cü ilin avqustundan İsveçrə səfirliyinə sığınmışdı. Hakimiyyət ona qarşı cinayət işi qaldırıb və həbs etmək istəyirdi. Digər hüquq müdafiəçisi kimi, ona qarşı qanunsuz fəaliyyət, vergidən yayınma və s. ittihamlar irəli sürülüb. 2015-ci ilin iyununda İsveçrəyə mühacirət edən E.Hüseynov prezident İlham Əliyevə müraciət edərək vətəndaşlıqdan imtina edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.