Rəsul Quliyev Mirmahmud Mirəlioğluna: “Yekəxana ifadə işlətməsin”

1-06-2016, 23:09           
Rəsul Quliyev Mirmahmud Mirəlioğluna: “Yekəxana ifadə işlətməsin”
Milli Məclisin sabiq spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy haqqında yeni iddialar ortaya atıb.

O, 28 may Respublika günü ilə bağlı fikirlərini bölüşərkən “Rəsulzadə birinci, Elçibəy isə ikinci müstəqilliyin banisi deyil” deyə bildirib. Onun bu açıqlaması tənqid obyektinə tuş gəlib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, bu fikirlər nə reallığa uyğundur, nə də tarixi faktlara.

“Amma, deyərdim ki, Rəsul bəyin əhval-ruhiyyəsinə uyğun bir cavabdır. Hətta, deyərdim ki, Rəsul Quliyevin Rəsulzadə və Elçibəy haqqında dediyi fikirlər tənqidə layiq deyil. Ola bilər ki, boş vaxtı çox olur və bu məsələlərə çox vaxt ayırır. Bu məsələlərlə bağlı heç vaxt fikrini dəyişmir”

Rəsul Quliyev isə Mirmahmud Mirəlioğluna cavab verib. O, Modern.az saytına açıqlamasında deyib ki, belə insanların söylədiklərinə fikir bildirməyi mənasız hesab edir.

“Mən yazılarımda tarixi faktlara, onlar isə bazası olmayan emosiyalara söykənirlər. Belə bazasız emosional fikirlər, düşüncələr Azərbaycanı bu günə gətirib çıxarıb. Mən əsasən gənc nəslə müraciət etmişdim, normal və sivil xalq üçün dahizm və banizmin fundamental ziyanını izah etmişdim. Bunu bugünkü vəziyyətimizin əsas səbəblərindən biri kimi göstərmişdim. Bu ictimai xəstəlikdən qurtarmağın vacibliyini vurğulamışdım. Həyatda heç bir real nəticə verməyən yaşamışları kimlərsə özünə bani, dahi qəbul etməsi öz işləridir”.

R.Quliyev bildirib ki, Əbülfəz Elçibəy bizim müasirimizdir.

“Mənim Elçibəylə təmasda olduğum vaxt bütün əməkdaşlarının onunla keçirdiyi vaxtdan çox olar. Hər halda, mənim Elçibəyə bir insan kimi hörmətim və rəğbətim sonsuzdu. Düşünürəm ki, Elçibəy özü sağ olsaydı, onu dahi adlandırmağa heç vaxt imkan verməzdi. Mən kimlərinsə kimlərisə özlərinə dahi və ya bani seçməsinin əleyhinə çıxış etmirəm. Yaxşı olar ki, başqaları da öz məhdud biliklərini gizlətmək üçün yekəxana ifadələr işlətməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.