İcra başçısı: Artıq onlar reketliyə keçiblər - MÜSAHİBƏ

21-06-2016, 11:27           
İcra başçısı: Artıq onlar reketliyə keçiblər - MÜSAHİBƏ
teref.az Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- İbrahim müəllim, “Sovetski”də işlər necə gedir?

- Bizdə bir neçə layihə var. Yollar çəkilməlidir, park salınmalıdır. Artıq yolların çəkilməsinə başlanılıb. Abdulla Şaiq küçəsinə gəlincə, orada da işlər görülür. Təxminən 20 ev axıra qalıb ki, onlar çox kapriz göstərirlər. Ürəklərindən nə keçirsə, onu istəyirlər. Məsələnin bir tərəfini deyim ki, eləsi var orada yaşamır. Deyirik ki, gəl müqavilə bağlayaq, pulunu verək, çıx get. Deyir ki, mənim dediyim məbləği verirsinizsə, gəlim. Soruşuruq nə qədər istəyirsən, deyir 150 min manat. Deyirik, sənin evinə nə qədər pul düşür, cavab verir 32 min manat. Bəs 32 minin əvəzinə 150 min necə verək? Bu, büdcədən ayrılan puldur, biz sənə bu qədər pul verə bilmərik axı... Ya da təklif edirəm ki, sizə şəhərin yaxşı yerində bu evin həcmindən də 10 kvadratmetr artıq ev alıb verək. Aparırıq, göstəririk , yenə deyir ki, yox, mümkün deyil, mən bunu istəmirəm. Səhəri gün isə gəlir ki, iki dənə ev tapmışam, biri Suraxanıda, biri də Xırdalanda, gedin, mənə o iki evi alın. Büdcədən ayrılan vəsaiti biz istədiyimiz kimi xərcləyə bilmərik, mən dövlətin puluna xəyanət edə bilmərəm. Sabah məni də yoxlayacaqlar, mən bu pula görə başımla cavab verəcəyəm. Deməzlər ki, sən nə ixtiyarla bu evlərin kvadratına bu qədər pul vermisən, haradan vermisən bu pulu?

- Bəs nə edəcəksiz? Problemi necə yoluna qoymağı düşünürsünüz?

- Artıq onlar reketliyə keçiblər. Mən aldığım evi sökürəm. Biz dövlət tərəfindən pul verib o evləri almışıq. Onları sökəndə gəlib müqavimət göstərirlər, tərbiyəsiz sözlər danışırlar. Elə vəziyyət yaradırlar ki, kimsə məcbur qalıb onlarla əlbəyaxa olsun. Siz bilirsiniz də “Sovetski” necə yerdir. Orada xırda bir şeydən böyük bir hadisə yarana bilər. Ona görə də həmişə polisdən nümayəndə çağırıram ki, buralarda ol, nəsə hadisə baş versə, müdaxilə edin, asayişi qoruyun.

- Bugünlərdə sakinlərlə icra hakimiyyəti əməkdaşları arasında narazılıq olmuşdu orda...

- Bəli. Belə bir hadisə oldu. Sakinlərdən biri polisə müqavimət göstərdi. Heç mən polisə demədim ki, bunu apar, ya aparma. Polis bunu götürdü qoydu maşına, götürüb apardı.

- O vətəndaşın axırı necə oldu?

- Vətəndaşın adı Zabur idi. Polisə aparılandan sonra mən də onu çağırdım. Gəldi, danışdıq. Dedim ki, evini, ətrafda sənə məxsus olan hər şeyi ölçüb-biçək. Nə kompensasiya düşürsə, hamısını verək. Eyvana da, dəhlizə də, tualetə də kompensasiya verək. Razılaşdı, hamısını hesablayıb verdik. Polisə gedib gələndən sonra adam oldu. Biri də var idi, arxitektur binada yaşayırdı. Onu da polis aparmışdı.

- Faiq idi, deyəsən, onun adı...

- Bəli, Faiqdən danışıram. Faiqi mən 4 dəfə kabinetimə çağırmışam, söhbət eləmişəm. Demişəm ki, a kişi, sənə nə lazımdırsa, gəl ürəyindəkini de. Orada bir az yer zəbt edib, deyir ki, buranı vaxtilə mən götürmüşdüm, onun da pulunu ver. Deyirəm, axı sənədin, sübutun yoxdur, zəbt eləmisən, dövlət bunun pulunu necə versin?! Qonşuluğunda ona aid olmayan bir yeri sökürsən, gəlir təhqir edir, ağzına gələni deyir. Axırda məni hədələyir ki, görərsən, mən səni türməyə göndərəcəyəm. Mənə deyir... Ona baxmayaraq, bu gün yenə sifariş göndərmişəm ki, Faiq kişi, gəl oturaq söhbət edək. Çünki onun üstündəki adamlar köçür (üst mərtəbədəki- red.). Ağsaqqal adamdır da. Nümayəndələrim bu gün də gediblər, mənim ünvanıma iki-üç dənə layiqsiz söz işlədib, deyib ki, mən onun yanına getməyəcəyəm. Bax indi mən neyləməliyəm?

- İbrahim müəllim, gerçəkdən siz indi neyləməlisiniz? Evindən çıxmayan vətəndaşla necə davranacaqsınız?

- Nazirlər Kabinetinin qərarı var. Ancaq bu qərarı mən necə yerinə yetirim?! Mən orada bütün söküntülərə gedirəm. Deyirəm ki, bax sənin evini daşıyıram, sənə iki aylıq kirayə pulu verirəm, daşınma pulu verirəm, evinin pulunu verirəm, eyvanını da hesablayıb verirəm. Qayıdıb deyir ki, mən evimin damını metlaxla işləmişəm, o da mənim əmlakımdır, damımı ölç, oranın da pulunu mənə ver. Belə mümkün deyil axı...
Bax mən belə insanlarla rastlaşıram, bilmirəm nə edim. Yenə də hövsələmi basıram, əsəblərimi boğuram, deyirəm, lənət şeytana. Yenə girirəm həmin adamın qoluna, yenə başlayıram onunla sakit dillə danışıram. Deyirəm, ay qardaş, bu mənim qərarım deyil. Belə olmaz axı. Elə ev var ki, mən oraya 5 dəfə getmişəm, həmin ailə ilə dəfələrlə söhbət eləmişəm. Elə adam var ki, çağırıram, gəlir və söhbət əsnasında razılaşır. Gedib deyir ki, mən heç bilməzdim icra başçısı bu qədər humanist adamdır.

- Yəni söhbət aparmaq lazımdır, iş aparmaq lazımdır, eləmi?

- Biz onsuz da iş aparırıq. Sadəcə, elə çətin tiplər var ki, onlarla dil tapmaq, razı salmaq çox çətindir.

- Evlərinin kvadratmetri az olan vətəndaşlar deyir ki, onlara verilən kompensasiya ilə gedib heç yerdən ev ala bilməyəcəklər. Belə sakinlərə əlavə kömək edirsinizmi?

- Müəyyən köməklilər, güzəştlər olur. Deyirəm, gedək, həmin pula mən sənə bundan da yaxşı şəraiti olan, 10 kvadrat da artıq olan ev alım verim. Bir həkim var, heç orada yaşamır. Di gəl ki, od-alovdur. Dünən aparıb ona çox gözəl şəraiti olan ev göstəriblər. Deyib yox, siz mənə 100 minlik ev almalısınız. Bu, artıq reketlikdir.


- “Sovetski”də sökülən bəzi binaların tarixi bina olduğu haqda iddialar yayıldı. Böyük ajiotaj da yaşandı. Siz bir icra başçısı kimi həmin binaları tarixi abidə hesab edirsinizmi?

- Bu tarixi binalar komissiyanın razılığı ilə siyahıdan çıxarıldı. Komissiya da kimlərdən ibarətdir?Nazirlər Kabinetinin, AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərin razılığı ilə oldu. Ancaq həmin binalar, sadəcə, o dövrdə tikilmişdilər, vəziyyətləri isə biabırçı gündə idi. Siz onları görsəydiniz, deyərdiniz ki, bunun nəyi tarixdir.

- Bəs deyirlər həmin binaları bərkitmə işləri görüb saxlamaq olardı...

- Birincisi, o binalar yolun üstünə düşmüşdü. İkincisi də bərkitmə işləri üçün çoxlu xərc lazım idi. Yadınıza salırsınızsa, Qış bulvarı salınanda bir tarixi binanı sürüşdürmək üçün 2 milyon manatdan çox xərc çəkdilər, sonra da çat-çat oldu, məhv oldu getdi. Bu binaları harayasa çəkmək, sürüşdürmək, bərpa eləmək qeyri-mümkündür. Özü də həmin binalar tikildiyi gündən indiyədək intensiv istifadə olunublar. Bu üzdən də texniki cəhətdən çox pis vəziyyətə düşüblər. Yəni Faiqin yaşadığı bina tarixi binalardan biridir, ancaq gəlib onun arxasına baxsanız görərsiniz ki, ovulub tökülür, pis vəziyyətə düşüb. Divarında sement yox, qum yox. Hamısı gillə tikilib. Əl vuran kimi ovulub gedir, hamısı toza dönür. Yəni bu binanın tarixiliyini şərtləndirən üstündəki 5-6 element idi. O elementləri də sökdük, qoymuşuq bir qırağa ki, hər hansı bina tikiləndə o binalarda bu elementlərdən istifadə olunacaq. Orada 3-4 obyekt var ki, Abid müəllimin (Abid Şərifov-red.) göstərişi ilə onları saxlayırıq. Ancaq dediyim kimi, bu Faiqin yaşadığı bina texniki baxımdan biabırçı vəziyyətdədir. Biz onu saxlaya bilmirik. Komissiyanın razılığı ilə üstündəki elementləri də söküb çıxartdıq.

- Bəs sakinlər niyə narazılıq edirlər?

- Biz bu işə çox şəffaf və obyektiv yanaşırıq. Heç kimi incitmirik. Ola bilməz ki, biz orada kiminsə kompensasiyasını əskik verək. Artıq veririk, əskik vermirik. Samir Şərifovla, Abid Şərifovla bir neçə dəfə görüşmüşəm. O vəziyyətə gətirib çıxarırlar ki, bizim başqa yolumuz qalmır. Adamın nə qədər qoltuğuna girib dilə tutmaq olar?! Axı bu, dövlətin qərarıdır.

- Narazı qalan sakinlərin başqa hansı arqumentləri olur?

- “Qorqud” Assosiasiyasının prezidentinin də orada 3 mərtəbəli binası var. Çağırdım kabinetimə, söhbət elədik. Dedim ki, bu bina sökülməlidir, yolun üstünə düşür. 1500 manatdan hesabladıq ki, buna təxminən 950 min manat pul düşür. Deyir ki, yox, bu pul mənə azlıq edir. Soruşuruq bəs nə istəyirsən? Dedi ki, sən kənara dur, mən bu işi verəcəyəm məhkəməyə, məhkəmə yolu ilə buradan milyon yarım pul alacağam. Dedim ki, sən bir az ağıllı ol, dövlətin hesabına varlanmısan, indi də dövlətin əleyhinə gedirsən. Belə insanla nə etmək lazımdır?! Evinə gedən qazı, suyu, işığı kəsdik. Səhəri gün gəldi ki, bağışla, səhv eləmişəm. Razılaşdı, pulu aldı, çıxdı getdi. Ona görə də bizə başqa yol buraxmırlar. Məcburuq həmin adamların işığını, suyunu, qazını kəsək ki, gəlsin razılaşsın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.