“Elçibəy iyun həqiqətlərini sona qədər demədi və doğru etdi”

3-07-2016, 23:41           
“Elçibəy iyun həqiqətlərini sona qədər demədi və doğru etdi”
Arif Əliyev: “Vicdan üzərində siyasi münasibətlər və hakimiyyət qurula bilməz”
Azərbaycanın müstəqillik tarixində ən ziddiyyətli dövrlərdən birinin də 4 iyun hadisələrinin olduğunu desək, yanılmarıq. 1993-cü ildə baş verən məlum proseslər hələ də müzakirə mövzusudur. Üstündən 23 il keçsə də, baş verənlər nəinki unudulub, əksinə, hadisələrlə bağlı hər il yeni-yeni faktlar, iddialar və ittihamlar ortaya çıxır.

Prezident Elçibəyin mətbuat katibi işləmiş Arif Əliyevlə 1993-cü ilin bu ayında baş verən hadisələrlə bağlı söhbət etdik.

- Arif bəy, 23 il öncənin bu günlərini necə xatırlayırsınız?

- Çox gərgin ay idi. Azərbaycan tarixində ən mühüm bir hadisə baş verirdi. Rus qoşunlarının Azərbaycandan çıxarılması Cənubi Qafqazda baş verən ilk tarixi hadisə idi. Bunlar elə-belə baş vermirdi. O qədər mühüm hadisə idi ki, çoxları bunun abı-havası ilə yaşayırdı. İkinci faktor isə aprelin əvvəllərində Kəlbəcərin işğalı ilə Qarabağ məsələsindəki dönüş idi. Gözlənilirdi ki, iyunun ortalarında Azərbaycanla Ermənistan arasında münaqişənin həlli istiqamətində saziş imzalanacaq. Beynəlxalq nəzarətçilər də münaqişə zonalarında olmalı idilər. Hər şey razılaşdırılmışdı. İyunun əvvəlində Azərbaycan və Ermənistan prezidentlərinin nümayəndələri arasında görüş keçirilmişdi. Üçüncü əsas məsələ isə neft sazişinin imzalanması idi ki, Azərbaycana böyük maliyyə imkanları verəcəkdir. O dövrün abı-havası bu üç amilin üzərində formalaşırdı. Hər şey detallarına qədər işlənilmişdi.

- Əgər 4 iyun qiyamı baş verməsəydi, Elçibəy hakimiyyəti belə tez süquta uğrayardımı?

- Tarix heç vaxt “əgər” sualını xoşlamır. Əgər qiyam olmasaydı, nələr baş verəcəkdi, bunu deyə bilmərəm. Rus qoşunları Azərbaycandan çıxanda silahlarını Surət Hüseynovun dəstəsinə vermişdi. Daxildəki ruspərəst parlament üzvləri əvvəl Gəncədə, sonra da Moskvada toplaşmışdılar. Düşünürəm ki, Azərbaycandakı gənc hakimiyyət birinci cəhddə iqtidarı qorumağa tab gətirsə də, ikinci cəhddə gətirməzdi. Çünki kifayət qədər resurslar yox idi. Başıpozuq dəstələr Bakıya qədər gəlib çıxmışdılar. Müdafiəni təşkil etmək mümkün deyildi. Ordu bərbad vəziyyətdə idi. Hakimiyyətdə müəyyən çatlar var idi ki, getdikcə dərinləşirdi. Amma hakimiyyətin getdikcə möhkəmlənəcəyinə mənim inamım böyük idi.

- Elçibəy hakimiyyətinin süqutunu Gəncə qiyamının yatırılmaması və Heydər Əliyevin Bakıya dəvət olunması ilə əlaqələndirirlər...

- Doğrudur, 4 iyun qiyamı baş verdi və hakimiyyət faktiki iki hissəyə parçalandı. Bir hissə deyirdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin, digər tərəf isə qiyamın yatırılmasının tərəfdarı idi. Hətta təslim olmaq kimi fikirlər də səslənirdi. Bunlardan məharətlə istifadə edən Heydər Əliyev prosesləri özünə bağladı və güc mərkəzinə çevrildi. Nəticədə Elçibəy Bakını tərk etməyə məcbur oldu.

- Tərk etməyə bilərdimi?

“Əbülfəz Elçibəyin mətbuat katibindən iyun hadisələri ilə bağlı önəmli açıqlamalar


- Elçibəyin hakimiyyətdən gedişi ilə bağlı iki fakt həmişə gözümün önündədir. 1992-ci ilin mayında parlamentdəki çıxışlarının birində prezidentliyə namizədliyi irəli sürüləndə demişdi ki, “çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız”. Onun bu sözünün üzərindən faktiki bir il keçdi və dediyi özünü doğrultdu. O vaxtı Etibar Məmmədov da bir fikir demişdi. Hansı məqsədlə bu sözləri demişdi, özü bilər... Demişdi ki, Elçibəyi prezidentlik səviyyəsinə endirməyin. Bu iki amil sizin “getməyə bilərdimi” sualına çox gözəl cavabdır. Sonralar Elçibəy çox gözəl demişdi ki, ölkədən çıxanda yalnız özümü prezident kimi hiss edirəm. Bəlkə də sonrakı illərdə ideal rəhbər olardı. Tarix “belə olmasaydı, başqa cür ola bilərdi” kimi sualları xoşlamır. Tarix göstərdi ki, belə cəmiyyətdə Elçibəy kimi şəxs uzun müddət rəhbər ola bilməzdi. Tarixi gerçəkliklər, zərurətlər var. Tarixə baxın, demokratiyaya malik hələ ki Şərq ölkəsi olmayıb. Şərq mentaliteti, görünür, demokratiyaya çox əngəllər yaradır. Elçibəy demokratiya sərhədlərini aşıb çox irəli getmişdi. Bir il əvvəl əllər üstündə bəh-bəhlə hakimiyyətə gətirilən şəxsin bir il sonrakı müdafiə mitinqinə insanlar getməyə çəkinirdilər.

- Sözlərinizdən belə başa düşdüm ki, Arif Əliyev həmin ildəki dəyişikliyin zərurətdən doğduğunu düşünür...

- İndi baxanda, əlbəttə, elə demək olar. O zaman başqa düşüncələrdə idik. İslahatların sona çatması üçün hər şey etməyə hazır idik. Demokratik islahatların tezliklə başa çatmasına çalışırdıq. Bu ölkədə bir dəfə də olsun ki, seçkilərlə hakimiyyət dəyişikliyi olmayıb. Çox istəyirdik ki, bu baş versin. Növbəti mərhələlərin birində Elçibəyə rəqib olmasını, ona qalib gəlməsini və bu yolla hakimiyyət dəyişikliyi olmasını çox istəyirdik. Azərbaycan tarixində dövlət yaranandan bu günə qədər seçki yolu ilə hakimiyyət dəyişikliyini heç kim görməyib. Hətta demokratik dövrlərdə belə. Deyirik ki, insanlarda inam qalmayıb. Necə axı inam qalsın ki, seçki yolu ilə hökumət dəyişikliyinin şahidi olmayıb. Bunları dəyişməyə çox inanırdıq və gücümüzün çatacağını düşünürdük. 1993-cü ildən təxminən beş il keçəndən sonra qiymətlərimizi dəyişməyə başladıq. 23 ildən sonra məqsədlərimizin, sadəcə, istəklər olduğunu duyuruq...

- Arif bəy, Elçibəyin hakimiyyəti planlı şəkildə təhvil verməsi barədə ittihamlar illər keçdikcə artır...

- Bu fikirlər hakimiyyətin hansı nümayəndəsi haqqında deyilsəydi, bir az fikirləşərdim ki, siyasi fənd, hiyləgərlik həmin şəxsdə ola bilər. Amma təkcə Elçibəydən başqa. Bir hadisənin hərəkətverici istiqamətini bilməyən şəxslər həmin hadisələr barədə müxtəlif fikirlər səsləndirirlər. Hakimiyyətin təhvil verilməsi, yaxud əldən alınması prosesinin iştirakçısı olmamışam. Amma hər halda, bunlar gözlərimin qarşısında olub. Yadımdadır ki, necə ağrılı proseslər idi. Yaxşı bilirəm kimlər ağzı köpüklənə-köpüklənə deyirdi ki, Heydər Əliyev gəlməlidir, kimlər isə “müharibə olsa belə o gəlməməlidir” deyirdi. Hər halda, Elçibəy Heydər Əliyevin gəlməsinin təşəbbüskarı olub.

Sadəcə, o, elə bir şərtlər qarşısında qalmışdı ki, razılaşmağa məcbur idi. Boşuna deməmişdi ki, çəpik çala-çala hakimiyyətə gətirdiyiniz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız. Elçibəy bəzən elə söz deyirdi ki, onun ağlına bunların haradan gəldiyini düşünürdük. Həmin fikirlərin üstündən 3-4 ay keçəndə ağlımıza gəlirdi ki, zamanında Elçibəy bu sözləri deyib. O, bir çox hadisələri əvvəlcədən görə bilirdi. Amma hakimiyyəti planlı şəkildə Heydər Əliyevə təhvil verməsi ilə bağlı heç bir sübut görməmişəm. Bu, onun xarakterinə uyğun da deyildi. Çünki heç vaxt cibində daş gəzdirməzdi. Nəyi var idisə, üzdə idi...

“Hakimiyyətdə otura-otura hökumət əleyhinə işləyənlər var idi”


- AXC hökumətinin kadrları daim tənqid olunur. Siz necə düşünürsünüz?

- Hakimiyyətin itirilməsində çox məsələlərin təsiri oldu. Təkcə bir səbəbdən hökumət süqut etmədi. Bu baxımdan kadrlar məsələsinin də süquta səbəb olduğunu istisna etmirəm. Hakimiyyətdə otura-otura hökumət əleyhinə işləyənlər var idi. Elçibəy bir sözü boşuna deməmişdi ki, “tankların qabağında dayananlar, pulun qabağında dayana bilmədilər”. Hakimiyyətdə pul görəndə ağlını itirənlər də var idi. Təəssüf ki, hökumət sağlam işləmək üçün imkanlar qazanmadı. Buna heç vaxtı da çatmadı.

Təsəvvür edin ki, birdən-birə bir sistem dağılır, onun üzərində təcrübəsi olmayanlar yeni bir sistem qururlar. Namizədlərdən biri demişdi ki, hərənizə bir mənzil verəcəm, az qala 30% səs yığmışdı. Bizim millət gecə yatıb səhər duranda hər şeyin dəyişməsini istəyir. Proseslərə vicdanla qiymət vermək lazımdır. Amma reallığı unutmamalıyıq ki, qarşıya qoyulan məqsədlərin öhdəsindən Elçibəy hakimiyyəti gələ bilmədi.



Bu da hakimiyyəti əldə saxlamaq və demokratik yuxuları gerçəkləşdirmək idi. Burada səriştəsizliyin, bəzilərinin bacarıqsızlığının da rolu oldu. Amma çox güclü, sağlam, korlanmamış bir özək var idi. Təsadüfi deyil ki, həmin özəyin üzvlərinin hamısı hazırda siyasi meydandadır. Bütün məhrumiyyətlərə indiyə qədər dözüblərsə, demək, möhkəm şəxslərdir.

- Həmin dövrdə hakimiyyət ölkədə idarəçiliyi tamam itirmişdi. Bunun fonunda heç düşünmüsünüz, Azərbaycanın xilasının həmin dəyişiklikdən keçdiyini...

- Bu iddiaları qəbul etmirəm. Yaranmış vəziyyətdə problemin optimal həlli olduğu fikirləri ilə razıyam. Amma heç kəs məni inandıra bilməz ki, Azərbaycanın xilası Surət Hüseynovun qiyamı ilə olan hakimiyyət dəyişikliyindən keçirdi. Həmin dövrdə Azərbaycanın keçmiş və indiki liderlərinin bir yerdə çalışması böyük perspektiv olardı. Həmin vaxt bəzi idealistlər kimi mən də inanırdım ki, Elçibəy və Heydər Əliyev, eləcə də digər siyasətçilər əl-ələ verib işləyə bilərlər. Kimin birinci olacağını sonra da müəyyən etmək olardı. Amma bir-birilərini ovlamaq, taxtdan salmaq siyasətləri bizi bu potensialdan məhrum etdi. Heç kəs dana bilməz ki, həmin ildə yaranmış vəziyyətdən çıxış yolu o dəyişiklik idi.

“Həmin ildə yaranmış vəziyyətdən çıxış yolu o dəyişiklik idi”


- Elçibəy deyirdi ki, zamanı gələndə həqiqətləri açıqlayacam. Sizcə, hansı həqiqətlərdən söhbət gedirdi?

- Həqiqətin ən böyük sirri onun axtarışındadır. Çox ehtimal ki, Elçibəy bu fikirləri səsləndirəndə hakimiyyətin dəyişilməsində rolu olan şəxslərin əməllərini nəzərdə tuturdu. Mənə elə gəlir ki, Elçibəy düzgün etdi. Yəni həqiqətləri sona qədər demədi. Bilirdi ki, ömrünün sonuna az qalıb. Əgər həmin həqiqətləri desəydi, bəlkə də bu gün də çoxları bir-birilərini hələ də qırırdılar. Mənə az da olsa məlumdur ki, o həqiqətlərdə nələr var. Əsas işim Prezident Aparatı və prezidentin işləri ilə məşğul olmaq idi. Bununla belə, müəyyən məsələləri bilirəm. Bildiklərim açılsaydı, həm hakimiyyətdə, həm də müxalifətdə təmsil olunan çoxsaylı şəxslər prosesə cəlb olunardılar. Sadəcə, Elçibəy bunları etmək istəmədi. İnsan xarakterini dəyişmək çox çətindir. Elçibəyin özü də sitat gətirmişdi ki, vicdan üzərində qurulan hakimiyyət məhv olmalıdır. Vicdan üzərində siyasi münasibətlər və hakimiyyət qurula bilməz. Vicdan üzərində hakimiyyət quranda, bir ildən sonra nəticəsi belə olur.

- Elçibəy hakimiyyətində mafiozların təmsil olunması ilə bağlı fikirlər var. Abbas Abbasov başda olmaqla, bu tipli şəxsləri nəzərdə tuturam. Bu hal kadr qıtlığından, yoxsa maliyyə imkanlarından irəli gəlirdi?

- Bütün elementlər buna təsir göstərirdi. Həm kadr azlığı, həm də pul vəsaitləri burada əsas rol oynaya bilərdi. Köhnə kadrlarla yeni kadrların imkanlarından istifadə etmək məqsədi də burada rol oynayırdı. Hər gələn köhnəni qamçılamamalıdır, həbsxanaya atmamalıdır. 1995-ci ildə məhbusların sayından iki hakimiyyət düzəltmək olardı. Yəni vaxtilə dövlət rəhbərliyində işləyən şəxsləri nəzərdə tuturam...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.