Yalçın İslamzadə: “Biz Eynşteyni özümüzə oxşadırıq...”

8-10-2016, 17:32           
Yalçın İslamzadə: “Biz Eynşteyni özümüzə oxşadırıq...”
Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi araşdırmaçı Yalçın İslamzadədir.

Yalçın İslamzadə: “Biz Eynşteyni özümüzə oxşadırıq...” | MANERA.AZ
- Yalçın bəy, hazırda işlərinizdə vəziyyət nə yerdədir və dolana bilirsizmi?

- Normaldır, Tural. Ehtiyatla və qısa vədəni nəzərdə tutub normal demək olar, baxır müqayisəyə. Dolanmaq məsələsinə gəldikdə, ixtisasca fizik olsam da, ixtisas üzrə işləmirəm. Bizdə fundamental elmlərlə məşğul olanlar üçün ən yaxşı seçim repetitorluqdur. “Fizika oxumusan niyə uşaq hazırlaşdırmırsan?” deyib daima yol göstərirlər.Yeniliyə, yaradıcılığa vəsait tapılmaz bizdə, eyni işi dayanmadan təkrar edib çox qazanmaq prinsipidir-repetisiya, “dədə baba qaydasıyla, hamı necə sən də elə”. İnkişaf səviyyəsi həm də dünyanı anlama cəhdi və ona sərf olunan vəsaitlə ölçülür. Osmanlı Misiri uzun müddət nəzarətdə saxlasa da, piramidalar kimi qeyri-adi strukturlarla maraqlanmayıb. Şeyxülislamın fətvasıyla rəsədxananı dağıdıb, Amerikanın kəşfindən bəhs edən ilk kitab Osmanlıda qitənin kəşfindən 2 əsr sonra çap olunub.
Napoleonun qısa müddətli Misir hərəkatı isə misirşünaslığın yaranması ilə nəticələndi. Misirdə ordusuna hücum olanda Napoleon “alimlər və eşşəklər mərkəzə” əmriylə əsgərlərə bu iki qrupu mərkəzə toplayıb qorumağı əmr etmişdi. Eşşəklər yük daşıyırsa, alimlər də cəmiyyəti gələcəyə daşıyırlar, ciddi yük altına girirlər. Bu çətin işdə alimlərə dəstək olmaqdansa, bizdə belə deyirlər “alim olmaq asandır, adam olmaq çətindir”. Halbuki, alim olmaq olduqca çətin prosesdir. Yəni, elmə qarşı bir də “epistemolojik maneələr” var. Mentalitetin maneçiliyi hər addımda özünü göstərir. Düşünün ki, bir şəxs primatoloqdur, Afrikada primatları öyrənir. Ailəsi, qohum-əqrəbəsi baş beynin aparar. Mütləq bir ləqəb qoşarlar, məktəbdə uşağına “Şimpanze Ceyhunun oğlu-qızı” deyərlər. “Nətərdi, meymun dili öyrəndin?”. Freyd çoxuşaqlı kasıb ailədə doğulmuşdu, ancaq oxumağa həvəsi olduğu üçün evdəki yeganə kerosin lampası və ən böyük otaq ona ayrılmışdı. Bizim dilimizə bütün dünyada bestseller olan elmi-kütləvi kitablar 21-ci əsr olmasına baxmayaraq, hələ də tərcümə olunmur. “Nə oxuyursan?” sualının cavabı adətən ədəbiyyat kitabları olur, onlar da əsasən Tolstoy, Dostoyevski, Çexovun əsərləri. Ədəbiyyatçılar arasında sorğu aparılmışdı: “Hansı əsərləri oxuyursuz?”. Əksəriyyət bədii əsərlərin adını çəkmişdi. Sən ədəbiyyatçısan, o əsərlərdən onsuz da xəbərin olmalıdır. Ədəbiyyatdan kənar, lap elə ədəbiyyat nəzəriyyələri, ədəbi tənqid haqqında nə oxuyursan? Yenə də, sevindiricidir ki, bu mənzərə yavaş da olsa, dəyişir.

- Müasir elmin durumu qənaətbəxşdir?

Kepler olmasaydı müasir elm olmazdı. Kepler həyatda bir insanın qarşılaşa biləcəyi bütün çətinliklərlə qarşılaşmasına baxmayaraq elmi inqilaba aparan yolu açdı. Tiho Brahinin müşahidələri olmasaydı, Kepler məşhur hesablarını apara bilməzdi. Danimarka kralı Brahiyə ada bağışlamışdı və adada qurulan dövrünün ən müasir rəsədxanasının bütün məsrəflərini qarşılamışdı. Elm olduqca fərqli siniflərdən qadın və kişilərin fədakarlığı, olduqca fərqli motivlər, israrlı cəhdlər və təsadüflər nəticəsində yarandı. Ancaq artıq sistemləşib, “Böyük elm” adlı dövlətlər və şirkətlər tərəfindən dəstəklənən təşəbbüsə çevrilib. Carlo Rubbia tərəfindən “W” və “Z” bozonların müşahidə olunduğu eksperiment haqqındakı məqalənin 186 müəllifi var idi. Fundamental elmlər məsrəflidir və nəticələri əvvəldən təxmin edilmir, odur ki dövlət tərəfindən dəstəklənməsi zəruridir.

Görünür hələlik bizim üçün əsas istiqamət elmin kütləviləşdirilməsi olmalıdır. Ancaq bundan sonra insanlar elmin əhəmiyyətini anlayacaqlar. Təbii sərvət satıb elektronik istehlak malları almaq təfəkkürün yüksəkliyinə dəlalət etmir. “Buz adamı Ötzi” məşhur mumiyadır, Alp dağlarında tapılıb. Artıq 20 ildən artıqdır ki bu mumiya üzərində elmi araşdırmalar aparılır, qidalanmasından geyindiyi paltarların materiallarına, boğaz mikrofaunasına qədər öyrənilir. Elmi təfəkkürün olmadığı bir ölkədə bu mumiya tapılsaydı, haqqında necə əfsanələr yaradılardı, bəlkə də xortdan, ya da yad planetli hesab olunardı.

Xaricdə elmin kütləviləşdirilməsi fəaliyyətlərinə geniş oxucu kütləsinin böyük marağı var, maraqlı kitablar yazılır, bestsellerə çevrilir, sənədli və bədiiləşdirilmiş filmlər çəkilir. Elmi jurnallarla bərabər, böyük qəzet və jurnalların da elm xəbərləri köşələri var. Elmin inkişafı bir tərəfdən insanları gücləndirsə də, psixoloji olaraq sabit, güvənli, daima qorunan kainatdakı yerini dəyişdirərək onu daha təvazökar olmağa məcbur etdi. Ancaq Qərbdə belə, xüsusiylə insana dair kəşflərə qarşı “epistemolojik maneələr” var. Darvinə göstərilən aqressiya miqyasında olmasa da, 100 il sonra sosiobilogiyanın qurucusu Edvard Vilsona da aqressiya göstərildi.

Elm həqiqət axtarır, insanlar isə özlərini yaxşı hiss etmək istəyirlər. Ancaq reallığı unudub, tutaq ki alkoqolun təsiri ilə mütəmadi özünü yaxşı hiss etmək, təhlükələri unutmaq necə ziyanlı ola bilərsə, elmin kəşf etdiklərini görməzdən gəlib insanmərkəzli eqoizmə qapılmaq da həyatda qalmaq baxımından risklidir. İnsanlar hələki şirin yalanları üstün tuturlar.

- Necə etmək olar ki, bizdə də elmə kütlənin marağını oyada bilək? Maarifçilərin məsuliyyəti nədən ibarətdir?

- Mən “maarifçi” termininin işlədilməsinə qarşıyam. Hədəfi kiçildir, sanki sadəcə oxuma-yazma hədəfi qoyur. Daha yaxşı terminlər, “aydınlanma”, “sekulyarlaşma”, “demistifikasiya”, “modernləşmə” ola bilər. Dünyaya rasional baxış. Elmə marağın artması üçün elmi kütləviləşdirmə işini məhz bu işdən zövq alan insanlar aparmalıdırlar. Həqiqi maraq və həyəcan duyanlar bunu başqalarına da yoluxdura bilərlər. İnsan yeniyetməlik dövründə, düşüncə və fiziolojik olaraq yetkinləşdikcə dünyaya bir məna vermək istəyir. Fərd olaraq, təkbaşına içində olacağı dünyanı tanımaq istəyir ki, necə düşünəcəyinə və davranacağına qərar versin. Azad, müstəqil olmağa çalışır, bu insanın ikinci doğumudur. Poetik, fəlsəfi, dini dünyagörüşü mənimsəyə bilər. Bu görüşlər həyatı boyunca düşüncəsi üzərində müəyyən iz qoya bilər, ancaq obyektiv dünyanın dərkində bu düşüncə sistemləri yetərli deyil. Elmi düşüncə mərhələsinə keçilməlidir. Bir çox hallarda insanlar bu mərhələlərdə ilişirlər. Çünkü elmi düşüncə ilə tanış olmaq imkanları olmur. Elmi-kütləvi ədəbiyyat yoxdur, bu haqda yazan jurnallar və müəlliflər mövcud deyil, orta təhsil bu düşüncə vərdişini aşılamır. Yeniyetmə və gənclərin bir alternativ kimi elmi düşüncə ilə də tanış olmaları imkanı artmalıdır ki, doğru qərar verə bilsinlər.
Xüsusiylə uşaqlar, anadangəlmə naturalistdirlər. Dayanmadan sual verir, dünyanı anlamağa çalışırlar. Biz ya bezdiyimizdən, ya da suallarının cavablarnı bilmədiyimizdən onları soruşmamağa şərtləndiririk. Uşaqların bu təbii marağını dəstəkləmək, elmə yönləndirmək lazımdır. Uşaq və yeniyetmələrə kütləvi elmi düşüncə çatmasa, bu boşluğu dolduracaq müxtəlif zərərli cərəyanlar var. Gənc nəslə qarşı məsuliyyətimiz bizi, elmi onlara sevdirməyə borclu edir.

- Siz ixtisasca fiziksiz, fizikanın anlaşılmasındakı problem daha çox dilin qəlizliyindən irəli gəlir yoxsa şou kultunun insanlar tərəfindən daha asan qəbulundan?

-Yazılı tarix çox yenidir, bütün Homo Sapiens tarixinin cüzi hissəsidir. İnsanlar çox uzun müddət ovçu-toplayıcılar olaraq kiçik qruplarda yaşayıblar. Məməlilərin korteks böyüklüyü onların bürokratiyaya və yazıya ehtiyac duymadan münasibət qura biləcəkləri insan sayısını, yaşadıqları sosial mühitin mürəkkəbliyini müəyyən edir. İnsanlar üçün bu “Dunbar ədədi” 150-yə bərabərdir. Belə ibtidai cəmiyyətlərdə dedi-qodu ictimai nəzarət mexanizmi idi. Hərkəs bir birini tanıyırdı və dedi-qodu icmanın yaxşı qarşılamadığı düşüncə və davranışları düzəltmək üçün ictimai təzyiq kimi istifadə olunurdu. Məsələn, ovda ortaq mənfəəti unudub haqsız rəqabətlə üstünlük qazanmaq istəyən birinə icma üzvləri sərt reaksiya verirdilər, altruizm prinsiplərini tapdayan eqoist davranışlar daima xor görülürdü. Şou-biznes bizim bu daş dövrü meylimizin sistemləşdirilmiş, biznesləşdirilmiş formasıdır. Bir çox hallarda biz daş dövründə formalaşmış davranış və düşüncə modulları ilə hərəkət edirik. Elm isə dünyaya yeni baxışdır, beynimiz elm üçün yox, həyatda qalmaq üçün təkamül keçib. Elm olmadan da insanlar empirik biliklər qazanıb, müəyyən texnologiyalar yaradıblar. Ayna neyronlar, insandan asılı olmayaraq kənar hərəkətə reaksiya verir, avtomatik təqlid mexanizmidir. İbtidai insan nizə atmanın fizikasını bilməsə də empirik olarak onun qaydalarını tapa bilirdi. Şou biznesin bu qədər maraqlı olması dedi-qoduya, qeybətə təbii meylimizin olmasındandır. Naturalist maraq erkən yaşda yaransa da, elmi təfəkkürə yiyələnmək üçün xüsusi mühit lazımdır.

Elmin yayılmasındakı çətinliyi həm yeni olması həm də miqyas problemi ilə əlaqələndirmək olar. Çoxumuz yaşadığımız dünyanın böyüklüyünü tam dərk etmədən yaşayıb ölürük. İçində olduğumuz tarixi perspektivi çox kiçik görürük. İnsanlıq tarixini uzaqdan, Afrikadan başlatsaq və Kainatın miqyasının işıq illəriylə ölçüldüyünə erkən yaşlardan vərdiş etsək, sonralar elmi faktları, insan qruplarının müxtəlifliyini, bizim institutların mütləq olmadığını daha rahat qəbul edərik. Bütün insanlar arasında nələrin fərqli, nələrin eyni olduğunu elmlə araşdıra bilərik. Biologiya bizə insan soyunun eyniliyini və müxtəlifləşməsini göstərirsə, antropolgiya da insan qruplarının kültür müxtəlifliyini öyrənməmizə kömək edir. Gündəlik miqyasdakı fizika-ətrafımızdakı cisimlərin hərəkəti-insanlara sıxıcı gəlir. Ancaq bu fizikanı yaxşı bilmədən atom altı ölçülərdə, işıq illəri miqyasında, nəhəng kütlələr ətrafında baş verənləri tam anlamaq olmur. Kvant mexanikası və nisbilik nəzəriyyəsi insanlara çox maraqlı gəlir, çünkü gündəlik həyatın sıxıcılığından uzaqdır. Ancaq bunları da mənimsəmək üçün sıxıcı fizikanı bilmək lazımdır. Yoxsa postmodernistlər kimi nisbilik nəzəriyyəsini “hərşey nisbidir” kimi anlayıb obyektiv bilginin varlığını və elmi metodu inkar etmək qəflətinə düşmək təhlükəsi var. Elmi ideolojik olaraq şərh etmək zərərlidir.

- Elm adamları arasında ən məşhuru hər halda Eynşteyndir, son zamanlar sosial şəbəkələrdə onun obrazından müxtəlif lağlağı xarakterli posterlərin və şəkillərin paylaşılmasını müşahidə edirik. Onun fizika və dünya elmi üçün irəli sürdüyü müddəalar bir kənarda qalıb, amma obrazı ironik müzakirə predmetinə çevrilir. Səbəb nədir?

- Eynşteynin istər elmə, istərsə də həyatın digər sahələrinə dair yazdıqlarını oxumaq və müzakirə etmək üçün yazılı mədəniyyətdə olmaq lazımdır. Biz hələ şifahi mədəniyyətdəyik. Mətn bizi qorxudur, mətnlə, müəlliflə başbaşa qala bilmirik, özümüz təklikdə düşünüb nəticələr çıxara bilmirik. Kiminsə izah etməsini gözləyirik, aforizm, hikmətli hekayələr, fələk mövzulu şeirlər, Orta Əsrlərdə yaşamış müdriklərdə dərin hikmət arayışı, mistifikasiya marağı-yazı mədəniyyətinə qarşı göstərdiyimiz müqavimətdir. Şifahi düşüncə kateqorik düşünmür, antropomorfik yanaşır. Anlamaq üçün özünə oxşadır. Eyniylə qədim insanın tanrıları insan biçimində və xarakterində təsəvvür etməsi kimi. Biz də Eynşteynin səviyyəsini anlamağa can atmaqdan onu özümüzə oxşadırıq, məişətləşdiririk: “Mebeli qız evi almalıdır. Eynşteyn”. Bunun harası gülməlidir? Halbuki elmi anektodlar janrı da var və kifayət qədər incə yumorludur. Eynşteyn bizdə konspirologiya mövzusudur, guya Eynşteyn elmi kəşflərini patent bürosunda işləyəndə kimlərdənsə oğurlayıb. Halbuki, Eynşteyn həyatı boyunca elmin mərkəzində olub, elmi kəşflərinə davam edib. Guya Eynşteyn hansısa təriqətin üzvü olub, dindar olub. Halbuki, özü açıq yazır ki o, Spinoza tərzi panteistdir. Maslovun deyimi vəziyyəti açıqlayır- “sahib olduğunuz tək alət çəkicdirsə, ətraf sizə mismar kimi görünəcək”. Bizim də sahib olduğumuz əsas düşüncə tərzi məişətdir. Məişətləşdirməsək rahat olmuruq.

- Kvant mexanikası nəyə görə aktualdır?

- İnsanlar klassik fizikanın quruluğundan sıxılırlar, çünki insanlarda mifik, poetik meyillər var. Kvant mexanikası möcüzəli görünür, poetikdir, gündəlik təcrübəni aşır. Ancaq kvant mexanikası dəfələrlə təsdiq olunmuş, bütün sınaqlardan keçmiş elmi nəzəriyyədir. Ənənəvi mənada möcüzəvi deyil. Əksəriyyət anlamadan kvant mexanikasından marketinq məqsədiylə istifadə edir-“kvant şüuru” mərkəzli spiritualizm kimi. Paranormal qabiliyyətləri olduğunu iddia edirlər ya da ona can atırlar, müasir görünmək üçün də məhsullarının qarşısına “kvant” sifəti artırırlar.

- Sizcə insan əqlinin işıq sürətini yenəcək hansısa kosmik qurğunu kəşf etmə reallığı varmı və yaşı hansı dövrdədir?

-Kainat çox genişdir. Çatacağımıza ümid edə biləcəyimiz ən böyük sürət isə işıq sürətidir. Bu sürətlə belə Günəş sisteminə ən yaxın olan Alfa Sentauri ulduzuna gedib qayıtmaq səkkiz il vaxt tələb edir. İşıq sürətinə yaxınlaşmaq üçün cismin sürətini artırmalısınız, sürəti artdıqca kütləsi artacaq, kütləsi artdıqca sürətlənmək üçün daha çox enerjiyə ehtiyac duyacaq və getdikcə sürətin artımı yavaşlayacaq. İşıq sürətində bir cismə sonsuz enerji verilməlidir ki, bu da mümkün deyil. Heç elementar zərrəcikləri işıq sürətinə çatdırmaq mümkün deyil. Üstəlik, belə bir gəminin kütləsinə görə ətaləti o qədər yüksək olacaq ki, manevr imkanı olmayacaq. Hər hansı bir toqquşmadan qaçması imkansız olacaq. Əsas hədəf, texnologiyanın bizə yaxın zamanda hamı üçün Yerdən kənar alternativ həyat təqdim edəcəyinə ümid etməkdənsə Dünyanı daha yaşanıla bilir etmək olmalıdır. Siyasi olaraq bir ölkənin problemləri vətəndaşlarını maraqlandırır. Amma ekologiyanın sərhədi yoxdur. Qlobal istiləşmə var, buzlaqlar əriyir, Dünya okeanının səviyyəsi artır, sahil şəhərləri su altında qalmaq təhlükəsindədir. Okeanların suyundakı həll olmuş oksigen miqdarı suyun isinməsiylə azalacaq və dəniz canlıları təhlükəylə üz üzə qalacaqlar, ekoloji balans, qida zinciri pozulacaq, ara mövsümlər yox olacaq. Hazırda dünyada bir ildə 300 milyon ton plastik istehsal olunur və hər 11 ildə bu həcm iki dəfə artır. Plastiklər isə təbiətdə minillərlə parçalanmağa müqavimət göstərirlər.

- Qlobal ekoloji məsuliyyət şüurunun olmamağının səbəbi kapitalizmdirmi?

- Uzun və mübahisəli mövzudur. İqtisadi sistemdən asılı olmayaraq, əhalinin sürətli artımı varsa, ekoloji fəlakət qaçılmazdır. Dünya əhalisinin iki dəfə artdığını düşünün. Əlavə olunan 7 milyard heç nə istehlak etməsə belə bədənlərinin 70%-ini təşkil edən suyu ətraf mühitdən almalıdırlar. Təqribən 60 kiloqram çəkisi olan 7 milyard insanın bədənindəki su miqdarı 294 milyon ton olacaq. Bədən materialı olaraq su kosmosdan gəlmir, yenidən yaranmır. Yerdə olan su qaynaqlarından alınmalıdır. Əhali artıqca bu miqdar da artacaq. Bu hesab bir ekoloji model olaraq daima artan əhalini bəsləyən Dünya modelinin bir sonu olduğunu göstərir.

Ekoloji şüur və ümumiyyətlə məsuliyyət anlayışları nisbətən yenidir. Məsuliyyət bizim növümüzə qismən aşılanmağa çalışılır, ancaq çox uğurlu alınmayıb hələ ki. İnsanların sayı tarixin nisbətən çox yaxın zamanında anidən artdı və yaratdığı təbii fəlakətlər yeni fərq edilməyə başlandı. Dünyanın kiçik, qlobal kənd olduğunu daha yeni hiss etdik. Bu qədər çox sayda insanın bu qədər çox istehlakı ekoloji fəlakət yaratdı.Dünya sürətlə geri dönüşü olmayan nöqtəyə doğru gedir. Ekoloji şüur isə çox yenidir. 1962-ci ildə Raşel Karson “Səssiz Bahar”adlı kitabı ilə həşərat dərmanlarının quşlara mənfi təsirini analiz etdi, kitabın ciddi təsiri oldu, Amerikada “Ətraf Mühiti Qoruma” agentliyi təsis olundu, DDT kimyəviləri qadağan edildi, Avropada yaşıllar hərəkəti yarandı. Ancaq ekologiyaya təzyiq çox müxtəlif istiqamətlərdən gəlir. Şirkətlərin gəlirlərini maksimizə etmə prinsipi-bu çox zaman təbiətin əleyhinə baş verir, təbii resurslar maliyyət hesablarına daxil edilmir və insanların əksər hallarda rasional olmayan istehlak hərislikləri başlıca problemdir. Hər bir insan özünü sadəcə yaşayacağı 60 ildə görür və maksimum istehlak etməyə çalışır. Əvvəllər lüks olan əşyalar indi əksəriyyət üçün norma sayılır. Ancaq bütün dünya Amerika kimi istehlak etsə, daha beş Dünyanın qaynaqlarına ehtiyac var. Diqqətlə baxanda bir çox ehtiyacın uydurulmuş, empoze edilmiş olduğunu görürük. Tək şəkərin yüzlərlə müxtəlif adda məhsulu var, istehsalı üçün qaynaqlar israf edilir, daşınması havanı kirləndirir. Əslində bir birlərindən çox da fərqli deyillər və insanların təbii şəkər ehtiyacları bu gün qəbul etdiklərindən dəfələrlə azdır. Tanınmış iptisadçı Ernst Şumaxer “Kiçik Gözəldir” adlı bir kitab yazmışdı. İqtisadi problemlərin həlli üçün “buddist iqtisad” dediyi yanaşmanı tövsiyyə edirdi.

- Fizika bütövlükdə kainatı tədqiq edirsə, astrofizika niyə yarandı?

- Elm inkişaf etdikcə elm daxilində ixtisaslaşmalar artdı. Artıq Faust kimi bütün elmi bilən bir alim yoxdur. Kimyada femtokimya-olduqca kiçik zaman anlarında baş verən reaksiyaları öyrənən ixtisaslaşma istiqaməti var. Astronomiya əsasən həndəsədir, göy cisimlərinin görünən hərəkətlərini öyrənir. Astronomiya üçün bir planetin ulduzdan fərqi yoxdur. Ancaq astrofizika radyo teleskoplardan və nüvə fizikasının nailiyyətlərindən istifadə edərək kainatın yaranması, kainatda baş verən fiziki proseslər, ulduzların tərkibləri və növləri, ulduz daxilindəki nüvə reaksiyaları kimi fiziki prosesləri araşdırır.

- Kainatın tədqiqində biologiya, fizika, kimya- hansı daha önəmlidir?

- Hər biri önəmlidir, istər cansız təbiəti, istər canlıları öyrənən elmlər. Cansız təbiəti də ona görə öyrənirik ki onun daxilində canlı təbiət var. Öyrənən insandır, araşdırmalar da əslində insanı araşdırır. Kainatdakı yerimizin nə olduğunu, göy cisimlərin həyatımıza necə təsir etdiyini öyrənmək istəməsəydik astronomiya olmazdı. Kimya fizikasız, biologiya kimyasız anlaşılmaz. Ancaq ekoloji şüur artıqca, Dünyanın və insan növünün təhlükədə olduğu anlaşıldıqca biologiya daha mərkəzi yer qazanacaq. Digər elmlərin kəsişmə nöqtəsi olacaq. Bionika, astrobiologiya, təkamül psixologiyası, genetik tibb kimi biologiya mərkəzli tədqiqat sahələrinə daha çox vəsait ayrılacaq. İxtisaslaşma çox sayda alt-disiplinlər yaratdı, yenidən böyük sintezə doğru istiqamət alınacaq.

- Siz bir çox fizikdən fərqli olaraq fəlsəfənin də önəmin vurğulayırsız. Amma fizika fəlsəfə ilə bu qədər yaxın ikən niyə fiziklər fəlsəfəni çox tənqid edir?

- Çünki fəlsəfənin konkret araşdırma mövzusu və metodu yoxdur. Digər tərəfdən fəlsəfə bizə ölçülə bilən kəmiyyətlər təklif etmir və fəlsəfənin nəticələrini təcrübədə dınaqdan keçirə bilmirsiz. Sintetik sistemlər quran filosoflar dövrü keçmişdə qaldı. Fəlsəfi düşüncə zehində başlayır, zehində bitir. Məsələn, siz desəniz ki, “Azərbaycanın əhalisi Ukraynanın, Ukraynanın əhalisi Çinin əhalisindən çoxdur”, filosof burdan Azərbaycanın əhalisinin Çin əhalisindən çox olduğu nəticəsini çıxaracaq. Fəlsəfə aşkar hipotezlərlə başlayır və məntiq köməyi ilə onları genişləndirir. Sizə ancaq bir coğrafiyaçı Çinin əhalisinin Azərbaycan əhalisindən çox olduğun deyəcək. Fəlsəfə, gündəlik təcrübənin faktlarından hərəkət edir və düşüncə tarixi bizə çox məntiqli gələn gündəlik müşahidələrin doğru olmaya biləcəyini çoxsaylı misallarla göstərib. Fəlsəfə çox sağlam yol getdiyini düşünüb çox absurd nəticələrə varır. Müasir elmin yaranması üçün Qalileyin Aristotel fizikasını yıxması lazım gəldi. Aristotel məntiqin yaradıcısı idi, ancaq təbiətdə boşluq olmadığı, ağır cisimlərin yüngül cisimlərdən daha tez düşdüyü, hərəkət edən oxu havanın önə itələdiyini düşünürdü. Bəs qarşıdan külək əsəndə ox necə hərəkət edir?

- Elmlə fəlsəfənin tədqiqat sahələri eynidir, amma niyə belə fərqlər var?

- Kainatı anlamağa din də, fəlsəfə də cəhd edib. Elmi bu disiplinlərdən fərqləndirən elmi metoddur. Elm araşdırma sahəsini genişləndirdikcə fəlsəfəyə az sahə qalır. Vitqenşteyn fəlsəfənin sadəcə dil analizi ilə məşğul olmalı olduğunu bildirmişdi. Fəlsəfənin elmdən fərqli olaraq riyazi aparatı yoxdur, təcrübə qoya bilmir, ölçülə bilən kəmiyyətlərlə işləmir. Aristotel maddənin 4 halından bəhs etmişdi-od, su, torpaq, hava. Dünyadakı hərəkəti izah edirdi-daş ona görə yerə düşür ki, Yer mərkəzdir. Ağır olduğu üçün mərkəzə can atır. Siz bu yanaşmadan hərəkət qanunlarını çıxara bilməzsiniz. Fəlsəfəni oxumaq, öyrənmək mütləq lazımdır, düşüncə ordan başladı. Fəlsəfə elmin nəticələrini şərh edə, onları sistemləşdirə bilər. Fəlsəfə elmin sözçüsü ola bilər, bunu alimlər bacarmırlar-ya vaxtları, ya da verbal bacarıqları yoxdur. Ancaq fəlsəfə elmin nəticlərindən istifadə edərək onu şərh edə, sistemləşdirə bilər. Daniel Dennet filosofdur, ancaq şüur problemlərini öyrənir. Husserl kimi içə baxışdan istifadə etmir, təkamül nəzəriyyəsinə əsaslanır. Sadəcə təfəkkür, içə baxış, bilgi əldə etmək üçün çox yetərsizdir. Ya da Patricia Churchland, zehin fəlsəfəsi sahəsində çalışır, ancaq biologiya professordur. Fəlsəfə elmdən uzaqlaşsa, metafizika olacaq. Dünyanın şərhində elmi nəticələrdən istifadə etməli, eyni zamanda elmi “təftiş” etməlidir, bilgi və onun əsasları, sərhədləri kimi mövzularda.

- Ruh nədir?

- Psixoloji olaraq tərif vermək mümkündür. Ancaq dini və fəlsəfi olaraq nə olduğunu heç kim bilmir. Nə izi var, nə ölçüsü. Fəlsəfə də ruh-maddə dualizmini həll edə bilmədi. Məncə indi beyindəki elektrik və kimya prosesləri ruh dediyimiz anlayışın izah etməyə çalışdığı davranışı daha yaxşı izah edir. İnsan beynində onun fəzada yerini müəyyən edən bölgəyə elektrik siqnalı verdikdə insan bədənini tərk etmiş kimi olur, fiziki bədənini kənardan görür. Ölənlərin yuxuda görülməsi ruh anlayışının yaranmasına səbəb oldu.

- Marksizm necə?

- Marksizm böyük nəzəriyyədir. Adətən tənqid edəndə, tərəfdarları bir xeyli marksist müəllifin və yeni marksist nəzəriyyələrin adını çəkirlər. Onlara görə bu müəllif və kitabları oxumadan marksizm haqqında danışmaq olmaz. Ancaq bu kitabları da oxumaq üçün uzun illər lazımdır. Belə çıxır ki, insanların idarə olunacaqları sistem haqqında bilmələri üçün ayrıca universitet həcmində marksist mütaliələri olmalıdır. Deməli, marksizm insan təbiətinə ziddir, yoxsa onu əsaslandırmaq, adaptasiya etmək üçün bu qədər cəhdə ehtiyac olmazdı. Üstəlik, marksizm xilas etmək istədiyi insanlara belə marksizmi çıxış yolu olaraq qəbul etdirə bilmir. Demək ki, marksizm elitar bir qrupun çoxluğu idarə etmə cəhdidir. Keçmişi izah etmək, bu günü tənqid etmək asandır. Ancaq “nə etməli?” sualına cavab vermək o qədər asan deyil. İstismarı aradan qaldıracağını deyən marksist rejimlər tarixin ən pis istismar rejimlərini də yaratdılar. Demək ki , yenidən bölgünü istəyən insanla, yenidən bölmə imkanı qazanmış insan eyni deyil, özünə həmişə daha çox götürəcək. Gücsüz insan ilə gücü əldə etmiş insan düşüncəsi fərqlidir. Tarixdəki heç bir marksist eksperiment uğurlu olmadı. Marksın nəzəriyyəsi din qədər doqmatik və deterministik nəzəriyyədir. İdeologiyalar həmişə bizdən olan və olmayan ayrıseçkiliyi edirlər. O zaman marksist hesab, Stalin tərəfdarlarının etdiyi kimi, “nə qədər insan xoşbəxtliyi üçün nə qədər insanı ideologiya bədbəxt edə bilər?” hesabına dönür.Abstrakt partiya həqiqətləri adına insan müxtəlifliyinə qarşı çıxılır, hamı eyni qəlibə salınıb eyni düşünməyə məhkum edilir.

Marks keçmişi izah etdi, ancaq gələcəyi düzgün proqnozlaşdıra bilmədi. Çünkü elmi nəzəriyyə deyil. “Avropada bir kabus dolaşırdı”, ancaq inqilab feodal Avrasiyada, kiçik bir qrupun cəhdi ilə baş verdi. Marks Engelsin “İngiltərədə işçi sinifin vəziyyəti” əsərindən çox təsirlənmişdi. O dövrdə sürətli sənayeləşmə gedirdi, şəhərlər çox sürətlə böyüyürdü və işçilərin vəziyyəti yaxşı deyildi. Ancaq İngiltərə höküməti doktor Snou və vəkil Çedvikin uzun və məşəqqətli çalışmaları nəticəsində “İctimai Sağlamlıq Qanunu” qəbul etdi və müasir gigiyena və kanalizasiya sistemləri quruldu, epidemiyalar ortadan qalxdı, uşaq ölümləri kəskin azaldı. Kütləvi istehsal var idisə, demək ki, insanlar daha da yoxsullaşmırdılar, kütləvi istehlak mallarını alacaq qədər zənginləşirdilər. Əgər o dövrdə ludist hərəkat-makinələrə qarşı çıxıb, onları sındıran işçilərin hərəkatı sənaye inqilabını dayandırsaydı, bu gün biz burda marksizmi müzakirə edə bilməzdik. Solun da istifadə etdiyi bütün məhsullar və alətlər sənaye inqilabının nəticəsidir. İnsanlar ədalətli deyillər, odur ki, onlara bərabərliyi aşılamaq çətin olur-xüsusiylə mülkiyyət məsələsində. Daha çox çalışan, daha yaradıcı olan daha çox qazanmaq istəyir. Hamını eyni maddi şkalaya bağlamaq düz deyil. Marksizm insan təbiətini unudaraq məsələyə çox mexaniki baxdı. Qərbdə sərmayə təmərküzləşmədi, işçi sinif daha da yoxsullaşıb sinif şüuruna sahib olmadı və istehsal vasitələtini ələ keçirə bilmədi. Bərabərlik instinkti qazanc instinktindən daha gücsüzdür. İnstinktlər yox olmur, onları sivilləşdirmək, məqbul, mədəni və mümkün qədər çox insana fayda verəcək şəkildə istiqamətləndirmək lazımdır.Marksizmin kapitalizmdən kənarda yaşamaq şansı yoxdur.Marksistlər də hamı kimi istehlakçıdırlar. Marksizmin ciddi tənqid ənənəsi var, bu tənqid cəmiyyətin vicdanı, ya da güzgüsü ola bilər, ancaq onu idarə edə bilməz. Hakimiyyətdə olan marksizm fəlakət deməkdir.

- Ekzistensializm yoxsa postmodernizm?

- Məncə heç biri. Ekzistensialist deyə bildiyimiz yazarlar əsərlərində əsasən nihilizmi təbliğ edirlər. Haydeqqer faşizmi dəstəklədi, “insan azadlığa məhkumdur” deyən Sartr marksist diktatorlara simpatiya duydu. Alber Kamyu “Yad” əsərində anasının ölümündən təsirlənməyən qəhrəmanı təsvir edirdi. Ancaq Əlcəzair işğalına etiraz etmədiyi üçün bir əlcəzairli tələbə tərəfindən şiddətə məruz qalanda, “Mən anamı sevirəm, Əlcəzairdədir. Etiraz etsəm, onu incidəcəklər” demişdi. Deməli, həyat roman deyil. Başqalarına necə yaşamağı öyrətmək iddiasında olanlar prinsipial olmalıdırlar. Bir fizik içki içə bilər, bu, onun nisbilik nəzəriyyəsi haqqında dedikləriylə ziddiyət təşkil etməz. Ancaq əxlaqçılar belə ziddiyətlərdən qaçmalıdırlar, özlərini inkar etməməlidirlər. “Yad”, “Bulantı”, “Sizif mifi”-bunlar məncə dünyanın absurdluğunu göstərməkdən ziyadə, nihilizm təbliğidir. “Ekzistensiya essensiyadan əvvəl gəlir. Buna çıxış nöqtəsi olaraq mənliyi almaq deyə bilərik”-bunlar metafizikadır. İnsan təbiəti haqqında bilgili olmamağın nəticəsidir. “İnsan özü özünü necə etdi isə, elədir. Başqa cür deyil!”(Sartr).

Burda insan təbiəti və insanın formalaşmasında təbiət-ətraf mühit qarşılıqlı təsirinin bilinməməsi özünü göstərir. Fərd mühitə rəğmən fərd ola bilməz. Son illərdə aparılan araşdırmalar rasional insan anlayışını ciddi şübhə altına alırlar. Fərqində olmadığımız amma düşüncə və davranışlarımız üzərində həll edici təsirləri olan şüuraltı proseslər var. Daniel Kahneman, Nassim Taleb, Leonard Mlodinov kimi müəlliflər bu mövzuda maraqlı əsərlər yazıblar.

Eyni problem postmodernizmdə də var. Sanki modernizm çağına keçdik, indi post-modernizmə addım atmalıyıq. Postmodernizmin dəqiq tərifi yoxdur. İncəsənət və ədəbiyyatda müxtəlif hoqqabazlıqlara postmodernizm demək olar, bunların obyektiv kriteriyaları yoxdur.

Ancaq postmodernizmin bir düşüncə sistematikasından çox psevdointellektual moda olduğu unudulmamalıdır. Fizik Alan Sokalın postmodernizmi tənqidi var, maraqlanan hər kəsin oxumasını tövsiyyə edirəm. Eksperiment üçün “Social Text” adlı postmodernist jurnala absurd bir yazı göndərmişdi və jurnalda bəh-bəhlə dərc olunmuşdu. Bu proses və onun ardınca gələn postmodernizm tənqidini cərəyanla maraqlanan hər kəsin araşdırması lazımdır. Sokal, Deleuze, Guattari, Lacan, İrigaray, Lyotar kimi tanınmış müəlliflərin əsərlərini analiz edərək onların anlamadan elmi terminləri və prinsipləri necə əyib bükdüklərini göstərir. Dinləyicilər və oxucular bu müəllifləri anlamadıqları üçün onları böyük hesab etdilər.

Postmodernizmə qalsa, kannibalizm ya da qadın sünnəti olan bir qəbilənin həyat tərzi ilə hərkəsin yaşamaq istədiyi ölkələrdəki həyat tərzi eyni dərəcədə legitimdir və obyektiv bilgi mümkün deyil. Çox zərərli və nihilizmin başqa forması olan bir nəzəriyyədir. Sokalı oxumasaydım, fransız postmodernistlərin törəmə topologiya, kosmologiya, qeyri-xətti zaman, maye dinamikası, xaos nəzəriyyəsi kimi ciddi terminləri necə səthi və keyfi istifadə etdiklərinə inanmazdım. Bu, sadəcə oxucuya qarşı məsuliyyətsizlikdir. Modernizmin alternativi yoxdur.

- Həyatınızı dəyişən fiziklər kimlərdir?

- Elə dəyişilmiş həyatım yoxdur. Ancaq elm tarixində Kepleri çox təqdir edirəm. Ən kritik halqa o idi və yaşadığı bütün çətinliklərə baxmayaraq o, böyük addım atdı, nəhəng datalar yığını olan astronomik məlumatları uzun illər yorulmadan analiz edərək ilk astronomik qanunlara-Kepler qanunlarına çevirdi. Planetlərin orbitlərinin əsrlərdir inanıldığı kimi “mükəmməl” dairə deyil, ellips olduğunu göstərdi. Sonrakı lazımlı addımları Qaliley və Nyuton atdı və daha böyük ümumişləşdirmə yarandı. Aristotelin böldüyü “Ay-altı” və “Ay-üstü” səma bölgüsü qüvvəsini itirdi. Vahid kainat anlayışı yarandı, yer də göy də eyni qanunlara tabe idi, təbiətin dili riyaziyyat idi və qanunları kəşf etmək üçün, müşahidə, ölçmə və təcrübəyə istinad etmək lazım idi. Bu sxolastiklərin sadəcə zehində baş verən, məntiqə və təfəkkürə əsaslanan düşünmə prosesindən fərqli yanaşma idi.

- Ədəbi gündəmi də izləyirsiz. Ədəbiyyatımızın vəziyyəti sizi qane edir? Kimləri oxuyursuz?

- Bizim cəmiyyətdə poetiklik güclüdür. Nəsrimiz və poeziyamız mistifikasiyanın, şifahi ədəbiyyatın, dastan ritorikasının təsiri altındadır. Müəlliflərimiz dünyanı və insanı tanımır, ədəbiyyatdan kənar mütaliələri azdır. Bizə alternativ həyatın olduğunu göstərə bilmirlər, sadəcə
məlumu elan edirlər. Ədəbiyyatımız məğlubiyyət psixologiyasının təsiri altındadır. Özünü yaradan insan yoxdur. Mən daha çox İlkin Cəfərov, Niyyət Bayramzadə, Tariyel Abdullayevin elm mövzusunda paylaşmalarını təqib edirəm, gündəmi yaxalamağa, yeni bilgilər öyrənməyə, biligiləri yeniləməyə çox kömək edir. Ədəbiyyatçılardan Qismətə ciddi ümidlərim var, geniş mütaliəsi, dünyagörüşü var, yazdıqlarını qaçırmamağa çalışıram. Tural Cəfərov ədəbiyyat, fəlsəfə və elmi maraqlı nöqtədə birləşdirir. Zamin Hacı tənqid ruhunu daima ayaqda tutur. Hər səhər ilk onun köşəsini oxuyuram. Aqşinin net təsbitləri var, yazdıqlarını esse həcmində genişləndirsə daha faydalı olacaq oxucu üçün.Nərmin Kamalın şerlərini belə oxuyuram, Sevda Sultanova sayəsində kino sahəsindən xəbərdar olmağa çalışıram. Əsasən Feysbukda tanıdığımız gənclərlə görüşüb fikir alış-verişi edirik. Öyrənmək və mühafizəkarlaşmamaq üçün gənclərlə ünsiyyət çox vacibdir. Təbii ki, publisistikası və naşirlik fəaliyyətiylə mühiti Rasim Qaracasız təsəvvür etmək mümkün deyil.

- İncəsənət ilə maraqlanırsızmı?

- Vaxt olsa, memarlıq və təsviri incəsənətlə maraqlanacam. ODTÜ-də oxuyanda, yay məktəbində Yeyl Universitetindən dəvət olunmuş Suzan xanımın “Cəmiyyət Və Memarlıq Tarixi” dərsini almışdım. Qotik, barok, renesans cərəyanlarının memarlıq abidələrini müqayisə edərək o dövrün ab-havası, düşünmə biçimi haqqında nəticələr çıxarır, fərqli dövrlərin memarlıq abidələrində manifestini izah edirdi. Çox maraqlı dərs idi. Renesans Şimali İtaliyada başladı və bütün Avropaya yayıldı. Müasir dünya Şimali İtaliyada başlamış bu prosesin nəticəsidir. Renesans rəssamları dövrün həm mühəndisləri və alimləri, həm də sənət adamları idilər. Renesans incəsənəti və memarlığı incəsənət tarixinin ən məhsuldar, heyranlıq verən dövrüdür. Vaxt tapıb bu sahələri bir oxucu səviyyəsində də olsa, araşdırmaq istəyirəm.


- Uşaqların tərbiyəsində elmin hansı rolu var? Siz həm də atasız.

- Böyük rolu var. Uşaqlara mental yox, təkamül çərçivəsindən baxıram. Mənə görə uşaqlar valideynin pensiya fondu-qocalanda onların hesabına şellənmək və özünütəsdiq-məşğul olacaq heç bir fəaliyyətə sahib olmadığından övladların hər işinə qarışıb ona müxtəlif statuslar qazandıran, valideyinin kopyası olmağa məhkum edilmiş varlıqlar deyillər. Uşaqları təkamül halqası olaraq görürəm, fiziki təkamül çox yavaş olsa da, mədəni təkamül sürətlidir. Onları inkişaf edəcəkləri bir nöqtəyə qədər sağ salamat gətirmək, həyatlarına dair qərarları rasional düşünərək özlərinin verə biləcəkləri baza vermək lazımdır. Mentalitet təzyiqi ilə biri digərinin eyni olan insanlar kopyalamaq yox, insan müxtəlifliyinə və potensialının tam reallaşmasına cəhd etmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.