Zahid Oruc: “Danışan adamlar təhlükəli ola bilməz, susanların bir çoxu isə...”

10-10-2016, 09:46           
Zahid Oruc: “Danışan adamlar təhlükəli ola bilməz, susanların bir çoxu isə...”
“Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə mərkəzi dəyişəcək”
ABŞ və Rusiyanın münasibətlərindəki soyuqluq artıq növbəti gərgin fazaya daxil olub. Bu iki güc mərkəzi arasındakı savaş ritorikasının gündən-günə artması dünyanın təhlükəsizliyini təhdid etməkdədir. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucla ölkə gündəmindəki aktul məsələləri dəyərləndirərkən əvvəlcə bu mövzudan başladıq.

- Zahid bəy, Vaşinqton və Moskva arasındakı gərginlik Azərbaycana nələr vəd edir? Hər iki ölkənin maraq dairəsində olan ölkəmiz bu qarşıdurmadan uduşla çıxa bilər, yoxsa “soyuq müharibə” bizə də arzuolunmaz perspektiv vəd edir?

- Yaxın Şərqin və Qafqazın strateji mənada əhəmiyyəti bir-birinə bağlıdır. Böyük neft ehtiyatları, Orta Asiyaya gedən yollar, tranzit marşrutları və əlverişli coğrafi yüksəkliklər uğrunda mübarizələr və İran faktoru bizim regionda təhlükəsizliyi hər zaman kövrək edir. Ona görə də Moskva son illər ərzində siyasətində xeyli dəyişiklik edib. Əslində Azərbaycana gətirilən milyardlarla dollar dəyərində rus silahları Qərbi bu məkandan sıxışdırıb çıxarmağa yönəlib. Putinin öz sələflərindən bir fərqi də ondadır ki, hazırkı Rusiya başçısı yalnız Ermənistan hesabına Şimali Qafqazda sabitlik əldə edə biləcəyinə, “Cənub cinahı” adlandırdığı İrəvan vasitəsilə Qərbin bölgəyə yönələn hərbi təhlükəsinin qarşısını alacağına inanmadığından Azərbaycan siyasi elitası, parlament qrupları və silahlı qüvvələri ilə işləməyə başladı. Qərar hər iki tərəfdən qəbul olunduğundan proses işlədi və indi Moskva-Bakı arasında ittifaq yarandıqca Azərbaycan Qərb qarşısında daha müstəqil və inamlı görünür. Apreldəki “4 günlük müharibə”yə Avropadan və Ağ Evdən gələn reaksiyalar onu göstərdi ki, Qarabağda Azərbaycan əsgərinin bir metr irəliləməsi ermənilərdən daha çox anti-Rusiya dairələrini narahat edir.

- Sizcə, niyə?

- Ona görə ki, Qərb regionda yalnız bir halda möhkəmlənə bilir - Azərbaycan xalqı ruslara nifrət etsin. Uzun on illər bizim tarixi yaşantılarımız üzərindən şimal qonşumuza qarşı haqlı fobiya, şübhə və bir sıra hallarda düşmənçilik hisslərimizi körükləyənlərin hansı qitələrdə oturduğunu indi daha yaxşı başa düşmək olur.

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında bir sıra mühüm tapşırıqlar verdi və hökumət üzvlərinin böyük əksəriyyəti iclas boyu qeydlər aparırdılar. Necə bilirsiniz, bu tapşırıqlar elə yazılan qeyd dəftərçələrində qalmayacaq ki?

- Hökumətin postneft dövrünün sınağına necə tab gətirdiyini görmək üçün həmin müşavirədən təkcə bir detalı xüsusi qabartmaq istəyirəm - Azərbaycan prezidenti dövlətin xaricdən mal və məhsulların alınmasını dayandırmaq qərarını əsaslandırarkən bir anlıq düşünürsən ki, bütün nazirlik və komitələr çoxmilyonluq əməliyyatları yerli qurumlarla necə aparacaqlar. Axı, xaricə gedən külli miqdarda vəsaitin üzərində dövlət nəzarətini həyata keçirmək o qədər də asan deyil. Ona görə də prezident faktiki olaraq, hökumətin qeyri-çevikliyini tənqid etdi, bürokratizmin vaxt və pul itkisinə səbəb olduğunu dilə gətirdi və beləliklə, aparılacaq genişmiqyaslı islahatların kadr dəyişiliklərindən keçəcəyi ehtimallarını gücləndirdi. Neft dövrünün məmuru olmaqla münbit və ya şoran torpaqları dirçəldib onu ölkəsinin sərvətinə çevirməyi bacaran, sənaye inqilabı edib Azərbaycanda son məhsul istehsal etməyi bacaran, beynəlxalq bazarlara çıxmağa qadir olan, menecmentlik qabiliyyəti ilə ölkəsinin coğrafi və təbiət üstünlüyünü iqtisadi inkişaf amilinə çevirən xüsusiyyətlər tamam ayrı məziyytələrdir. Hər halda tarixi təcrübə öz sözünü deyir - 90-ci illərdə sabitləşdirmə dövrünün komanda üzvlərinin bir çoxu indi siyasi elitamızın sıralarından təbii qaydada kənarlaşıblar. Prezident elan etdiyi yeni kursun hədəflərinə çatmaq üçün bütün siyasi, iqtisadi və kadr yeniləşməsinə gedəcəyinin iradəsini müşavirədə ortaya qoydu.

- Ancaq hələ ki, köhnə tərkibdən ortaya çıxıb “məni bağışlayın, cənab prezident, işimin öhdəsindən gələ bilmirəm, xahiş edirəm istefamı qəbul edin” deyən yoxdur. Hökumətin tərkibinə və mövcud iqtisadi duruma diqqət yetirəndə hansı qənaətə gəlirsiniz, bu komandanın əsaslı şəkildə yenilənməsinə zərurət varmı, yoxsa elə köhnə tərkiblə də “Yol xəritə”sində əskini tapan qərarları icra etmək mümkündür?

- Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə mərkəzi dəyişəcək və siz onda hətta könüllü istefaya getməyən şəxslərin artıq ictimai inkişafın qanunauyğunluqları ilə hesablaşmağa vadar olduqlarını görəcəksiniz. İdarəetmə islahatları zaman keçmişdə hakimiyyət içində xüsusi güc sahibinə çevrilmiş qüvvələrin yeni dövrün şərtləri və tələbləri qarşısında əvvəlki cazibədarlıqlarını xeyli itirdiklərini görüb ən azı fərqli iş metodlarına keçdiklərinin şahidi olacaqsınız. Ola bilər sizə elə gəlir ki, güclü parlament və məhkəmə nəzarəti olmadığı halda hökumət inersiya ilə əvvəlki illərin fəaliyyət prinsiplərindən əl çəkməyəcək. Lakin İlham Əliyevin liderlik məharəti və hakimiyyətin dayanıqlığı üçün həyata keçirdiyi inqilabi islahatlar qeyd etdiyiniz mənzərəni dəyişəcək.

- Sizin parlamentdə bir sıra sahələrlə bağlı arqumentlərə əsaslanan təklifləriniz olmuşdu. Onları sistemləşdirib hökumətə təqdim etmək mümkün deyildimi?

“İstəyim odur ki, Azərbaycan ədalətin, imanın, mürüvvətin və qarşılıqlı hörmətin hökmranlıq etdiyi bir məmləkətə çevrilsin”



- Əslində hökumətin xalqdan gələn təşəbbüslərə, yaxud parlamentdəki çağırışlara səs verməsi hamımızın xeyrinədir. Çünki 90-cı illərin populizmi indi arxada qalıb və Milli Məclisin keçmişdəki oynadığı məşum roldan fərqli olaraq, hər birimiz çalşırıq ki, müasir dövrdə Azərbaycan dövləti zamanın yeni sınaqlarından güclü çıxsın. Bizim bir liderimiz var, lakin mandat daşıyan hər kəsin vəzifəsi başı üstündən asdığı müqəddəs portretə və elan etdikləri siyasi əqidəyə sədaqəti onun hərəkətli və dinamik bir fəaliyyətilə bu kursa xidmət etməsindədir. Danışan adamların təhlükəsi ola bilməz, susanların bir çoxu Şekspirin məşhur tarixi sözü ilə hərəkət edirlər - harada söz yoxdursa, orda çəki var!

- İqtisadçı alim Qubad İbadoğlunun Qırğızıstan hökumətinə təqdim etdiyi təkliflər bu ölkədə islahatların həyata keçirilməsində böyük rol oynadı. Mövcud dövrdə Azərbaycan belə kadrlardan istifadə edə bilməzmi? Siz yeni komandada təmsil olunmağa layiq 5-10 namizədin adını çəkə bilərsinizmi?

- Belə insanlar yüzlərlədir. Azərbaycan son illər ərzində beynəlxalq təhsil məkanından keçən, həmçinin bölgəni yaxşı tanıyan və idarəetmə sistemində püxtələşən kadrlarla zəngindir. Bizə Ukrayna kimi legioner siyasi elita gərək deyil. Əlbəttə, ordu quruculuğunda, yaxud idərəetmə sistemində hər zaman hazır modellər, xarici məsləhətçilər və müxtəlif beynəlxalq təcrübə gərəkdir. Lakin ölkəni qurmaq üçün millətimizin potensialından düzgün yararlanmaq yetərlidir ki, Azərbaycanı güclü dövlətə çevirəsən. Bilirsizmi, mən Humanitar forumlara necə yanaşıram? Bakını yüz illərlə neft məkanı kimi tanıyanlar bizdə ideyalara və qüdrətli fikirlərlə meydan olmadığını təqdim etməyə çalışırlar. Prezident qəlibləşmiş həmin stereotipləri dağıdır, ölkənin güclü ziyalı və alim ehtiyatının oldğunu, bizim aparıcı dünya fəlsəfi, siyasi və diplomatik məkana ixrac edə biləcəyimiz irsin mövcud olduğunu hamıya nümayiş etdirir. Hər halda, bütün xalqların savadlılıq dərəcəsindən və keçdiyi tarixin içərisindən yığıb-yığışdırdığı mühüm ənənələr var və onu belə güclü informasiya axınlarında itirməyənlərdən biri də bizik. Millətimizi aşağılayan ideologiya və miflərin heç bir əsası yoxdur. Ona görə də istedadlı insanlara Heydər Əliyevin münasibəti hər bir rəhbər, hökmdar, məmur və nəhayət, insan üçün nümunə olmalıdır. Güclü liderlər zəif adamlarla işləmir.

- Yeri gəlmişkən, vəzifə təklifi gəlsə, ölkənin iqtisadi inkişafına töhfə vermək üçün qəbul edərsinizmi? Sizin çox gözəl təşəbbüsləriniz, dəyərli təklifləriniz olub. Ortaya çıxıb “mənə filan sahə üzrə səlahiyyət verin, bu sahəni 1-2 ilə yüksək səviyyəyə qaldırım” deyə bilərsinizmi?

- Vəzifəyə can atanda insan bir çox məziyyətlərini itirir. Başlıcası, düşüncələrdə özünə yer etməkdir. Fikir sahibi olan hər kəsin hazırkı meydanda fəal rol oynamasını istəyən bir insan kimi istəyim odur ki, Azərbaycan ədalətin, imanın, mürüvvətin və qarşılıqlı hörmətin hökmranlıq etdiyi bir məmləkətə çevrilsin. Elşad bəy, təəssüf doğuran hal odur ki, bütün nailiyyətlərimizə uyğun olmayan ictimai bir bəlanı hamımız müşahidə edirik - qarşılıqlı aqresiya sanki artıb. Dəyər vermək, stimullaşdırmaq, motivasiya etmək və digər mühüm keyfiyyətlərin əvəzində bəzən heç bir özəl elmi, intellektual üstünlüyü olmayanların başqalarına çamur atdıqlarını görürük. Axı qrupda əlaçı tələbələri sıradan çıxaranda rəqabət aparılacaq etalonları da ortadan götürmüş olursan. Ona görə bütün qrup savaşları, mənafe toqquşmaları və digər qovğaları aparanlar bilməlidir ki, prezident və xalqın istəkləri tamam başqadır. Millətimizin kiminsə şəcərəsini, regionunu və sosial mənşəyini araşdıran dövrü arxada qalıb. Bircə misal deyəcəm: Gürcüstan 2008-ci ildə 5 günlük müharibədə böyük itkilərə məruz qaldı, lakin o ölkənin yeni nəsli dünyada bir dövlət kimi yaşamağa haqqı olan xalqı ən uzaq qitədə yaşayanlara belə təqdim edə bildi. Buna görə də heç bir yüksək vəzifədə təmsilçilik uğrunda vuruşmamışam, yetər ki, irəlidə gedənlər, sovet təbiri ilə desək, avanqard olsunlar.

- Bu günlərdə ən çox danışılan mövzular bunlardır: bank soyğunçuluğu, bahalıq, inflyasiya... Lakin bu vəziyyətə görə kimsə cəzalandırılmır, orta statistik azərbaycanlıdan başqa. Bu, normaldırmı? Niyə məsuliyyət daşıyanların heç biri ortaya çıxmağa cürət etmədi? Bəlkə də bununla həmin şəxslər prezidentə sədaqətli olduqlarını, ölkə başçısının islahatlarla bağlı qərarına yaratdıqları problemlərə görə günahlarını heç olmasa istefaları ilə “yuduqlarını” nümayiş etdirərdilər, elə deyilmi?

“Qərb regionda yalnız bir halda möhkəmlənə bilir - Azərbaycan xalqı ruslara nifrət etsin”


- Bank sistemində hazırda yaşananlar iqtisadiyyatımızın əsəb tellərinə güclü təsir göstərdiyindən günah axtarışı təbiidir. Lakin nefti 160 ildir çıxaran bir xalq üçün çörəyimizi batırıb yediyimiz əsas yavanlıq məhz torpağın sıxılmış şirəsi olub. Uzun on illər bunun nəticəsində qeyri-real iqtisadi konyunkturada kreditlər, invesitisiya qoyuluşlarının sahə quruluşu hazırki çağın durumu meydana gətirib. İndi dövlətin vəzifəsi biznes strukruları, cəmiyyət və maliyyə qurumları arasında itmiş inamı bərpa etməkdir. Baxın, Gürcüstanı azərbaycanlılar və türklərin pulu ilə qururlar. Buna qarşı deyilik, lakin ölkədən çıxan valyuta bir neçə qat artıq dəyəri yaratmaq perspektivini də məhv edir. Ona görə də “dar ağacları” qurmaqdansa, sistemli yanaşmaları təqdim edib və hər gün xalqın qarşısna çıxıb yaranmış mürəkkəb problemləri həll etməliyik. Kudrinin çox sevdiyi bir söz var: müəllimin, həkimin və polisin maaşını həmişə qaldırmaq lazımdır, çünki onlar produktiv qüvvələrdi. Yerdə qalanlar özləri yaşayacaq...musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.