"Yezidi sevənləri məhərrəmlik qıcıqlandırır" - Elşad Miriyə sərt CAVAB
10-10-2016, 13:40
“Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklikdən sonra ilahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışına münasibət bildirib. Elşad Miri Modern.az-a açıqlamasında deyib ki, Məhərrəmlik ayında bir qrup şəxsin küçədə, yaxud da, hardasa toplaşıb dini ayinlər keçirmələrinin, xüsusilə, zəncir vurmaq, qan axıtmaq, sinə döymək kimi halları tətbiq etməyinin heç bir əsası yoxdur. “Və doğru bir şey də deyil. Bu məsələlərlə bağlı həyəcan təbili çalınırsa, deməli, insanlara fayda verə biləcək məsələlər diqqətə çatdırılır. Yoxsa, harasa toplaşıb özünə xəsarət yetirirsə, bu, nümunə götürüləsi hal deyil. Bunun İslama heç bir aidiyyatı yoxdur”. Onun bu açıqlamasın isə şiəlik inancında olan dindarlarda hiddət doğurub. Dini yazar Qasımabala Səfərov bildirib ki, əvvəla Elşad Miri camaata Peyğəmbərin (s) zamanında məşhədi, hacı, kərbəlayi, ayətullah, molla, axund və s. titullarının olmadığını deyir, amma özünü ilahiyyatçı kimi qələmə verir. Onun Modern.az-a göndərdiyi yazını təqdim edirik: “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklikdən sonra Elşad Miri adlı ilahiyyatçı yoxsa şoumen olduğu bilinməyən əqidəsi, məzhəbi məchul bir insan guya Dini Komitə sədrinin məlum çıxışına münasibət bildirib. Bəs görəsən Peyğəmbərin (s) zamanında hansısa səhabəyə “ilahiyyatçı” deyiblərmi? Məsələn, görəsən Osman ibn Əffana ilahiyyatçı Osman ibn Əffan, yaxud Əbu Hüreyrəyə ilahiyyatçı Əbu Hüreyrə deyiblərmi? Niyə Elşad Miri onu ilahiyyatçı kimi təqdim edənlərə bunun yanlış olduğunu demir. Yaxud da, nə üçün Türkiyədən ilahiyyatçı gələndə ona və əvvəllər də Adnan Oktar adlı qızlarla göbək rəqsi oynayan şəxsə “hocam-hocam” deyə müraciət edirdi? Görəsən İslam Peyğəmbərinin (s) vaxtında hoca olubmu? Məsələn, Ömər ibn Xəttaba Ömər hoca, yaxud Əbu Bəkrə Əbubəkr hoca deyiblərmi? Bu sualın cavabını Elşad bu yazını oxusa verər. Biz isə keçək mətləbə… Elşad Miri müsahibəsində deyib: “Məhərrəmlik ayında bir qrup şəxsin küçədə, yaxud da, hardasa toplaşıb dini ayinlər keçirmələrinin, xüsusilə, zəncir vurmaq, qan axıtmaq, sinə döymək kimi halları tətbiq etməyinin heç bir əsası yoxdur. Və doğru bir şey də deyil. Bu məsələlərlə bağlı həyəcan təbili çalınırsa, deməli, insanlara fayda verə biləcək məsələlər diqqətə çatdırılır. Yoxsa, harasa toplaşıb özünə xəsarət yetirirsə, bu, nümunə götürüləsi hal deyil. Bunun İslama heç bir aidiyyatı yoxdur.” Əvvəla istər Elşad olsun istərsə də onunla bu fikri bölüşən digər əqidədaşları – bilin ki, məhərrəmlikdə küçədə, evdə, məsciddə toplaşıb əzadarlıq keçirənlər Yezid lənətliyə, Müaviyə lənətliyə, Əməvi məlunlara lənət oxuyurlar. Bu sizi niyə qıcıqlandırır ki? Yoxsa Yəzidə etiraz etmək sizin xətrinizəmi dəyir? İkincisi, Elşad deyir bu kimi əməllərin əsası yoxdur, amma bilmir ki, bu kimi əməllərin əsası insanların İmam Hüseynə (ə) olan sevgisi və düşmənlərinə olan qəzəbidir. Bunun əsası da Qurani-Kərimin “məvəddət” ayəsidir. İndi kim sevgisini necə biruzə verir, bundan ötrü gəlib Elşad Miridən icazə almayacaq ki? Əhlibeytə (ə) məhəbbətin İslama yox, bəs nəyə aidiyyatı var, massonluğa? Üçüncüsü, onun doğru olub-olmamasına qərar verəcək adam Elşad Miri deyil. Onun məzhəb və əqidəsinə görə doğru olmaya bilər. O, necə inanır, inancında azaddır. Doğrunun əksi yalandır, yanlışdır. Əgər Elşad Miri demək istəyirsə ki, bütün bunlar bidətdir (Dində olmayanın dinə daxil edilməsi), haramdır, o zaman zəhmət olmazsa desin görək Quranda, hədisdə bunun haramlığı barədə dəlili varmı? Yoxdursa sussun! “Deməli, insanlara fayda verə biləcək məsələlər diqqətə çatdırılır”- deyən Elşada bir nəfər xatırlatsın ki, Məhərrəm-Səfər ayları insanlara əlbəttə fayda verir. İnsanlara bu aylarda ehsan verilir, ehsan dinimizdə savabdır. İnsanlara bu aylarda dünyanın bütün nöqtələrində, Türkiyə, İraq, İran, Çin, Avropa, Rusiya, ərəb ölkələri, Afrika ölkələri… məscidlərdə, konfranslarda, yığıncaqlarda, televiziya kanallarında din, imamət, ədl, zülm, islami dəyərlər təbliğ edilir. Ədalətin daha çox aşılandığı, zülmün, haqsızlığın daha çox məhkum edildiyi ikinci bir ay tapa bilərsinizmi məhərrəm-səfər əyyamı qədər? Əgər Elşad Miri bütün bunların fayda olduğunu anlamayacaq qədər sadəlövhdürsə, biz nə edək? Bu il məhərrəmliyin gəlişiylə bağlı internetdə qarşılaşdığımız və haqqında danışdığımız müsahibəsinə yazdığımız yüngülvarı cavab müqəddimə kimi hesab edilsin. Özünü də diqqətdə saxlayıb zaman-zaman yazarıq, necə ki o məhərrəmliyi diqqətdə saxlayır. Başqa qeyd ediləsi bir məqam ondan ibarətdir ki, əgər “Youtube” kanalına baxsanız görərsiniz ki, Elşad Mirini əslində ilahiyyatçı hesab etmirlər. Məsələn, Azərbaycandakı vahhabi-səudiyyə tələbələri Elşadı ümumiyyətlə savadlı kadr hesab eləmir. Sünnülər də həmçinin Elşada ilahiyyatçı gözü ilə baxmır. Şiələrin mövqeyi ki məlumdur. Ona görə yox ki, Elşad Səudiyyədə, Qumda, Nəcəfdə, Türkiyədə, Misirdə təhsil almayıb. Ona görə ki, o, tarixdən, hədisdən bütün məzhəblərin üzərində ittifaq etdiyi məsələlərdə özünə sərf edəni qəbul edib sərf etməyəni qəbul etmir. Hətta, Quranı necə istəyir elə də başa düşür. Camaatı da azğınlığa sürükləyir. Amma Elşad Miriyə bir qardaşyana təklif: Allah şahiddir tam səmimi deyirəm. Elşad dəfələrlə falçı, rəqqasə, müğənni, hətta adını postmodernçi qoyan İslam əleyhdarlarını ara-sıra susdurub. Yaxud dəfələrlə ingilis dilini bildiyini, müasir texnologiyadan anlayışı olduğunu, tez-tez xaricə gedib-gəldiyini elan edib. Çox gözəl, elə bəndənin demək istədiyi də budur ki, qoy bu cür faydalı işlərlə məşğul olsun, yoxsa illərdir İmam Hüseynə (ə) ehtiram nümayiş edən xalqın əzadarlığına niyə irad bildirir.. Bu yazı gec-tez Elşad Miriyə çatar. Əgər sözü, cavabı olsa münasibət bildirər. Yox əgər tanınmış ilahiyyatçı olduğu üçün bəndəyə cavab verməyi özünə sığışdırmasa, onda cavabının olmadığı qənaətinə gələrik.
P.S. Qeyd edək ki, bu yazı “ayaqüstü” qələmə alınıb, çünki Elşadın elmi səviyyəsi oturub onun fikirlərinə ətraflı cavab yazmağa rəvac vermir. Gələcəkdə savadlansa müzakirə masasına otura da bilərik.