Siyasi məhbusların yeni siyahısı elan olundu-qalmaqal başladı

19-10-2016, 10:01           
Siyasi məhbusların yeni siyahısı elan olundu-qalmaqal başladı
Siyahıya münasibət birmənalı deyil; hüquq müdafiəçiləri sərt danışdılar
Mirvari Qəhrəmanlı: “O siyahıya çox adam qol çəkə bilər”; Novella Cəfəroğlu: “94 nəfərlik məhbus siyahısını qəbul etmirik”
Azərbaycan Vətəndaş Cəmiyyətinin İşçi Qrupu 94 nəfərdən ibarət yeni vahid siyasi məhbus siyahısını açıqlayıb. Onlar arasında 6 jurnalist və blogger, iki publisist, bir hüquq müdafiəçisi, 5 gənc fəal, 5 siyasi partiya üzvü, 61 dindar və üç ömürlük məhbus var.

Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrupu 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır. Həmin şəxslərin işləri barədə sənədlərdə çətinliklər olduğundan onların adları hesabatdakı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.

İşçi Qrupu qeyd edir ki, ölkədə siyasi məhbusların sayı əslində qat-qat çoxdur.

İşçi Qrupunun fəaliyyətini hüquq müdafiəçiləri, keçmiş məhbuslar İntiqam Əliyev və Rəsul Cəfərov əlaqələndirib. Siyahıya 20-dən artıq hüquq müdafiəçisi, QHT rəhbəri, hüquqşünas imza atıb.

Qeyd edək ki, oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Haqları Komitəsi tərəfindən Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunacaq.

APA-nın məlumatına görə, 18 beynəlxalq müstəqil üzvdən ibarət olan komitə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla (MSHBP) bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər.

Noyabrın 4-də isə komitə Cenevrədə Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələri müzakirə etmək üçün mətbuat konfransı keçirəcək.

Siyasi məhbus siyahısının Cenevrədə Azərbaycandakı insan haqlarının müzakirə ediləcəyi günlərə təsadüf etməsinin əhəmiyyəti vurğulanır. Hətta BMT-nin müzakirəsində bu məsələyə də diqqət ayrılacağı qeyd olunur.

Elan olunan məhbus siyahısına münasibət birmənalı deyil. Çoxları bu ilin əvvəllərindən başlayaraq, əksər siyasilərin azad edildiyini önə çəkərək, hazırda ölkəmizdə bu sayda siyasi məhbusun olmadığını iddia edirlər. Bunun əksini söyləyərək, siyahının doğru olduğunu, hətta bu saydan artıq siyasinin həbsdə olduğunu qeyd edənlər də var.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı siyasi məhbus siyahısını hazırlamağın və bu işlə məşğul olmağın çətinliklərindən danışdı: “Siyahı ilə mətbuatdan tanış oldum. Orada bu sahə ilə məşğul olanlardan bir neçə real şəxsi gördüm. Məsələn, onlardan biri Rəsul Cəfərovdur. Qol çəkənlər ona sadəcə dəstək verənlərdir. Siyasi məhbus kriteriyalarını bilmək və o işlə məşğul olmaq asan məsələ deyil. O siyahıya çox adam qol çəkə bilər. Hüquq müdafiəçisi olmasa da, özlərini bu adla qələmə verərək, qol çəkənlər ola bilər. Öz baxışlarına uyğun olaraq, zənn edirlər ki, bu siyahıda olanlar siyasi məhbuslardır. Mən bu siyahı ilə məşğul olmuram. Amma bu o demək deyil ki, anlayışım yoxdur. Siyasi məhbus termininə baxış müxtəlif ola bilər. Bu siyahıya qol çəkənləri gördüm. Onların çoxu hüquq müdafiəçiləri deyillər. Hərənin öz peşəsi var, o peşəni davam etdirsələr daha yaxşı olar. Azərbaycanda siyasi məhbus olduğunu heç kim inkar etmir. Hazırlanan hər bir siyahıya real baxış və yanaşma olmalıdır. Uzun siyahı hazırlayanlar düşünürəm ki, mütəxəssislərlə məsləhətləşməlidirlər. 94 nəfərin hamısının siyasi məhbus olduğunu bilmirəm. Tanıdığım çoxsaylı siyasi məhbuslar var”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bildirdi ki, siyahıda adı keçən şəxslərin çoxunun məhkəmələri belə olmayıb: “Məhkəməsi olmayan şəxsləri siyasi məhbus adlandırmaq olmaz. Bəlkə onları buraxacaqlar, yaxud məhkəmələri normal olacaq. Sadəcə, məsələni şişirdirlər. Siyahıya saldıqları şəxslərin vəziyyətini ağırlaşdırırlar. Guya ki, bu adı alan şəxsləri tez azad edəcəklər? İlqar Məmmədovun adı neçə ildir siyasi məhbus siyahısında gedir. Onu azad edirlər? Bunlar öyrəşiblər ki, siyasi məhbus məsələsini qabardıb, həbsdə olanların vəziyyətini gərginləşdirsinlər. Siyasi məhbus Əli İnsanov, İlqar Məmmədov, jurnalistlər, NİDA-çılar, bloqçular və başqalarıdır. Bunlar neçə illərdir məhbusdurlar. Üç nəfər OMON-çu var ki, onların məsələsini qaldırmışıq. Onları insan öldürməkdə suçlayırlar. Biz həmin üç nəfərin məsələsini qaldıranda yanımıza gələnlər oldu ki, onlar bizim ailəmizi qırıblar, niyə siyasi məhbus elan edirsiniz. Amma biz yenə də onlar barəsində məsələ qaldırdıq ki, 15 ildən artıqdır həbsdədirlər. Yenidən məhkəmələrinin olmasını xahiş etdik. İnanclı insanlara gəlincə, onların çoxuna hörmət edirik. Burada ölüm hadisəsi olduğuna görə məhkəmələrdən işə obyektiv baxılmasını xahiş etdik. Bu məsələlərə ayrı-ayrılıqda baxmaq lazımdır. 94 nəfərlik siyasi məhbus siyahısını qəbul etmirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.