Üzeyir Hacıbəyli muzeyinin keçmiş direktorundan qalmaqallı MÜSAHİBƏ: “Məcburən işdən çıxdım”

19-10-2016, 10:40           

Uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru işləmiş üzeyiryşünas alim Səadət Qarabağlı Modern.az saytının suallarını cavablandırıb. O, ev muzeyindən işdən kənarlaşdırlmasını haqsızlıq hesab etdiyini bildirib.

- Səadət xanım bildiyimə görə, Qarabağ bölgəsindənsiniz. Üzeyir Hacıbəyli ilə siz nə bağlayır?

- Əslimiz Şuşadandır. Ulu babam Mirzə Haqverdi Qarabağ xanı Mehdiqulu xanın mirzəsi olub. Çox gözəl qələm sahibi olan babamın Şuşaya, Qarabağa aid şeirləri, əsərləri olub.Təəssüflər ki, 1937-ci il repressiyalarında babamın əmisi oğlu həmin əsərləri Xəzərə töküb.
Uu babam 19-cu əsrdə Mirzə Haqverdi Qarabaği təxəllüsünü götürüb. Sonradan mən bu soyadı böyük şərəf və qürurla Qarabağlı kimi bərpa etdim və hazırda bunu da daşıyıram.
Mən Naxçıvanın Şərur rayonunda anadan olmuşam. Atam Naxçıvanda hüquq-mühafizə orqanlarında çalışıb. Lap uşaqlıqdan həyatım özüm də bilmədən Üzeyir bəy Hacıbəyli ilə bağlı olub.
Hələ 1-ci sinifdə təhsil aldığım zaman Bakıda 1 nömərli musiqi məktəbində Zivər Əliyeva adlı müəllim var idi. Zivər müəllim Üzeyir bəyin tələbəsi olmuşdu. Zivər Əliyeva məhşur caz ustası Vaqif Mustafazadənin anası idi. O, mənə İçərişəhərdəki evlərində musiqi təhsili verirdi. Çox xoşbəxtəm ki, Vaqif Mustafazadənin böyüdüyü evdə təhsil alıb, onun ifa etdiyi royalda mən də ifa etmişəm.
Sonralar bildim ki, mənə dərs deyən müəllimlər Üzeyir bəyin tələbələri olub. Sonradan atamın təyinatı Füzuli rayonuna verildi. Musiqi təhsilimlə yanaşı, eyni zamanda Bakıdakı 190 saylı orta məktəbdə də təhsil alırdım. Atamın təyinatına görə mən də Füzuli rayonuna getməli oldum. Orada da mənə Üzeyir bəyin tələbəsi Məmməd Cavadov dərs dedi. Beləliklə, mənim həyatım Üzeyir bəylə bağlandı. Sonra da musiqi texnikumunu fortopiano üzrə bitirdim. Füzulidə musiqi məktəbində dərs də dedim. Daha sonra Azərbaycan Dövlət Universitetinin Jurnalisika fakütləsinə daxil oldum. Anam jurnalist idi, uzun illər “Müxbir” jurnalında işləmişdi. Mən sonacan musiqini davam etdirmədim və Jurnalistika fakültəsini bitirdim.

- Bəs necə oldu ki, Üzeyir Hacıbəylinin həyatını araşdırmağa, ev muzeyində işləməyə başladınız?

- Universitetin 2-ci kursunda təhsil aldığım zaman “Ədəbiyyat və İncəsənət” qəzeti ilə əməkdaşlıq edirdim. 1979-cu il avqustun bir günündə mənə Üzeyir bəyin ev muzeyindən reportaj hazırlamaq tapşırıldı.
Muzeyə getdim, içəri daxil olaraq məqsədimi dedim. Suallarıma muzeyin əməkdaşları ətraflı cavab verə bilmədilər. Bir də gördüm ki, hündürboy, zadəgan görkəmli, əlində əsası, cibində dəsmalı olan bir yaşlı kişi gəldi. Özünü təqdim edərək mənimlə görüşdü və məlum oldu ki, Ramazan Xəlilov adlı bu ziyalı muzeyin direktorudur.
Ramazn bəy özü də jurnalist idi və o, mənə Üzeyir bəy haqqında çox geniş məlumat verdi. Ramazan bəyə canlı ensklopediya deyirdilər. Həqiqətən də çox savadlı və intellektli insan idi. Ramazan Xəlilov Üzeyir bəy Hacıbəylinin böyük baldızının oğlu idi. Uzun illər Üzeyir bəyin katibi olub. 1975-ci ildə ev muzeyinin açılmasında böyük rolu olub. Onda bu muzey Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin göstərişi ilə açılmışdı. Ramazan Xəlilov da ömürlük oraya direktor təyin olunmuşdu.
Ramazan Xəlilov mənim Üzeyir bəylə bağlı bütün suallarıma ətraflı cavab verdi. Muzeydən yazını hazırlayıb bitirəndən sonra Ramazan Xəlilov mənə daimi olaraq harda işlədiyimi soruşdu. Mən də cavab verdim ki, hələ ki təhsil alıram, qəetlə əməkdaşlıq edirəm. Onda məndən soruşdu ki, bu muzeydə işləmək istəyərsiniz? Həqiqətən də bu sual mənim üçün gözlənilməz idi. Cavab verdim ki, bəli, böyük məmnuniyyətlə işləyərdim.
Ramazan bəyin savadı, mədəni səviyyəsi, dünyagörüşü, muzeyin ab-havası məni özünə çəkdi. Və o, məni işə dəvət etdi ki, gəlin işləyin.
Beləliklə də, 1970-cu ilin 1 senytabrından Üzeyir bəy Hacıbəylinin ev muzeyində əməkdaş kimi işə başladım.
Muzeydə 25 ildən artıq çalışdım. 1979-cu ildən 1999-cu ilə qədər, 20 il Ramazan Xəlilovla birlikdə Üzeyir bəyin ev muzeyində çalışaraq, böyük bir məktəb keçdim. 1999-cu ildə Ramazan Xəlilov dünyasını dəyişdikdən sonra mən muzeyə direktor təyin olundum. Ramazan bəy öz sağlığında mənə təklif etdi ki, o özü baş direktor və mən isə direktor olum. Heydər Əliyev Ramazan Xəlilova “Şöhrət” ordeni vermişdi və o, fəxri professor idi. Azərbaycan və keçmiş SSRİ miqyasında çox hörmətli şəxsiyyət idi.



- Muzeyə direktor təyin olunmağınız necə baş verdi?

- Ramazan bəyə dedim ki, mənim üçün sizin yerinizdə oturmaq çox çətin olar. Mən ondan hər zaman atalıq qayğısı görmüşdüm. Təsəvvür edin ki, gedib atanın yerində oturursan. Ona görə də direktor olmaq təklifini qəbul etmədim.
O zaman Ramazan Xəlilov dedi ki, ona hər gün işə gəlib-getmək çox çətindir. Ramazan müəllim rəhmətə gedəndən sonra beş ay onun qızı Nərgiz Xəlilova muzeydə direktor oldu. O da dünyasını dəyişdi. Heç məndən soruşmadan məni oraya direktor təyin etdilər. Əmrimi o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu verdi.

- İşdən çıxarılmanıza səbəb nə oldu?

- Mən ora direktor təyin olunandan sonra muzeyin təmirinin vacibliyi ilə bağlı bir neçə dəfə mətbuata müsahibələr verdim, lazımi orqanlara müraciətlər etdim. Dəfələrlə Polad Bülbüloğlunun özünə də müraciət etmişdim. Eyni zamanda, dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinin başçısına da məktub yazmışdım. 2000-ci ildə muzeyin 25 illik yubileyində bütün ictimaiyyət gəlib iştirak etdi. Nazir özü və icra başçısı da 25 illik yubileydə olduğu zaman açıq şəkildə muzeyin təmiri məsələsini qaldırdım. Dedim ki, muzey əldən gedir və əsaslı təmir lazımdır.
Təmirlə bağlı mən televiziyalarda da açıqlamalar verirdim. Lap sonuncu dəfə məcbur qalaraq prezident İlham Əliyevə müraciət etdim. Müraciətimdə bildirdim ki, artıq muzeydə vəziyyət pisdir və təmir lazımdır. Jurnalistlər də özləri gəlib görürdülər. Mənim ən böyük problemim muzeyin təmiri idi. Nəticədə cənab prezidentə müraciətim qəbul olundu. Ölkə başçısı təmirlə bağlı sərəncam imzalamışdı.
Amma mənim bundan xəbərim olmamışdı, Mədəniyyət Nazirliyi bunu məndən qəsdlə gizlətmişdi. 2005-ci il fevralın 21-də məni Mədəniyyət Nazirliyinə çağırdılar.
Nazirlikdə muzeylərin kuratoru olan Sevda Məmmədəliyeva məni qəbul etdi. Dedi ki, “Polad müəllim isyəyir ki, sizi başqa bir muzeyə keçirsin. Sizin savadınız, təcrübəniz bizə çox lazımdır və nazir qərara gəlib ki, sizi daha böyük bir muzeyə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinə elmi işlər üzrə direktor müavini təyin etsin”.
Sevda Məmmədəliyeva belə deyəndə həqiqətən də mənim qüruruma toxundu. 25 ildən artıq müddətdə Üzeyir bəyə görə o muzeydə çalışırdım, hamı məni üzeyirbəyşünas kimi tanıyırdı.
Dedim ki, xeyr Sevda xanım, mən başqa bir muzeydə işləmərəm.

1997-ci ildə məni Türkiyəyə işə dəvət etmişdilər. Amma mən Ramazan Xəlilova görə getməmişdim. Bunu nazirlikdə də bilirdilər. Sevda xanıma dedim ki, əgər nazir belə qərar vermək istəyirsə, mən heç bir muzeydə işləmərəm.
Sevda xanım dedi ki, “Səadət xanım, bizə sizin kimi kadr lazımdır və sizin gedəcəyiniz muzeydə maaş daha da çoxdur”. Amma mən bununla razılaşmadım və dedim ki, əgər belədirsə mən ərizəmi yazıb istefa verəcəm.Mən muzeylər sistemində gedirəm və başqa heç bir muzeydə işləmiyəcəm.

- Səadət xanım, bəs ərizənizi yazmasaydınız siz inzibati qaydada kənarlaşdırılacaqdınız?

- İnamıram ki, belə edərdilər.

- Yəqin artıq sizin yerinizə kimisə gətirməyə hazırlaşırmışlar...

- Bəli, belə bir məsələ var idi. Mən bunu sonradan bildim. İlk növbədə məni Üzeyir bəyin ev muzeyindən uzaqlaşdırmaq istəyirdilər ki, başqasını gətirsinlər. Sevda xanımın yanından çıxdım və getdim nazirliyin Kadrlar şöbəsində ərizəyazdım.
Kadrlar şöbəsində mənə dedilər ki, ərizə yazmayın. Yəqin artıq bilirdilər ki, sərəncam var. Neçə dəfə mənə dedilər ki, ərizə yazmayın. Axı mən muzeyşünas deyildim, üzeyirbəyşünas idim və buna görə də orada qalmalı idim, bütün gəncliyimi ora həsr etmişdim. Elə ordaca ərizəmi yazaraq istefa verdim.

- Bəs bu gün sizi narahat edən əsas məqamlar nədir ?

- Bu gün mənim vəzifədən getməmlə bağlı bir çox söz-söhbətlər gəzir. Deyirlər ki, Səadət Qarabağlını işdən çıxarıblar. Bəziləri deyir ki, onu biz vəzifədən kənarlaşdırmışıq.
Amma bəyan edirəm ki, mən ərizəmi yazıb istefa verməsəydim, heç kəs məni o muzeydən kənarlaşdıra bilməzdi. Çünki 25 il ərzində muzeydə gördüyüm işlər göz qabağında idi. Bunu nazirlikdə də bilirdilər.
Nazirliyin addımı mənim qüruruma toxunmuşdu. Ona görə də istefa verdim.

- Bu gün Akademik Milli Dram Teatrında musiqi şöbəsinin müdirisiniz. Burdakı işiniz necədir?

- Buradakı işim pis deyil, yaxşıdır. Həm də bu işi ona görə seçdim ki, Üzeyir bəyə yaxındır. Mən bu işimə Mədəniyyət Nazirliyi vasitəsilə gəlməmişəm. Onlardan incimişdim. Çünki o muzeyə çox bağlı idim, mənim ikinci evim idi. Bütün həyatımı Üzeyir bəyə həsr etmişəm. Məni neçə dəfə başqa işlərə dəvət etsələr də, razı olmadım.

- Sonradan nazir Polad Bülbüloğlu ilə görüşməyə cəhd etdinizmi?

- Xeyr, heç buna təşəbbüs də etmədim.

- Yəqin sizin ərizənizdən sonra nazir sərəncam imzaladı...

- Bəli, artıq mən istefa ərizəmi yazandan sonra Polad Bülbüloğlu mənim işdən azad olunmam haqqında sərəncam imzaladı.

- Belə başa düşdük ki, sizin ölkə başçısına muzeyin təmiri ilə bağlı müraciət etməniz o zamankı nazir Polad Bülbüloğlunun xoşuna gəlməyib...

- Mən istefa ərizəmi yazandan sonra, 2005-ci il fevralın sonunda cənab prezidentin Üzeyir bəyin ev muzeyinin əsaslı təmir olunması ilə bağlı sərəncamı çıxdı. Bu sərəncamdan nazirliyin xəbəri var idi və qəsdlə mən istefa ərizəmi yazdıqdan sonra ortaya çıxartdı.
Mənə nazirlikdə yaxın olan adamlar dedilər ki, Üzeyir bəyi çox təbliğ etdiyim, bu dahi insanın təbliğatına çox yer verdiyim üçün başqa muzeyə göndərmək istəyirmişlər.
Mən bunu başa düşə bilmirəm. Üzeyir bəyi təbliğ etmək niyə onları bu qədər qorxdurmuş?

- Sizcə nəyə görə qorxsunlar ki ?

- Bu suala hələ də cavab tapa bilmirəm.

- Sizdən başqa bu gün Azərbaycanda Üzeyir Hacıbəylinin irsini araşdıranlar varmı?

- Təvazökarlıqdan uzaq olsa da deyəcəm. Mənə elə gəlir ki, Azərbaycanda Üzeyir bəyi mənim səviyyəmdə araşdıran olmayıb və hələ də yoxdur. Araşdıranların çoxu da Üzeyir bəyi yaxından tanımırlar.



- Sizcə, Üzeyir bəyə qısqanclıqla yanaşan, adını tarixdən silmək istəyənlər varmı?

- Əlbəttə ki, hər dəfə əllərinə imkan düşən kimi Üzeyir bəyin adını çox yerdən çıxarıblar. 1995-ci ilin 18 sentyabr tarixində Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı xüsusi sərəncam olub. Mərhum prezident Heydər Əliyevin imzaladığı o sərəncamda həmin tarux “Üzeyir Musiqi günü” kimi yazılıb. Amma sonradan kimlərsə həmin sərəncamı təhrif edərək, 18 sentyabrı “Milli Musiqi günü” kimi göstəriblər.
Yazılır ki, Heydər Əliyevin sərəncamı ilə Milli Musiqi günü qeyd olunsun. Yoxdur belə sərəncam. Bunu kim və nə üçün edib? Nə üçün Üzeyir bəyin adı oradan çıxarılıb? Halbuki, nazirliyin bütün sənədlərində “Üzeyir Musiqi günü” kimi yazılıb. Media, televiziyada nəyə görə belə səsləndirilir ? Bu ümummilli liderimiz Heydər Əliyevin sərəncamıdır axı... Niyə bu sənədi dəyişdiriblər? Bu suallara bu günə qədər hələ də cavab tapmıram. 18 sentyabr “Üzeyir Musiqi günü” kimi qeyd olunmalıdır.

- Üzeyir bəyin nəslindən sağ qalanlardan sizi axtarıb-arayan, əlaqə saxladıqlarınız varmı?

- Üzeyir bəyin nəslindən bu gün çox az adam sağ qalıb. Mənim muzeydən getməyim onlara da pis təsir etdi. Qohumları dəfələrlə mənimlə əlaqə saxlayıb.

- Vəzifədən gedəndən sonra başqa dövlət qurumları, nazirliklər sizə iş təklif etdimi?

- O vaxt Mədəniyyət Nazirliyinin bir idarəsi mənə başqa bir iş təklif etdi. Mən isə qəbul etmədim. Çünki artıq Mədəniyyət Nazirliyi sistemindən birdəfəlik getmişdim.
Bir neçə dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmək təklifləri gəldi. Amma mən razılıq vermədim. Çünki mən Üzeyir bəyin ev muzeyindəki direktorluq işimə inzibati, məmur vəzifəsi kimi baxmırdım. Bu mənim üçün ən sevdiyim iş, həyat tərzim idi.
Həm də mən artıq incimişdim. Çünki ərizəmi yazaraq, idtefa qərarı vermişdim. Mənim bu qərarım ziyalılarımıza, deputatlara, jurnalistlərə də pis təsir etmişdi. Jurnalistlər nazirliyə zəng edib mənim işdən niyə çıxmağımla bağlı maraqlanırdılar.

- Sizdən sonra Üzeyir bəyin ev muzeyinə təyin olunan şəxsi əvəllər tanıyırdınız?

- Bəli, 20 il onunla bir yerdə işləmişəm.

- Nə zamansa inanardınız ki, muzeyin indiki direktoru Sərdar Fərəcovu sizin yerinizə təyin edərlər?

- Xeyr, heç vaxt inanmazdım.

- Bəs onunla əvvəllər münasibətləriniz necə idi?

- Münasibətlərimiz çox gözəl idi.

- İndi qalıbmı həmin münasibətlər ?

- Xeyr əlbəttə ki, qalmayıb, qala da bilməzdi.

- Niyə?

- Çünki o mənim yerimə gəldi. Mən heç təsəvvür etməzdim ki, o mənim yerimə gəlib işləyə bilər, buna razılıq verər.

- 2013-cü ildə mətbuatda Üzeyir Hacıbəylinin ev muzeyi haqqında reportaj getmişdi. Yazıda belə bir məqam var idi ki, siz muzeydən ayrıldıqdan sontakı 8 il ərzində orada vəziyyət pisləşib. Üzeyir bətlə bağlı əlyazmalar, eksponatlar muzeyin zirzəmisinə atılıb. Amma nədənsə onda siz bu məsələ ilə bağlı danışmadınız...

- Mən öz bildiklərimi yazını hazırlayan jurnalistə demişdim. Sadəcə olaraq yenindən məsələyə qayıtmamaq üçün nazirliyə özüm cavab vermədim.



- Üzeyir bəyin yazıları, eksponatları qərəzli şəkildəmi zirzəmiyə yığılırdı?

- Ramazan Xəlilovun və mənim vaxtımda Üzeyir bəyin ev muzeyini, irsini göz bəbəyimiz kimi qoruyurduq. Bizim vaxtımızda eksponat və əlyazmalar hər zaman yuxarı mərtəbədə, quru otaqda xüsusi diqqətlə qorunurdu.
Amma sonradan, muzeyin təmirindən sonra niyə axı Üzeyir bəyin irsini zirzəmiyə saldılar? İrs nə üçün zirzəmidə qorunmalıdır?

- Bəlkə, Üzeyir bəyin irsini mədəni şəkildə zamanla məhv etmək istəyirlər?

- Bəli, ola bilsin ki belədir. Çünki o irsi elə bir zirzəmidə qoruyub saxlamaq olmaz. Onların hamısını təmiz, quru otaqda üfürə-üfürə saxlamaq lazımdır. Muzeyin zirzəmisinə su dolub. Oradan rütubət, iy gəlir. Əsl vətənpərvər azərbaycanlı, Üzeyir bəyi sevən xalqımız bilir ki, belə bir zəngin irs elə bir yerdə qoruna bilməz.

- Səadət xanım, deyəsənm sizin araşdırmalarınızı öz adlarına çıxanlar da var ...

- Mənim kitablarımdan, yazdıqlarımdan öz adlarına istifadə edənlər var. “Lider” TV-də işləyən bir aparıcı mənim kitabımdan istifadə edərək, heç mənim və kitabın adını çəkməmişdi. Həmin şəxsə zəng etdim və dedim ki, mənim kitabımdan istifadə etmisiniz, amma heç yerdə mənim adım yoxdur. Mənə dedi ki, “sevinmirsiniz ki, sizin kitablarınızdan istifadə edirlər?”.
Dedim ki, əlbəttə ki sevindiricidir, amma istinad etsəniz, daha yaxşı olar.Məqalələrimdən də çox zaman istifadə olunur. Bu gün açıq-aşkar görürəm ki, lazım olan yerlərdə Səadət Qarabağlının adı çəkilmir, kənarlarşdırılır.



- Direktor vəzifəsindən çıxandan sonrakı 11 il ərzində bir dəfə də olsa muzeyə adi ziyarətçi kimi getdinizmi ?

- Yox, bir dəfə də olsa getməmişəm. Hələ ki istəmirəm.

- Sizin qurduqlarınız bu gün muzeydə qalırmı?

- Xeyr o şərait qalmayıb. Hərdən internetdə yeni qoyulan şəkillərə baxıram.

- Sizdən sonra muzeydə konkret nələrdə dəyişiklik olunub?

- Üzeyir bəyin otağında memoriallıq pozulub. Özünün sağlığında necə idisə, elə də saxlanılmalı idi. Otaqları birləşdiriblər. Matəm otağında Üzeyir bəyin sağlığında anası Şirinbəyim xanım yaşamışdı. Oranı yemək otağı ilə birləşdiriblər. Bunlara yol vermək olmazdı. Bu cür şəxsiyyətlərin ev muzeylərini bu günə salmaq olmaz.

- Bəs sizi muzeyi yenidən görmək üçün dəvət ediblərmi?

- Yox, heç kim çağırmayıb. Heç özümün də ora getmək fikrim yoxdur.

- Vaxtı ilə tabeçiliyinizdə işləyən muzey işçiləri ilə münasibətləriniz qalıbmı?

- Kənarda məni görəndə hamısı mehribanlıqla, sevinclə qarşılayır, qucaqlayıb-öpürlər. Mənim yaxşılıq etdiyim o insalar da bu gün dəyişiblər. Onları da qınamıram.
Çünki indiki muzey direktoru işçilərə göstəriş verib ki, kim Səadət Qarabağlı ilə əlaqə saxlasa, görüşsə, işdən çıxarılacaq. Özü də bunu mənimlə 20 il bir yerdə çalışan və çörək kəsən biri deyir.

- Bəs 20 il bir yerdə çörək kəsdiyiniz həmin insan sizdən bu gün niyə ehtiyatlanır?

- Qorxurlar ki, təzədən muzeyə direktor qayıdaram. Onlar yaxşı bilirlər ki, Səadət Qarabağlı Üzeyir bəyi çox gözəl tanıyır. Mən 37 ildir ki, Üzeyir bəyi araşdırıram. Bu illərdə hələ çox şeyləri aça bilməmişəm.

- Səadət xanım, yaxın zamanlarda vaxtı ilə direktoru olduğunuz muzeyə ziyarətçi kimi gedəcəksinizmi?

- Nə zamansa gedəcəm, amma bu yaxın zamanlarda fikrim yoxdur. Çünki hələ ki, ürəyimdən gəlmir ora getmək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.