Saakaşvili tərəfdarı azərbaycanlı deputat seçkilərə saatlar qala elə şeylərdən danışdı ki...

28-11-2018, 07:55           
Saakaşvili tərəfdarı azərbaycanlı deputat seçkilərə saatlar qala elə şeylərdən danışdı ki...
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının Marneuli millət vəkili Azər Süleymanovun 28 noyabr prezident seçkisi ilə bağlı Musavat.com-a eksklüziv müsahibəsi:
Azər bəy, seçkiyə bir neçə saat qalır. Ümumi durumu necə qiymətləndirirsiniz?

Hakimiyyət ilk gündən başladığı seçki saxtakarlıqlarını davam etdirir. Çünki başqa cür qalib gəlmək şansı yoxdur. İvanişvilinin saxtakar komandası rəqibini düzgün qiymətləndirə bilmədi. Onlar düşünürdülər, Vahid Milli Hərəkat Partiyası seçkidə 6 faiz səs yığacaq. Ancaq faktiki biz ilk turda qalib gəldik. Namizədimiz Qriqol Vaşadze ilə iqtidarın namizədi Salome Zurabişvilinin topladığı səslərin fərqi 1 faizdən də az oldu. ilk turda qalib gəlməyimizə baxmayaraq, iqtidar saxtakarlığa gedərək 55 min bülleteni etibarsız saydı. Bu bülletenlərin demək olar, hamısı müxalifət namizədinə verilən səslər idi. 55 min səs təxminən seçicilərin 6 faizi deməkdir. Bu hesabla biz 38+6 faiz səs toplamışdıq. İqtidarın seçicilərə qarşı təhdid və şantaj kampaniyasını nəzərə alsaq, aydın olur ki, seçki azad olsaydı, Vaşadze 50 faizdən çox səs toplayacaqdı. Gürcü Arzusunun bu saxtakarlığı ona gətirdi ki, iqtidar komandasına qarşı olan bütün qüvvələr ikinci turda birləşdi. 11 faizə yaxın səs toplayan Avropalı Gürcüstan, 6 fazi səs qazanan leyboristlər, 4 faiz səs qazanan respublikaçılar ikinci turda seçicilərini Vaşadzeyə səs veməyə çağırıb. Bu, artıq 70 faizdən artıq səs deməkdir. İqtidar komandası çox əndişəlidir, ona görə də bütün resursları işə salıb saxtakarlığa hazırlaşır. Bu günkü seçkiöncəsi görüşlərdən birində Gürcü Arzusunun təmsilçisindən soruşulub ki, siz müxalifətin artıq 70 faiz səs qazanacağından xəbərdarsınızmı? Cavab belə olub – ‘’onlar 70 yığsa, biz 75 yığacağıq’’. Bu gün Gürcüstana bu təfəkkürdə olan insanlar rəhbərlik edir. Bu insanları rahatlıqla Nobel mükafatına təqdim etmək olar.

Bir neçə dəfə dəvət edilsə də Salome Zurabişvili Qriqol Vaşadzenin canlı efirdə debat təklifini qəbul etmədi. Zurabişvili uzun illərdir siyasətdədir. Sizcə, o, nəyə görə debatdan imtina etdi?

Bizim namizədlər arasında fərq çox böyükdür. Salome Zurabişvili Avropada doğulub, beynəlxalq qurumlarda çalışıb, bu öz yerində, axı indi o, sərbəst fəaliyyət göstərmir. Onun siyasi piarı ilə Rusiyadan göndərilən siyasi texnoloqlar məşğul olur. Bu durumda bir siyasətçi üçün Vaşadze kimi güclü diplomatla dialoqa çıxmaq avtoqol effekti yaradacaqdı. Ona görə israrla imtina etdi. Nəinki Zurabişvili, heç hakim partiyadan olan millət vəkilləri də bizimlə açıq debata çıxamağa cəsarət eləmədilər. Çünki 6 ildə Gürcüstanı vahim bir duruma gətiriblər. Vahid Milli Hərəkat Partiyasının istənilən üzvü 9 illik iqtidar dönəmində ölkədə aparılan islahatlardan fəxrlə danışa bilər. Onlar nə deyəcəklər?.. 6 ilə ölkəni viran qoymaqlarından söz açacaqlar? Biz hökuməti təhvil alanda Gürcüstan yoxsul dövlət, əhali səfalət içərisində idi. Hökumətin heç bir institutu tam gücü ilə çalışmırdı. Saakaşvilinin yürütdüyü siyasət nəticəsində qısa zamanda çevik hökumət formalaşdırıldı, bacarıqlı gənc kadrlar ölkəyə yeni nəfəs verdilər, biz Gürcüstan dövlətini faktiki yenidən qurduq. 2012-ci ildə biz iqtidarı Gürcü Arzusuna təhvil verəndə bütün dövlət aparatı işləyirdi, ölkənin ciddi valyuta və qızıl ehtiyatları vardı. Biz 2 milyard larilik büdcəni yeni hakimiyyətə verib sivil yolla hakimiyyətdən getmişik. Görünən odur ki, biz 2018-ci ildə həmin iqtidardan Gürcüstanı müflis şəkildə geri alacağıq. Ən pisi insanların gələcəyə olan ümidlərini itirmələridir. Buna görə də qarşımızda böyük işlər dayanır. Sadaladığım səbəblər üzündən bu iqtidar bizimlə millət içərisində üz-üzə gəlmək istəmir. Xalqı aldatmaq olmaz. Gürcüstan vətəndaşları artıq düzgün seçim etməyi öyrəniblər.

İqtidar komandası iddia edir ki, müxalif düşərgə ölkə həyatının mənfi çalarlarını həddən artıq qabardır...

Tənqiddən nəticə çıxarmayan iqtidar hakimiyyətlə vidalaşmalıdır. Xalq üçün işləməyən hakimiyyət ölkə rəhbərliyində uzun müddət qala bilməz. Gürcü Arzusu heç nə etmədən, Saakaşvili iqtidarının resursları ilə özlərinə piar quraraq uzunmüddətli hakimiyyət istəyir. Bu, Gürcüstanda mümkün olan məsələ deyil. İvanişvili deyir ki, kənd təsərrüfatı sahələrində narkotik madə becərilməsinə başlanmalıdır, çünki bu, 500 dəfə gəlir gətirən sahədir. Gürcüstan vətəndaşları vətənlərində azad, demokratik cəmiyyət qurulması üçün mübarizə aparıb, qurbanlar veriblər, ona görə ki, Gürcü Arzusu ölkəni narkomanlar diyarına çevirsin, ölkənin gələcəyini məhv etsin?.. Bu cür səbatsız, siyasidən, mənəviyyatdan yoxsul bir şəxsin iqtidarı uzun sürə bilməzdi. İnanıram ki, yaxın illərdə bu partiya tamamilə siyasətdən silinəcək. 28 oktyabrda bu prosesin ilk mərhələsi başa çatacaq. Ya Gürcüstan sürətlə Avropaya intiqrasiya edəcək, ya da ötən əsrin 90-cı illərinə dönəcək. Bütün sağlam düşüncəli insanlar tirana – İvanişviliyə “YOX” deməyi bacaracaqlar.

Saxtalaşdırmalar olsa, müxalifətin təpkisi necə olacaq?

Biz bütün sivil yollara baş vuracağıq. Demokratiyanın verdiyi bütün imkanlardan istifadə edəcəyik. İqtidar əmin olsun ki, saxtakarlıq olsa, 150 minlik fasiləsiz mitinqlər başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.