Yeni parlamentin ilk iclasına Zeynəb Xanlarovanın sədrlik edəcəyi gözlənilir

2-11-2015, 12:51           
Yeni parlamentin ilk iclasına Zeynəb Xanlarovanın sədrlik edəcəyi gözlənilir
Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə görə, 776 namizəd arasından 125 mandatı qazananların siyahısı açıqlanıb.

Modern.az saytı 125 qalib arasında ən cavan və ən qoca deputatın kim olduğunu müəyyənləşdirib.

Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Naqif Həmzəyevdir. 1983-cü il təvəllüdlü (32 yaş) Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.

Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək və onun təklifi ilə Hesablayıcı Komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra sədr seçilir.

Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 201-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlaentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.

Yəqin ki, parlamentin ən yaşlı deputatı Zeynəb Xanlarova iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə getsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.