Roma Papasının Qarabağ günahına sillə kimi cavab: Allaha nə deyəcək bəs?…

29-06-2016, 01:26           
Roma Papasının Qarabağ günahına sillə kimi cavab: Allaha nə deyəcək bəs?…
“Onlar deyirlər ki, bir ovuc torpağa görə vuruşmaq olmaz, silahı yerə qoymaq və sülhün yollarını aramaq gərəkdir. Mən isə deyirəm ki, vətənimin istənilən ərazisi mənim üçün böyükdür və özünü Tanrının qulu sayan hər kəs vətənini qorumalıdır” (Paviya yepiskopu Lanfranko Bekkariya, 1160-cı il)
rrİtaliyanın Lombardiya vilayətində kiçik Qrelello-Kayroli kommunası var. Əhalisi cəmi 4096 nəfərdir. Əsrlər əvvəl, daha doğrusu 1159-cu ildə Roma Papası 3-cü Aleksandr bu kiçik şəhərin sahibləri sayılan Bekkariya ailəsinin mənsubu Lanfrankonu Paviyaya yepiskop təyin etmişdi.
Lanfranko Bekkariya indi Roma katolik kilsəsinin müqəddəslərindən biridir. Tarixə də “kiçik torpağa böyük ürəyini əsirgəməyə insan” kimi düşüb.
Roma Katolik Kilsəsinin rəhbəri, Papa 1-ci Fransisk iki il əvvəl moizələrindən birində Müqəddəs Lanfrankonu xatırlayaraq söyləmişdi: “Torpaq əzizdir, müqəddəsdir və Tanrının bizə lütfüdür. Bu səbəbdən də torpağın kiçiyi olmur, bir ovuc torpaq da ruh qədər əzizdir”.
Ermənistanda olanda isə Papa, bütün dünya xristianlarının “Müqəddəs Ata” dedikləri şəxs, milyardlarla insan üçün mənəvi və ruhi lider sayılan pontifik Azərbaycana da səfər edəcəyini söylədi, bölgə xalqlarını sülhə çağırdığını təkrarladı və dedi: “Azərbaycanlılara burada gördüyüm, hiss etdiyim həqiqət barədə dannışacaq, onlara ürək-dirək verəcəyəm. Onlara söyləyəcəyəm: bir ovuc torpağa görə sülhü bərqərar etməkdən böyük heç nə yoxdur – axı bu nə isə zülmətdir, deyilmi?! Lakin bütün ermənilərə və azərbaycanlılara deyirəm – bəlkə onlar sülhün əldə olunması məsələsində razılığa gələ bilmirlər, bu istiqamətdə çalışmaq gərəkdir. Daha nə deyəcəyimi bilmirəm. İndi qəlbimdən məhz bu gəlir – həmişə irəliyə aparan müsbət həllər tapmağa can atmışam”.
Roma Papası “bir ovuc torpaq” dedikdə Dağlıq Qarabağı və Azərbaycanın erməni işğalında olan digər ərazilərini nəzərdə tutur. Müümkündür ki, dünyadakı katoliklərin sayını və onların yaşadıqları ölkələrin ərazilərinin toplam sahəsini nəzərə alsaq, işğalda olan ərazilərimiz Vatikanın pontifiki üçün “bir ovuc torpaq” təsiri bağışlasın – Müqəddəs Pavel Meydanı axı Xankəndidən, Şuşadan çox uzaqdadır. Məsafə isə məlum, ölçüləri vizual olaraq kiçildir.
Amma bizlər burada yaşayırıq və o “bir ovuc torpaq” Yurdumuzun bir hissəsidir – işğal altında qalan, azad ediləcəyi əsla şübhə doğurmayan Vətən. Ruhumuzun, mənəviyyatımızın, tariximizin, dünənimizin və sabahımızın ayrılmahz hissəsi olan Qarabağdır Papa 1-ci Fransiskin “bir ovuc torpaq” adlandırdığı məkan.
Gərçi “bir ovuc torpaq” uğrunda döyüşmək, savaşmaq, qanından keçməyə hazır olmaq “gərəksiz məsələ”dirsə və “problemi sülh yolu ilə həll etmək lazımdırsa”, onda 1-ci Fransisk nə üçün işğalçı Ermənistanı sülhə dəvət etmədi, məntiqə, ədalətə, vicdana çağırmadı, işğal etdiyi torpaqlardan çıxmasını istəmədi, Azərbaycanın ərazi bütövlüyündən Ermənistanda bəhs etmədi? Axı evin toxunulmazlığı ailənin sülhüdür.
Etiqad inam zərrəciklərindən ibarət olduğu kimi, dövlət də evlərin və ailələrin məcmusudur. “Kiçik asayiş böyük sülh yaradır”, – bunu katoliklərin sitayiş etdikləri Müqəddəs Albin söyləmişdi.
Bütün dünya katoliklərinin gündəlik dualarından birində deyilir: “Sed a periculis cunctis libera nos semper”. Yəni “Həmişə bizi bütün təhlükələrdən hifz et”. Roma Papası 1-ci Fransisk İrəvanda səfərdə olarkən doğrudanmı hiss etmədi ki, Cənubi Qafqaz üçün ən böyük təhlükə erməni şovinizmi, cəlladlıq səviyyəsindəki irqçilik, işğalçılıqdır? Hiss etməmiş deyildi, çünki hissiyyat alınmış məlumatların şüurda işlənməsinin doğurduğu nəsnədir və Roma Papası da Dağlıq Qarabağ münaqişəsi barədə – əminəm – yetərincə məlumata malikdir.
Dinc insanları həmin təhlükədən hifz etmək həm də pontifikin bilavasitə borcudur. Ermənistandan fərqli olaraq, Azərbaycan bir etnosun dövləti deyil. Ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Məhz bu baxımdan Azərbaycan üçün sülh həm də separtizmlə mübarizədir ki, “mənim quracağım kiçik evim böyük evimizi dağıtmaqdır” anlamı təki fəsadlı, təhlükəli, taun təki qorxulu bəlanın yaranmasına rəvac verməyi ehtiva edir.
Pontifik sülhdən danışdı, lakin nədənsə sülhün yaranması üçün ilkin şərtin Ermənistanın işğalçılıq siyasətinə və sonsuz ərazi iddialarına son qoyması olduğunu söyləmədi, Dağlıq Qarabağ münaqişəsinin kökündə İrəvanın şovinizminin durduğunu dolayı yolla olsa belə, işarə vuraraq Ermənistan rəhbərliyinə diplomatik şəkildə iradını bildirmədi.
Əksinə, Roma Papası 1-ci Fransiskin sülh çağırışı, sanki, Azərbaycanın ərazi itkiləri hesabına sülhə nail olmağa, işğalla, terrorla, separatizmlə barışmasını nəzərdə tuturdu, problemin Azərğaycanın ərazi bütövlüyü hesabına çözümünü qabardırdı. İrada, qınağa məruz qalası tərəf İrəvan, sülhə vadar ediləsi dövlət Ermənistandırsa, Papa İrəvanda ədalətdən danışanda Ermənistanı bu dəyəri unutmamağa, haqqa və beynəlxalq hüquqa riayət etməyə çağırmalı deyildimi?!
1-ci Fransisk Türkiyədə səfərdə olarkən “İslam sülh dini, Quran da peyğəmbərin sülh kitabıdır” söyləmişdi. Tamamilə doğrudur, çünki Allah-Təala Qurani-Kərim vasitəsilə bütün müsəlmanlara buyurub: “Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!” (Şura 42). Bununla belə, mömin müüsəlman vətəni, namusu, irzi, iffəti, keçmişi və gələcəyi təhlükədə olarsa, işğalçının hücumuna məruz qalarsa, döyüşməlidir. Şərə qarşı döyüşmək savabdır – bu, bütün səmavi dinlərdə hökm buyurulur, İslamda da belədir.
Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərində Allah evləri darmadağın olunub, tarix və mədəniyyət abidələri tar-mar olunub, irs abidələrimiz yağmalanıb, məzarlar yeksan edilib, şəhərlər və qəsəbələr viran qoyulub, 1 milyona yaxın soydaşımış erməni terroru nəticəsində məcburi köçkünə və qaçqına çevrilib,. Məhz buna görə Azərbaycan işğalçıya qarşı döyüşmək hüququnu özündə saxlayır və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinc danışıqlar nəticəsiz qalarsa, erməni işğalçılarının hərbi əməliyyatlar vasitəsilə torpaqlarımızdan vurulub çıxarılması haqqına malik olduğunu deyir.
… Bizans imperatoru 1-ci Aleksey Komninin elçiləri ərazilərinin “qorunması üçün müsəlmanlara öldürücü zərbə vurulmasına zərurət duyulmasından” danışanda Papa 2-ci Urban susmuş, sonra Klermon Şurasından bəhs etməyə başlamışdı. Bu dəm Mayns arxiyepiskopu Ziqfridin əsabələrindən biri dözməyərək soruşmuşdu: “Onlar yalan danışırlar, katoliklərə müsəlmanlar barədə uydurmalar söyləyirlər. Müqəddəs Ata, gerçəyi niyə söyləmədin?! Niyə işğala məruz qalanla işğalçını bərabər tutursan?!”
Mən indi o sualı yenidən möhtərəm Xorxe Mariya Berqolyoya, 266-cı Roma Papasına ünvanlayıram.
Elçin Alıoğlu, Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.