Elçibəyin İstanbul səfərindən daha bir fakt: yalnız bir dəfə ABŞ prezidenti…

29-06-2016, 09:52           
Elçibəyin İstanbul səfərindən daha bir fakt: yalnız bir dəfə ABŞ prezidenti…
Keçmiş prezidentin kürəkəni hadisənin təhrif edildiyini bildirir
Bu yaxınlarda Türkiyənin “Hürriyyət” qəzetində Azərbaycanın milli azadlıq hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəylə bağlı maraqlı fakt dərc olunmuşdu. Qəzet yazırdı ki, Əbülfəz Elçibəy 1992-ci il iyunun 24-də Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının sammitində protokoldan kənara çıxaraq konfrans başlayan saatlarda Topqapı sarayını seyr etməyə gedib.
Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli moderator.az-a müsahibəsində bu hadisənin təhrif olunduğunu və olayı detalları ilə anladıb. Aqil Səmədbəylinin dediklərini təqdim edirik: “O yazını oxudum, xeyli təhriflər vardı, kimsə haradansa eşidib, detalları bilməyib deyə məsələni səhv yazıb. O hadisəni özüm dəqiqliklə bilirəm. Rəhmətlik Ilqar Qədirquliyev o əhvalatı bizə danışmışdı. Həmin hadisə zamanı Bəyin yanında Ilqar bəy olub. Əvvəla, Elçibəy protokolu pozan adam deyildi, o, mənəviyyat aləminin insanı idi. Gəncliyindən, hələ Misirdə işlədiyi dövrdən protokol qaydalarının nə olduğunu gözəl bilirdi. Əbülfəz Elçibəy üçün Istanbulda Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının yaranma ərəfəsində Çırağan sarayında boğaz mənzərəli xüsusi dairə ayrılmışdı. Onu da qeyd edim ki, həmin dairə Elçibəydən əvvəl yalnız bir dəfə ABŞ prezidentinə ayrılıbmış, ondan sonra heç kəs o dairədə qonaq edilməyib. Bu da Elçibəyə olan xüsusi hörmətin əlaməti idi. Elçibəy rəhmətlik İlqar bəyə deyib ki, bacıoğlu, bəlkə Istanbulu gəzək? O da qayıdıb ki, Bəy, necə məsləhət bilirsiniz, elə də olsun. İlqar bəy də maşın çağırıb, maşını idarə edən də əmniyyət müdirlərindən biri olub. Sonra həmin əmniyyət müdiri ilə görüşdüm də. Maşına minib boğazı gəziblər, səhərə yaxın otelə qayıdıblar. Orada heç bir protokol pozuntusu olmayıb. Gecə saat 3-4-də nə toplantı ola bilərdi ki? Dincəliblər, səhər də tədbirə qatılıblar. Məlumatsızlıqdan və ya başqa niyyətlə yazıda təhriflər olmuşdu. Toplantı keçirilən zaman mən də Istanbulda idim, Əbülfəz Elçibəy o toplantının ulduzu idi, bütün prezidentlər Elçibəyə yaxın oturmaq, şəkil çəkdirəndə onun yanında durmaq üçün bir-biri ilə yarışa girmişdilər. Süleyman Dəmirəl özü belə Əbülfəz Elçibəylə məsləhətləşirdi, birmənalı şəkildə Bəyin dedikləri konfrasda həlledici olurdu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.