Rusiyanın Qarabağ üçün ən optimal “həll formulu”

6-03-2017, 10:05           
Rusiyanın Qarabağ üçün ən optimal “həll formulu”
Dağlıq Qarabağ problemi tədricən münaqişənin həllinə cəlb olunmuş böyük güclərin gündəmində daha da arxa plana keçməkdədir. Hər necə olmasa, ötən ilki 4 günlük aprel müharibəsindən sonra danışıqlar prosesində heç vaxt görünməyən bir durğunluq müşahidə olunmaqdadır. Hələ ki nə Rusiya, nə də digər aparıcı vasitəçi dövlət - ABŞ prosesi dalandan çıxarmağa ciddi həvəs göstərmir. Yalnız ümumi, növbətçi bəyanatlar eşidilməkdədir.

Bu xüsusda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ötən həftəsonu verdiyi açıqlamanı yada salmaq yetər. Rusiya XİN rəsmisi Qarabağ probleminin Moskvanın diqqətində olduğunu demişdi. Eləcə də ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla telefon söhbətində bənzər ifadə işlədərək bildirib ki, rəsmi Vaşinqton bundan sonra da Qarabağ nizamlanması üçün aktiv səylərini davam etdirəcək.

Lakin fakt ortadadır ki, həm Rusiya tərəfdən Qarabağ məsələsinə göstərilən “diqqət”, həm də ABŞ-ın “aktiv səyləri” üçüncü on illikdir nəticə vermir. Demək, ya Moskva və Vaşinqton belə açıqlamalarda səmimi deyillər, ya da tutduqları mövqe produktivlikdən uzaqdır. Müşahidələr göstərir ki, sülh nizamlanmasının daşa dirənməsində hər iki məqam özünəməxsus rol oynayır.

***

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfərə hazırlaşır. İki günlük səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Təbii ki, Qarabağ problematikası da diqqət mərkəzində olacaq. Lakin bu yerdə Elmar Məmmədyarovun Moskvaya az öncə etdiyi səfərdən sonra verdiyi açıqlama yada düşür. Azərbaycan XİN başçısı həmin səfərdən razı qalmadığını söyləmişdi.

Daha öncə isə o, “Rusiya istəsə, Dağlıq Qarabağ probleminin həllində qısa zamanda irəliləyişə nail ola bilər” demişdi. Diplomatik dildən tərcümədə bu, elə “problemin həllinə məhz Rusiya mane olur” anlamı verir. Gerçək də zatən, bu cürdür. Çünki bütün dünya bilir ki, Kreml səmimi şəkildə istəsə, konfliktin çözümündə ciddi dönüşə nail olar. Rusiya isə buna tələsmir. Görünür, konkret olaraq, Azərbaycandan istədiyini hələ ala bilməyib.

***

Rusiyanın nə istədiyini isə fevralın 20-da Dalıq Qarabağa qanunsuz yolla gedərək, saxta referendumu “müşahidə” eləmiş rusiyalı politoloq və ictimai xadim, Rusiya İctimai Palatasının üzvü Valeri Korovinin rusdilli Vesti.az saytına müsahibəsindən qabarıq şəkildə görmək olar.

Musavat.com-un məlumatına görə, Korovin Qarabağ probleminin “həlli”nin yalnız Avrasiya Birliyi çərçivəsində mümkün olduğunu deyib: “Aydın bilinən rusiyayönlü, Avrasiya inkişaf xəttinin götürülməsi Qarabağ konfliktinin nizamlanmasının başlanğıcı olacaq. Qərbyönlü kursun davam etdirilməsi isə Azərbaycanı nəinki Dağlıq Qarabağdan və Ermənistandan, həm də Rusiyadan daha da uzaqlaşdıracaq. Qərb isə xaos, qan, nifrət və qarşılıqlı düşmənçilik qaynağı olmaqla həmişə aldadır”.

“O zaman belə çıxmırmı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycan Rusiyanın subyekti olacağı təqdirdə mümkündür” sualına rusiyalı şərhçi belə cavab verib: “Xeyr. Ancaq bu zaman Qərblə Rusiyaya qarşı oynamaq, cəbhələşmək lazım deyil. Bu, ən azından konstruktiv deyil. Daha konstruktivi - Avrasiya inteqrasiya layihələrində iştirak etmək, postsovet məkanında tarixi, mədəni əlaqələri bərpa eləmək, əlaqələri qarşılıqlı nifrət əsasında yox, əməkdaşlıq üzərində qurmaq lazımdır, nəinki bizə hər mənada yad olan Qərblə olmaq”.

“Yəni, belə çıxır ki, Azərbaycan Rusiya ilə olmasa, Qarabağı itirəcək?” Korovinə görə, yəqin ki: “Azərbaycan təkcə Dağlıq Qarabağı yox, öz suverenliyini, sabitliyini və təhlükəsizliyini də itirə bilər. Nə Amerika, nə də bütövlükdə Qərb Azərbaycan hayında deyil. Azərbaycan Qərb tərəfdaşları üçün yalnız anti-Rusiya cəbhəsi kimi, Moskva üçün ”baş ağrısı" problemlərinin mənbəyi olaraq maraqlıdır. ABŞ-ın Azərbaycan üçün pozitiv ssenarisi mövcud deyil. Amerika heç vaxt Azərbaycanın təhlükəsizlik məsələləri ilə maraqlanmayacaq. Təklikdə ABŞ, Rusiya və bir də bəlkə Çindən başqa heç kim öz suverenlik və təhlükəsizlik məsələlərini həll etmək iqtidarında deyil. Və əgər misal üçün, 100 minlik İŞİD ordusu Suriyaya, İraqa, Liviyaya yox, Azərbaycan ərazisinə soxulsa, ölkənizi Rusiyadan başqa heç kim xilas etməyəcək. Hər halda Qərb dəqiq bunu etməyəcək. Bu, ən dəhşətli, kontrast nümunədir. Ancaq belə təhlükələr çoxdur".

***

Göründüyü kimi, imperiya təfəkkürlü rus politoloq açıq şəkildə bəyan edir ki, Qarabağ məsələsi yalnız Rusiyanın dominant olduğu yeni bir SSRİ tərkibində mümkündür. Başqa sözlə, Kremlin Dağlıq Qarabağı suveren və müstəqil Azərbaycanın tərkibində görmədiyinə işarə vurur, bizi açıq formada təhdid edir. Eyni zamanda Azərbaycanı Qərblə qorxutmağa çalışır ki, onlarla (ABŞ və Avropa ilə) olsanız, nəinki Dağlıq Qarabağı, üstəlik, öz suverenliyinizi də itirərsiniz. Necə deyərlər, izafi şərhə ehtiyac qalmır.

Əslində Moskvanın da Qarabağa dair ən optimal “həll formulu” elə budur: Kreml strateqlərinin nəzərincə, yalnız Azərbaycan və Ermənistanın da daxil olduğu Avrasiya Birliyi, yəni SSRİ-nin daha mədəni forması münaqişənin həlli üçün çarə ola bilər. Amma bu, əlbəttə ki, Qarabağ məsələsinin ədalətli həlli olmayacaq. Olsa-olsa, konfliktin təzədən dondurullması demək olacaq. İndi kim zəmanət verə bilər ki, Moskva məqamı gələndə ondan təzədən Azərbaycana və Ermənistana qarşı istifadə etməyəcək?

Məsələ də ondadır ki, imperiyanın tərkibində Qarabağ ixtilafının həlli yoxdur, ola bilməz. Bu həqiqəti əlbəttə ki, ilk növbədə Azərbaycan - ərazilərinin 20%-i işğal altında olan ölkənin siyasiləri ciddiyə almalıdır. O da gerçəkdir ki, Rusiya hələ ki bölgədə çox güclüdür və onun mövqeyi ciddiyə alınmadan problemin nə sülh, nə də hərbi yolla həllində real irəliləyişə çatmaq müşkül görünür. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.