Mahmud Məmmədquliyev Mehman Hüseynovdan danışdı- MƏN DEMİRƏM Kİ, BİZDƏ HƏR ŞEY ƏLADIR

8-03-2017, 21:15           

“Azərbaycan demokratiyası gəncdir. Biz cəmi 20 il öncə demokratiyaya keçmişik. Ona kimi biz insan haqları nədir, insan haqlarının müdafiəsi nədir, bilməmişik”.

Teref.iunfo Azadlıq radiosuna istinadən bildirir ki, Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bunu Brüsseldə Avropa Siyasəti Mərkəzinin təşkil etdiyi müzakirələrdə deyib. Azərbaycan-AB münasibətlərinə həsr olunan tədbirdə nazirlik rəsmisi bildirib ki, Azərbaycanda insan haqları ilə bağlı hər şey mükəmməl olmasa da, xeyli işlər görülür:
“Azərbaycandakı insan haqlarının durumunun necəliyinə xeyli maraq var. Xanım Heidi Hautala (Finlandiyadan olan siyasətçi, Avropa Parlamentinin üzvü) Mehman Hüseynov işini vurğuladı. Mən demirəm ki, bu sahədə hər şey əladır. Hər ölkədə -hətta, əsrlər öncə demokratiyanın bünövrəsini qoymuş ölkələrdə də belə problemlər tapa bilərsiniz. Amma bunlara baxmayaraq Azərbaycan insan haqları, təməl azadlıqlar və demokratiyanın müdafiəsini gücləndirməyə çalışır”.
Mahmud Məmmədquliyev Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. O deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz iqtisadi fəaliyyətlə bağlı Azərbaycan xarici işlər nazirliyi Avropa Birliyinin xarici siyasət üzrə rəsmisi Federica Mogheriniyə 2 dəfə məktub yazıb, bu haqda onu bilgiləndirib. Ancaq hələ də cavab almayıb:
“Təzəlikcə Avropa İnvestisiya Bankı Ermənistan və Gürcüstan sərhədində yolun tikintisini maliyyələşdirir. Və bizim təəccübümüzə o səbəb olub ki, burda iştirak edən şirkət Azərbaycanın işğal edilmiş ərazilərində də qeyri-qanuni tikinti işləri aparıb. Bu bank işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən bir şirkəti işə cəlb edib. Bu tamamilə qəbuledilməzdir”.
Mahmud Məmmədquliyev bildirib ki, ümid edir baş verənlərlə bağlı cavab ala biləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.