Erməni mətbuatı Ollandın Sarkisyana əcaib təklifindən yazdı: “Qarabağda atəşkəsi pozanları cəzalandıran qurğular quraşdıraq”

9-03-2017, 20:04           

İşğal edilmiş torpaqların işğalına şərik olmaq istəyənlər artır – kimin torpağında kimlər at oynadır...

Hurriyyet.org xəbər verir ki, dünən, martın 8-də Fransa və Ermənistan prezidentlərinin görüşü olub. Fransua Olland İlə Serj Sarkisyan Qarabağ münaqişəsi ilə bağlı danışıq aparıblar. Erməni mətbuatında Minsk qrupunun üzvü olan Fransa dövlətinin prezidenti Ollandın təklif elədiyi atəşkəsi pozan tərəfi “cəzalandırmaq” mexanizminin Qarabağda yerləşdirilməsi məsələsindən bəhs edilib. Naira Ayrumyanın məqaləsini olduğu kimi nəzərinizə çatdırırıq.

Fransanın Qarabağ məsələsi ilə bağlı yeni təklifi
Naira Ayrumyan, Lragir.am

Parisdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı Fransa respublikasının başçısı Fransua Olland vacib bir bəyanat verib. “Armenpress”in verdiyi xəbərə görə, Olland deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Qarabağ münaqişəsi zonasına nəzarət mexanizmlərinin yerləşdirilməsinin tərəfdarıdır. Bu mexanizmlər atəşkəsin pozulması hallarının kökünü kəsə və sülhü pozanları “cəzalandıra” bilər. “RİA Novosti” isə “cəzalandırmaq”dan yox, “xəbərdarlıq”dan danışır. Ermənistan prezidentinin mətbuat xidmətinin rəsmi informasiyalarında da “cəzalandırmaq” ifadəsi işlədilir.
Cəzalandırmaqdan danışarkən Fransa prezidenti nəyi nəzərdə tutur? İndiyə qədər insidentlərə nəzarət maxanizmlərindən danışarkan istisna olaraq, atəşkəsin pozulmasında günahkar olanların aşkarlanması kontekstində çıxış edilirdi. Bu dəfə Olland cəzalandırmaqdan danışır ki, bu da tamamilə fərqli mexanizmlər tələb edə bilər.
“Nəzarət” mexanismləri texniki planda – atəşkəs rejiminin pozulması zamanı atəşin haradan açıldığını qeydə alan radarlar və ya başqa bir texnika deməkdir.
“Cəzalandırmaq” isə atəşin açıldığı atəş nöqtəsini məhv etmək, yaxud da istifadə olunan silahı neytrallaşdırmaq imkanı verən bir mexanizmin mövcudluğunu nəzərdə tutur.
Fransa Qarabağın sərhədində təkcə atəşkəs pozuntusu ocağını aşkara çıxaran yox, həm də ona xəbərdarlıq zərbələri endirən bir təhcizat sistemi yerləşdirməyimi təklif edir?
Ermənistan ilə Fransa belə bir silahın Qarabağda yerləşdirməsini qətiyyətlə istəməyən Azərbaycanın razılığı olmadan yerləşdirməsi barədə razılığa gələ bilərlərmi? Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə Serj Sarkisyan bu təklif barədə danışıblarmı?
Maraqlıdır ki, hərbi ekspertlər Bakının İsraildən strateji “Dəmir Gümbəz” qurğularını alması niyyətindən danışırlar. ABŞ-ın erməni təşkilatları Amerika Konqresinə müraciət edərək, belə bir silahın Azərbaycana satılmasına yol verməmək çağırışı ediblər – çünki bu silahı təşkil edən hissələr Amerika istehsalıdır, ABŞ isə 907-ci düzəlişlə Azərbaycana silah satışını yasaqlayıb.
Ollandın bəyanatından görünür ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri adından real işləyəcək mexanizm təklif edir – bu mexanizm insidenti qeydə almaqla kifayətlənmir, həm də onu “cəzalandırır”.
Ermənistanın Fransanın təklifi ilə razılaşıb-razılaşmadığı bəlli deyil, lakin düşünmək olar ki, bu qəbildən olan mexanizmlərin, üstəlik də Rusiyanın yox, ATƏT-in bayrağı altında Qarabağda yerləşdirilməsi Rusiyaya sərf eləmir.
İlham Əliyev martın 14-də Parisə yollanacaq. Elə həmin gün Serj Sarkisyan Moskvada olacaq, özü də rəsmi planla – müəyyən hərbi-siyasi sənədlər imzalanacaq.
Ola bilsin ki, Rusiya təkcə Ermənistanın yox, Qarabağın da təhlükəsizlik təhdidləri halında müəyyən təminatlar verməyə hazırdır. Serj Sarkisyan isə seçim etməli olacaq – Fransanın həmsədrlər adından təklif elədiyi “cəzalandıran” mexanizmlər, yoxsa Rusiyanın təklif elədiyi hərbi-siyasi sənədlər...”

Tərcümə Hurriyyet.org-undur

P.S. Maraqlıdır, Azərbaycanın torpaqları işğal ediləndə bu dövlətlər və nəzarət mexanizmləri harada idilər? Fransa-Rusiya-ABŞ-ın həmsədr olduqları, arada vasitəçilik edən Minsk qrupu ancaq süründürməçi, faydasız danışıqlar aparmaqla məşğuldur. Sülh danışıqlarının heç bir nəticə vermədiyi, Ermənistanın işğal elədiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmağa razılaşmadığı halda, Azərbaycanın bu torpaqları itirdiyi, yəni hərbi yolla almaq istəyi tamamilə qanunidir. Lakin nə erməni işğalında olan Kəlbəcərin qızılına şərik olan Fransa (bax: http://hurriyyet.org/8928-qarabag-qizili-gizli-yolla-rusiya-ile-fransaya-aparilir-ermenlerden-etraf.html), nə də Ermənistanı öz hərbi bazasına çevirmiş Rusiya (http://hurriyyet.org/21974-ermenstann-turkye-le-serhedn-rus-herbchler-qoruyur.html) Azərbaycanın öz imkanları ilə öz ərazisində ədaləti bərqərar etməsinə imkan vermirlər, özlərinə hakim donu biçdikləri halda, müttəhimlə zərərçəkəni eyni masa arxasına çəkməyə çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.