Kreml təsdiqlədi –Seçki kampaniyası zamanı Trampın vəkili Putinə müraciət edib

31-08-2017, 08:53           

Kreml çərşənbə günü prezident Donald Trampın şəxsi vəkilindən 2016-cı il seçki kampaniyası dövrü Rusiyada biznes layihəsi ilə bağlı müraciət alındığını təsdiq edib.

Konqresin Nümayəndələr Palatasının Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniya üzvlərinin Rusiya ilə mümkün əlaqələrini araşdıran Kəşfiyyat komitəsinə ünvanladığı bəyanatda vəkil Maykl Kohen bildirib ki, prezidentin kampaniyası Respublikaçıların praymerizi zamanı Moskvadakı layihə ilə məşğul olub. Onun sözlərinə görə, plan müxtəlif səbəblərə görə təxirə salınıb.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə Kohendən email alındığını bildirib. O, emailin mətbuat ofisinin ümumi elektron poçtuna göndərildiyini deyib. Peskov bidirib ki, bu, Kremlin mətbuat ofisinin aldığı çoxsaylı emaillərdən biri olub və Kreml ona cavab verməyib.

Vəkil Kohen bildirib ki, o, daşınmaz əmlakla bağlı təklif üzərində əslən Rusiyadan olan və Moskva ilə yaxın əlaqələri olduğunu iddia edən köməkçisi Feliks Saterlə işləyib.

Moskvadakı layihə ilə bağlı müzakirələr 2015-ci ilin payızında Trampın prezidentlik yarışlarına qoşulacağını elan etməsindən bir neçə ay sonra aparılıb. Kohenin bəyanatına əsasən, o, layihənin icrasının mümkün olmadığını gördükdən sonra danışıqlar 2016-cı ilin əvvəlində dayandırılıb.

Kohen həmçinin Trampın layihədən şəxsən xəbərdar olduğunu açıqlayıb. Onun bildirdiyinə əsasən, Tramp planla bağlı məktubu imzalayıb və layihəni Kohenlə iki dəfə müzakirə edib.

Putinin emaillə tanış olub-olmadığı haqda sualı cavablandıran Peskov deyib ki, o, prezident Putinlə Kremlin elektron poçtuna dünyanın hər yerindən daxil olan yüzlərlə və minlərlə müxtəlif müraciətləri müzakirə etmir.

Peskov bildirib ki, mətbuat ofisi Kohenin emailinə cavab verməyib, çünki “belə biznes müraciətləri ilə məşğul olmur”. “Bu, bizim işimiz deyil”, Peskov əlavə edib. (Amerikanın Səsi)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.