Gəncənin icra başçısı "yuxarılara" kadr hazırlayır? - Belə çıxır...
21-10-2015, 15:30
Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə qeyd etmişik ki, bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, digər tərəfdən də bu hal ümumi inkişafın hərəkətverici amillərindən biri olaraq böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu işlərin həyata keçirilməsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu fəaliyyət öz təzahürünü ölkə ərazisində yolların əsaslı təmirində, yeni magistral yolların və yol qovşağlarının salınmasında tapır. Təşkilatın əksər strukturları da qarşıya qoyulan vəzfələrin öhdəsindən ləyaqətlə gələrək ASC-nin ümumi iş göstəricilərinin yüksəlməsinə öz tövhələrini verirlər. Lakin təəssüflər olsun ki, ASC-nin bəzi struktur rəhbərlərində yolverilməz ambisiyaların formalaşması hallarına da kifayət qədər tez-tez rast olunur. Elə redaksiyamıza yeni daxil olan şikayət məktublarında da Yevlax rayonu 18 saylı Yol İstismar İdarəsinin qeyri-qənaətbəxş fəaliyyətindən, bu idarənin rəisi Akif Allahverdiyevin öz işində yol verdiyi çeşidli nöqsanlardan bəhs edilir. Daxil olan məlumatlarda diqqət mərkəzinə çəkilən əsas məqamlardan biri budur ki, Akif müəllim rəhbərlik etdiyi Yİİ-nin resurs və vəsaitlərindən daha çox şəxsi mənfəəti naminə istifadə edir. Həmçinin məlumatlarda bildirilir ki, Akif Allahverdiyev ayrılan material və vəsaitlərin məqsədyönlü istifadəsini təmin etmir. Əksinə, vəsait və texnikadan daha çox şəxsi sifarişlərin yerinə yetirilməsi üçün istifadə olunur. Təbii ki, bu sifarişlərin icrasından əldə olunan gəlirdən də heç bir vergi ödənişləri də həyata keçirilmir. Bütün bunlara baxmayaraq Akif müəllimin bu qeyri-qanuni fəaliyyətinə nə Vergilər Nazirliyinin müvafiq strukturları, nə də “Azəryolservis” ASC-nin rəhbərliyi heç bir müdaxilə edə bilmirlər. Buna əsas səbəb kimi isə, Akif müəllimin özünü Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin yaxın dostu kimi qələmə verməsi göstərilir. Redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, Akif Allahverdiyevin tutduğu vəzifədə çalışdığı bütün müddət ərzində onun həm dövlət sifarişlərinin icrasında, həm də sadə vətəndaşlara qarşı davranışında yol verdiyi ciddi qanun pozuntuları bu məmurun öz cəzasızlığına tam arxayın olmasından xəbər verir. Belə ki, şikayətçilərin öz problemləri ilə “Azəryolservis” ASC-nin bilavasitə rəhbərliyinə müraciət edəcəklərini bildirməsi də 18 saylı Yİİ-nin rəisini düşünməyə vadar edə bilmir. Təəccüblü deyil ki, son bir neçə il ərzində şəxsi sərvəti inanılmaz dərəcədə artan idarə rəisinin ambisiyaları da xeyli böyüyüb. Belə ki, yerli mənbələrin verdiyi xəbərə görə, Akif Allahverdiyev hazırda karyera yüksəlişinin növbəti pilləsinə keçid üçün müvafiq hazırlıqlar görməkdədir. Artıq qeyd olunduğu kimi “Azəryolservis” ASC-nin rayonlarda fəaliyyət göstərən bəzi yol istismar idarələrnin rəhbərləri ümumi nailiyyətlər fonunda öz yarıtmaz fəaliyyətlərini pərdələmək taktikasına daha çox meyllidirlər. Təbii ki, bu idarə rəhbərlərinin işlərində yol verdikləri ciddi nöqsanlar, bəzi hallarda isə hətta kobud qanun pozuntuları diqqəti cəlb edir, yerli ictimaiyyətin haqlı narazılıqlarına səbəb olur. Ümid edirik ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən ən qısa zamanda Akif Allahverdiyevin fəaliyyətinin ətraflı araşdırılması və yaranmış problemin həlli üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.