Deputatlığa namizəddən Gədəbəydəki dərəbəyliklə bağlı prezidentə şikayət... - ETİRAZ
27-10-2015, 11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 103 Saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizəd, Azərnaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutnun elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşanzadə Ruşan Ələmşah oğlu tərəfindən
MÜRACİƏT
Möhtərəm Prezident!
V çağırış Milli Məclis seçkilərində iştiraka qatılmağımda gənc nəsilə mənsub bir şəxs olaraq məni bu məsuliyyətə sövq edən iki mühüm amil vardır.
1. Sizin müvafiq problemlərlə bağlı iradəli çıxışlarınıza, xüsusən də “sosial ədalət bərpa edilməlidir”- tezisinizə, qarşıya qoyduğunuz problemlərlə əlaqədar atdığınız cəsarətli addımlara inam.
2. Ali qanunverici orqan olan Milli Məclisdə xalqın və dövlətin daha da mütərəqqi inkişafı naminə fəaliyyət amalı ilə yanaşı doğulduğum Gədəbəy rayonundakı bir sıra sosial-iqtisadi, xüsusən, humanitar problemlərin həllində yaxından iştirak qayğısı.
Qeyd edim ki, məhz elə mənim platformamın əsas qayəsini təşkil edən ideya və seçicilərə olan əsas çağırışım “Sosial ədalətə səs ver, Milli əminiyyətə nail ol” ideyasıdır.
103 Saylı Gədəbəy Seçki dairəsindən deputatlığa rəsmi namizəd olaraq təbliğat fəaliyyətinə başladığım ilk gündən kəndlərdə insanlarla görüşlərimdə onların diqqətini qazandığıma görə mənə öz vətəndaşlığı naminə təmənnasız, könüllü köməklik göstərən insanlar yerli icra nümayəndələri və bələdiyyə sədləri tərəfindən maneələrlə qarşılaşıb və bu təbliğat-təşfiqat fəaliyyətinə davam etdikləri təqdirdə işdən kənarlaşdırılacaqları, həbs ediləcəkləri ilə təhdid ediliblər. Lakin mən, bu hadisələri bu günə kimi iki səbəbdən ictimailəşdirmək istəmirdim.
1. Hədələyənlərin hərəkələrini onların savadsızlığı və tapşırığa xidmətləri kimi izah edir və könüllülərimə onlara əhəmiyyət verməməyi məsləhət görürdüm.
2. Belə faktların ictimailəşməsi ilə bir sıra xarici və daxili anti-seçki meyilli siyasi dairələrin seçkilərlə qarşı apardığı fəaliyyətlərə rəvac verməmək üçün bizə qarşı göstərilən münasibətə dözümlü yanaşırıdım.
Lakin vəziyyət o yerə gəlib çatdı ki, bizim rayon əhalisi ilə təyin olunan görüşümüzün açıq şəraitdəki məkanı rayon mərkəzindən təqribən 5 km uzaqda yerləşən Qaradağ kəndi ərazisindəki "Sürücülük Məktəbi"nin həyəti, qapalı şəraitdə nəzərdə tutulan görüş yeri isə 50-ci illərdə inşa edilmiş və inşa edildikdən sonra üzərində heç bir təmir aparılmamış, bərbad, dağıntılı, ümumiyyətlə, 1990-cı ildən istifadəyə yararsız, "Kulub" adlandırılan bir yerdə müəyyən edildi. (Məndə həmin binanın necə də bərbad olduğunu əks etdirən daxili-xarici görüntülərin çəkilişi var).
Təsəvvür edin ki, hazırda olduqca yüksək səviyyədə quruculuq işi aparan, möhtəşəm ictimai binalar inşa edildən bir ölkədə hansısa rayon sakinini ora (dağıntılı kuluba) görüşə təşfiq və dəvət etsək həmin sakin üçün necə təhqir olardı. Çünki hamı "Klub" adlanan həmin daş toplusunu bir zaman seyr etdikləri hind kinolarındakı qəhrəmanların dəfn olunduğu məzar kimi xatırlayır.
Əhali ilə görüş üçün belə bir yerin təyin edilməsi bizə qarşı qərəzli bir münasibətin olduğunu ifadə edir. Bunun sübutu üçün deyim ki, görüşün intizamlı təşkili şəraitinə görə Gədəbəy rayonunda bir neçə geniş və səliqəli ictimai binalar var. (Necə ki, əvvəlcə “ya Mədəniyyət Sarayı, ya da Aşıqlar Evi-nin zalı nəzərdə tutulur” vədi verilmişdi).
Qeyd edim ki, bu gün, yəni, 26.10.2015-ci ildə Gədəbəydə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar biz görüşümüzü yalnız qapalı şəraitdə keçirə bilərdik. Bizə göstərilən bu qərəzli və məqsədyönlü münasibət Gədəbəydə seçki prossesinin necə aparılacağından xəbər verən əyani nümunədir. Yalnız bu fakt kifayətdir ki, 103- Saylı Gədəbəy Seçki Dairəsində seçkinin necə nəticələnəcəyini aydın etsin.
Xüsusi vurğulanmalıdır ki, belə faktlar təkcə bir namizədə qarşı aparılan anti-təbliğat fəaliyyəti deyil, eyni zamanda, bölgələrdə insanların seçki prossesinə münasibətlərində inamların itməsinə, ümidlərin üzülməsinə səbəb olan əlamətdir. Bundan da ağrılı tərəfi odur ki, belə faktlar ictimai-siyasi şüura ağır zərbə vurmaqla vətəndaşda öz dövlətinə qarşı bədbin təsəvvürlər yaradır.
Bunu Sizin diqqətinizə çatdırmağı özümə bir vətəndaşlıq borcu bilirəm və belə halların qarşısının alınması üçün tədbir görməyinizi Sizdən xahiş edirəm.
İmza: Ruşanzadə Ruşan Ələmşah oğlu.
Tarix: 26.10.2015.