Eldar Mahmudovun avtosalonları bağlanır - «Citroen» rəsmi satış və servis mərkəzi də bağlandı
28-10-2015, 13:46
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun obyektləri, ailəsinə məxsus ticarət obyektləri bir-bir qapadılır. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən sabiq nazirə məxsus və oğlu tərəfindən idarə edilən «Citroen» Bakı Mərkəzi, satış salonları və servis mərkəzi də dünəndən rəsmən satışını dayandırıb. Badamdar şossesi 123 ünvanında yerləşən mərkəzdəki bütün avtomobillər dünən gecə saatlarında yığışdırılıb və hara aparıldığı məlum deyil. Eyni zamanda məlum salonda yerləşən çox bahalı avtomobillərin də yığışdırılmasına start verilib.
İnformasiyaya əsasən Vergi Nazirliyinin əməkdaşları «Citroen» Bakı Mərkəzində yoxlamalara başlayıblar. GUNDEMİNFO.AZ-a danışan salon işçilərindən biri bildirib ki, Badamdardakı 2000 kvadratmetrlik «Eurosalon» satış mərkəzindəki bahalı avtomobillərəsasən MTN əməkdaşları tərəfindən alınırdı. Mənbəmiz ehtimal edir ki, MTN həbs etdiyi iş adamlarını Eldar Mahmudovun Badamdardakı bu salonuna yönəldərək oradan «Galanvagen», «Maseratti», «Mustanq», «Ferrari» və çox bahalı son model «Mercedes»lər aldırırlarmış. İş adamları da bu avtomobillərin pulunu ödəyərək MTN-çilərə verirmiş.
Qeyd edək ki, bu obyektdə eyni zamanda «Saba» Avtomobil satış mərkəzi yerləşir.
Onu da əlavə edək ki, adıçəkilən obyektlə üzbəüz yerləşən yanacaqdoldurma məntəqəsinin də Eldar Mahmudova məxsus olduğu söylənilir. Mənbəmiz iddia edir ki, adətən bu yanacaqdoldurma məntəqəsindən MTN əməkdaşları məcburi qaydada avtomobilləri üçün yanacaq vururlarmış.