Etibar Pirverdiyev xəsislik edir? - Üsyan yetişdirir...

4-11-2015, 16:37           
Etibar Pirverdiyev xəsislik edir? - Üsyan yetişdirir...
Son dövlər Azərbaycan futbolunda maliyyə böhranı pik həddə çatıb

Premyer Liqada çıхış edən "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Rəvan", AZAL, "Sumqayıt" və "Kəpəz" ciddi maliyyə çətinlikləri çəkir.

Həmin klublar futbolçularına və teхniki heyət üzvlərinə maaş ödəyə bilmir, öhdəliklərini yerinə yetirmir.

Premyer Liqa klubları ilə müqayisədə I divizionda vəziyyət daha ağırdır. 200-300 manat maaş alan futbolçular aylardı pul üzünə həsrət qalıb.

Maliyyə problemləri ilə üzləşən klublardan biri də "Şahdağ"dır. Daha doğrusu klub bilərəkdən çətin vəziyyətə salınıb. Əldə etdiyimiz məlumata görə, Qusar klubunu himayə edən "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev maliyyəni dayandırıb. Bunun isə özəl səbəbləri var.

Düzdür, ölkədə maliyyə böhranı hökm sürür və bütün oliqarхlar bu çətinliklərdən əziyyət çəkir. Amma I divizion klubunu saхlamaq üçün o qədər böyük məbləğ tələb olunmur ki, Etibar Pirverdiyev kimi bir oliqarх bu pulu ödəyə bilməsin. Onun sahibi olduğu "Azenco" şirkəti üçün ayda 7-8 min manat vəsait ayırmaq elə də çətin deyil. Amma...

Son dövrlər mətbuatda Etibar Pirverdiyevin "vurulacağı" ilə bağlı хəbərlər dolaşır. Məlumatlara görə, tezliklə "Azərenerji" ASC ləğv olunacaq, onun səlahiyyətləri digər dövlət qurumlarına veriləcək. Bu halda isə Etibar Pirverdiyev işsiz qalacaq. Ona yeni vəzifənin verilməsi də gözlənilmir. Artıq ölkə rəhbərliyi yanında etimadını itirən ASC rəhbəri də bütün sosial layihələrdə iştirakını dayandırıb. Onlardan biri də "Şahdağ" futbol klubudur.

Klubdakı mənbənin verdiyi məlumata görə, yayda büdcə minimuma endirilib. Bu səbəbdən komandanın aparıcı üzvləri yola salınıb və heyətə gənc həvəskarlar cəlb olunub. Onlara verilən cüzi maaşlar isə aylardır ödənmir. Artıq futbolçular və klubun işçiləri bu vəziyyətdən bezib. Məlumata görə, onlar maaşlarının verilməsi tələbi ilə klubun sponsor şirkətinin önündə etiraz aksiyası keçirməyi belə planlaşdırır.

Qeyd edək ki, "Şahdağ" cari msövsümdə uğursuz çıхış edir. Komanda keçirdiyi 7 oyunda cəmi 1 хal qazanıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Bu vəziyyət artıq azarkeşlərin də səbrini tükəndirib. Fanatlar növbəti oyunların birində etiraz aksiyası keçirməyi planlaşdırır. (piasport.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.