Akif Çovdarovun biznesi çökdürülür - Generalın "Zeytunluq"dakı şadlıq evi sökülür
4-11-2015, 21:27
Binəqədi rayonunda, Zərifə Əliyeva parkının qarşısında, “Zeytunluq” adlanan yaşıllıq massivində tikilmiş şadlıq evi sökülür.
Bu barədə Moderator.az-a hadisənin şahidi olan şəxslər məlumat verilib.
Məlumata görə, əraziyə polis qüvvərləri cəlb olunub.
Moderator.az-ın məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, tikilən, amma istifadə verilməyən şadlıq evinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti 2009-cu ildə sərəncam verib. Şadlıq evinin MTN-nin sabiq əməkdaşı, general Akif Çovdarova və yaxud onun çox yaxın qohumlarından birinə məxsus olduğu bildirilir.
Xatırladaq ki, hazırda Fransada yaşayan jurnalist Aqil Xəlil 2008-ci ilin fevralında məhz bu ərazidə Akif Çovdarov və başqa MTN zabiti tərəfindən döyülmüşdü. Bundan sonra Aqil Xəlilə təzyiqlər başlamış və martda işdən qayıdarkən ürək nahiyəsindən bıçaq zərbəsi almışdı. İyul ayında isə Aqil Xəlil beşinci cəhddən sonra Azərbaycanı tərk etmişdi.