Süleyman Mikayılov sahibkarları necə bezdirir? MKT rəisi ilə birgə
4-11-2015, 21:59
İcra başçısı və Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri yerli sahibkarları rayondan uzaqlaşdırmağa çalışır Ötən saylarımızdan da bildiyiniz kimi, Qaradağ rayon rəhbərliyi tərəfindən, qanuna müvafiq formada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Çingiz Zahid oğlu Sultanovun başına min-cür oyunlar açılıb, ona qarşı müxtəlif təzyiq və təsir üsullarından istifadə olunub. Lakin buna baxmayaraq, müvafiq qurumlar hələ də icra başçısı Süleyman Mikayılovun göstərişi ilə hərəkət edərək adıçəkilən sahibkarın mülkiyyətində olan obyekti - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını sahibinin əlindən alıb balansına keçirməyə çalışan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədovun əməllərinə reaksiya verməyib, onun rayonda azad sahibkarlığın inkişafına maneçilik törətməsinə son qoymayıblar.
Qeyd edək ki, Süleyman Mikayılov və Rasim Əhmədovun maraqlarına cavab verməyən sahibkarları sıxma-boğmaya saldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı və onun sağ əli hesab olunan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri hər bir vasitə ilə Çingiz Sultanovu sıradan çıxarmağa, daha dəqiq desək, onun mülkünü əlindən almağa çalışır: "Deyilənlərə görə, Qaradağ rayonunda mütəmadi olaraq abadlıq işləri adı altında iş adamlarından, yerli sahibkarlardan ödənişlər tələb olunur. Onlar da öz növbəsində, əlavə problemlərlə üzləşməmək üçün irəli sürülən "tələb"lərə əməl etməli olurlar. Yox, əgər hansısa iş adamı buna etiraz edərsə, o zaman onun rəhbərik etdiyi müəssisə təzyiq və təsirlərlə, ciddi maneələrlə üzləşə bilər. Odur ki, yerli sahibkarlar Çingiz Sultanovun aqibətini yaşamamaq üçün onlara ünvanlanan "şərt"lərlə razılaşmalı olurlar. Artıq bu və buna bənzər hadisələr Qaradağ rayonunda adi hala çevrilib". Məhz bu kimi səbəblər üzündən həm Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, həm də rayon mənzil-kommunal təsərrüfatı birliyinin sədri ilə bağlı müvafiq qurumlara ünvanlanan şikayətlərin ardı-arası kəsilmədiyini iddia edən məlumatlı şəxs bildirir ki, Süleyman Mikayılovun himayəsinə arxalanan Rasim Əhmədov sahibkarların, iş adamlarının qənimi kimi tanınır: "Deyilənlərə görə, o, bu gün rayonda fəaliyyət göstərən əksər özəl müəssisələri öz əməlləri ilə iflasın astanasına gətirib.
Belə ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri bir sıra neqativ hallara yol verməklə özəl biznes sektorunun inkişafına ağır zərbə vurur. Məsələn, o, əlində olan təsir rıçaqlarından istifadə edərək Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Çingiz Sultanovu daim təzyiq, basqı altında saxlamağa, özündən asılı vəziyyətə salmağa, mülkiyyətində olan qeyri-yaşayış binasını balansına keçirməyə çalışır. Bütün bunlar onu göstərir ki, hazırda Qaradağ rayonunda vəziyyət olduqca acınacaqlıdır. Əhali, eləcə də yerli sahibkarlar icra başçısı ilə ümumi dil tapmağa çalışsa da, bu, heç bir nəticə verməyib. Səbəb isə icra başçısına arxalanan şəxslərin, əsasən də Rasim Əhmədovun yalnız şəxsi maraqlarını güdməsi və bunun üçün bütün vasitələrə baş vurmasıdır. Məhz elə buna görə də rayonda yaşanan neqativ hallar artıq sadə insanlarla yanaşı, iş adamlarını da təngə gətirib. Görünən odur ki, icra başçısı və Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri yerli sahibkarları rayondan uzaqlaşdırmağa çalışır. Əgər belə olmasaydı, o zaman Süleyman Mikayılovun göstərişi ilə hərəkət edən Rasim Əhmədov Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta və Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi Kiçik Dövlət Müəssisələrinin (obyektlərinin) Özəlləşdirilməsi üzrə Hərrac Komissiyasının qərarına əhəmiyyət vermədən sahibkar Çingiz Sultanovun mülkiyyətində olan obyekti onun əlindən almağa çalışmazdı…" Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /Gun Bakı/