Bu üç icra başçısı da Eldar Mahmudovun güdazına gedir... - Biri isə iz azdırmağa çalışır...
6-11-2015, 12:23
"MTN işi" bir neçə icra başçının da "vurulmasına" səbəb olacaq. Bununla bağlı DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib.
Xəbəri verən mənbənin iddialarına görə, hazırda bu yöndə tədarük görülür və hədəfdə olan icra başçıları artıq onları nələrin gözləməsindən xəbərdardırlar: "Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Binəqədinin icra başçısı Xaləddin İsgəndərov... Bunlardan yalnız Xaləddin İsgəndərov rayon ərazisində barındırdığı mahmudovçulara qarşı müəyyən addımlar atmağa başlayıb. Onların guya ki obyektlərini sökdürür. Amma əslində onun iz azdırma cəhdləri kimsəyə maraqlı deyil. Qərar verilib və daha betər aqibət gözlənilir".
Məlumatda bildirilir ki, bu icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub. Adıçəkilən icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına "hə" deyib. Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldub.
Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçıları işdən çıxarılacaq.