İki icra başçısının gözü Hacıbala Abutalıbovun kreslosunda
2-05-2016, 00:43
Bakının iki rayonunun icra başçısı paytaxtın İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun postuna iddia edir. Bunlardan biri Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir.
Qaynarinfo.az-a etibarlı mənbədən verilən məlumata görə, 38 yaşında Bakının mərkəzi rayonlarından birinə icra başçısı gətirilən Fərzəliyev hakim partiyanın kadrlarından sayılır. O, 26 yaşında ikən (1993-cü ilin noyabrında Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işə başlayıb və məhz bundan sonra karyerasında sürətli yüksəliş başlayıb. Fərzəliyev Nərimanov rayonuna icra başçısı təyin edilməmişdən əvvəl Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Bir sözlə, 11 ildir hazırki postunda çalışan A.Fərzəliyevin Hacıbala Abutalıbovun postuna təyin edilməsi kifayət qədər real görünür.
Onu da deyək ki, Nərimanov rayonunun icra başçısı paytaxtın rayon rəhbərlərio arasında biznes imkanlarının genişliyinə görə də fərqlənir.
Abdin Fərzəliyev
Abutalıbovun postuna iddası olan və kifayət qədər böyük biznesə və şəxsi sərvətə malik digər icra başçısı isə Razim Məmmədovdur. 11 ildir Bakının ən böyük rayonlarından birinə - Xətai rayonuna rəhbərlik edən R.Məmmədov xüsusilə yaşıllıqların qənimi kimi tanınır. Haqqında ən çox mətbu tənqidlərin yazıldığı və yuxarı dairələrə barəsində ən çox şikayət xarakterli məktubların göndərildiyi icra başçılarının ön sıralarında gələn Məmmədovun bütün bunlara baxmayaraq vəzifəsində saxlanılması təsadüfi hesab olunmur. Bildirilir ki, onun hakimiyyət daxilində kifayət qədər güclü himayəsi var və həmin iqtidariçi dairələr Razim Məmmədovu Abutalıbovun postuna özlərinin ən layiqli namizədləri kimi qoruyurlar.
Razim Məmmədov
Bakı rayonlarının icra başçıları arasında hazirki paytaxt merinin yerinə Eldar Əzizovun iddiası çoxdan məlum olduğu, KİV bu barədə yetərincə yazdığı üçün ondan ayrıca bəhs etməyə gərək görmədik. Sadəcə onu deyək ki, hazırda Səbayel rayonuna rəhbərlik edən və 70 yaşı haqlayan Əzizovun BŞİH başçısı postuna təyinat alması artıq əvvəlki qədər real hesab olunmur.
Qeyd edək ki, artıq 15 ildir paytaxta rəhbərlik edən Hacıbala Abutalıbovun hazırda 72 yaşı var.