“Gedin, Prezidentə şikayət edin” - “Azərişıq”dan “Yeni Bakı” sakinlərinə qəribə cavab VİDEO

2-05-2016, 11:02           

Aprelin 5-də Qafqaznews.az saytında “Yeni Bakı”nın sakinləri özbaşınalıq və kobudluqdan şikayət edir” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə Masazırda yerləşən “Yeni Bakı” Massivi ilə bağlı problemlər işıqlandırılmışdı. Qafqaznews.az-a müraciət edən bir qrup sakin bildirib ki, “Yeni Bakı” Yaşayış Massivini tikən və hazırda şəhərciyə nəzarət edən “İlin Dörd Fəsli”MMC onların hüquqlarını pozur. Sakinlər xüsusilə də komendant Ehtiram Yusifovun özbaşınalığından və sakinlərə qarşı kobud davranışından şikayət ediblər.

Müraciətdə qeyd olunur ki, digər yaşayış massivlərində kommunal ödəniş hər kvadrat metrə 20 qəpik olduğu halda, “Yeni Bakı”da hər kvadrat metrə görə 40 qəpik aylıq ödəniş toplanılır. “Beləliklə, mənzillərdən külli miqdarda kommunal xidmət haqqı toplanılır, lakin yaradılan şərait heç də ürəkaçan deyil. Sadəcə lifti və həyətin təmizliyini bəhanə edərək, bu məbləğin yığılması haqsızlıqdır. Təhlükəsizlik kameralarının da çoxu işləmir, bu yaxınlarda şəhərcikdə 2 oğurluq hadisəsi baş verdi, kameralardan görüntü ala bilmədilər. Nə üçünsə usta lazım olanda özümüz tapıb gətiririk, əgər məişət-kommunal problemlərini özümüz həll ediriksə, bu qədər yüksək kommunal ödəniş absurddur. Kommunal xidmətdən əlavə, biz qazpulu, işıqpulu və supulu da veririk. Onlar “Azərişıq”dan elektrik enerjisini ümumi alır, bizə isə nisbətən baha qiymətə satırlar.

“Azərsu”ilə də vəziyyət belədir. İstəyirik ki, bu iş birbaşa olsun, hansısa problem yarandıqda birbaşa həmin qurumlardan haqqımızı tələb edək. Bizə hansısa mətbəədə çap etdirdikləri kağızlarda qəbz verirlər. Bunun isə adıkeçən qurumlarla heç bir əlaqəsi yoxdur. Onlar bizimlə bağladıqları müqaviləyə belə əməl etmirlər”, – deyə sakinlər vurğulayıblar. Onların sözlərinə görə, komendant E.Yusifovun göstərişilə, kommunal ödənişi keçirməyən sakinlərin işıqlarını söndürür: “Çıxıb görürük ki, elektrik şitlərini velosiped trosu ilə bağlayıb. Səbəbini soruşduqda deyir ki, kommunal ödənişi keçirin, sonra imkan verək. Ofisə gedib digər ödənişləri edəndə qəbul etmirlər ki, əvvəlcə kommunal xidmət haqqını keçirin. Ehtiram Yusifov sakinlərlə çox kobud danışır və hətta deyir ki, “mənim arxamda duranlar var, kimə şikayət edirsinizsə edin”.

Aprelin 5-də Ehtiram Yusifovla da əlaqə saxladıq. “Mən sizi dəvət edirəm bura gələsiniz, hər şeylə yerində tanış olasınız, burda sakinlərlə də söhbət edək. Mən nə təsdiqləyirəm, nə də inkar edirəm. Vaxtınız olanda gəlin şəhərcikdə söhbət edək”, – deyə Ehtiram Yusifov telefonda açıqlama verməkdən imtina etdi. Aprelin 29-da “Yeni Bakı” sakinləri yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edərək, həmin problemlərin davam etdiyini dedilər. “Yeni Bakı” massivində bina 8 sakini Səməd Mirəli oğlu Səmədov bildirib ki, MTK binaların neçə ildir məskunlaşmasına baxmayaraq, mənzillərdən pulunu aldığı sayğacları quraşdırmır.

“Bəzi sakinlərdən 500, bəzilərindən 700 manat, şəxsən məndən isə 600 manat sayğac pulu alıblar. Amma vədlərinə əməl etmirlər. MTK rəhbərliyi sakinləri incidir, qat-qat artıq kommunal ödənişi tələb edir, verməyənləri isə işıqlarını kəsməklə şantaj edir. Verdikləri qəbzdə isə heç bir möhür, VÖEN yoxdur. Biz bu özbaşınalığa son vermək, ödənişi qanuni şəkildə dövlət büdcəsinə keçirmək istəyirik. Qoy pulumuz olanda işığımız yansın, olmayanda yox. Heç kimdən asılı, közükölgəli olmaq istəmirik. Bundan əvvəl Abşeron RİH-ə müraciət etdik, bizə tövsiyə etdilər ki, aidiyyatı olan qurumlara müraciət edək. Aprelin 22-də bir qrup sakinlə “Azərişıq”a getdik. Baba Rzayevlə görüşmək istəyirdik, amma bizimlə Abdulla müəllim adlı müavini görüşdü – orda belə dedilər. O bizi dinlədi, dedi biz pulu MTK-dan alırıq, sizi tanımırıq. Maraqlıdır ki, onların “İlin dörd fəsli” MMC ilə inşaat üçün elektrik enerjisi ilə bağlı müqaviləsi var.

“Yeni Bakı”nın yanında başqa kompleks də tikilir, çox güman ki, həmin elektrik təminatından o tikintiyə də gedir. Əhalinin istifadəsi üçün texniki şərt verilməyib. Biz tələb etdik ki, sakinlərə ayrıca sayğaclar quraşdırılsın. Müraciətimizi aldılar, amma kimə və hara cavab yazacaqları barədə soruşmadılar. Sonra bizi Qənimət müəllimə yönəltdilər. Qənimət müəllim özü də təəccübləndi ki, binalar məskunlaşıb, amma 3 min mənzillik kompleksdə əhalinin istifadəsi üçün texniki şərt yoxdur. Bizə bu istiqamətdə xəbər veriləcəyi vəd olundu, amma bir həftədir “Azərişıq”dan heç bir xəbər yoxdur”. Əməkdaşımız son nəticə olaraq, “Azərişıq”dan hansı cavab aldıqlarını soruşdu.

“Bizə dedilər ki, gedin digər qurumlara müraciət edin. Prezident Administrasiyasına, Prezidentə…

Onlar bizim problemi özlərinə aid bilmədilər. Biz artıq Prezidentə şikayət etmişik, yenə də edəcəyik”, – deyə S.Səmədov əlavə etdi. Bina 2 sakini Əli Əliyev isə bildirib ki, kompleksdə mühafizə səviyyəsi çox aşağıdır: “Bir neçə gün öncə avtomobilimi binanın qabağında kimsə cızıb gedib. Komendant Ehtiram Yusifov isə deyir ki, bizlik deyil, hara şikayət edirsən et. Burda sakinlərin təhlükəsizliyi də normal təmin olunmayıb. Avtomobillərimiz üçün binaların altında qaraj yerləri var, amma həmin qarajlara müxtəlif tikinti və santexnika avadanlıqları doldurublar”.

Biz işıq problemi ilə bağlı “Azərişıq”dan mövqe öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Mövzunu diqqətdə saxlayacağıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.