ONKOLOJİ, BÖYRƏK, AĞ CİYƏR XƏSTƏLİKLƏRİ ARTIB

25-10-2017, 10:47           

İnsanlar müayinə olunmur, müxtəlif xəstəliklərlə gəzirlər və sonu ürəkaçan olmur


Ötən illə müqayisədə bu il ölkəmizdə hemodializ müalicəsinə cəlb olunan xəstələrin sayı artıb. Hazırda respublikanın 38 dializ mərkəzində 3356 xəstə müalicəyə cəlb olunub. Keçən ilin 9 ayında isə müalicəyə cəlb olunan xəstələrin sayı 3100 olub.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayevin sözlərinə görə, hazırda 3356 xəstədən 1600 nəfəri Bakıda, 1856 nəfəri isə regionlarda hemodializ qəbul edir. Xəstələrin 90,2 faizi dializ müalicəsinə arterio-venoz fistula yolu ilə, 2 faizi 2 yollu damar (körpücükaltı, yuqulyar) kateri ilə, 2.5 faizi isə permanent kateterlə qoşulur.
F.Babayev deyib ki, hemodializ müalicəsinə cəlb olunan ən kiçik xəstənin 9, ən yaşlı xəstənin isə 82 yaşı var.

Maraqlıdır, son illər dializ xəstəliyindən əziyyət çəkənlərin sayının artması və böyrəyin funksiyasını itirməsinin səbəbi nədir?

Hazırkı şəraitdə yalnız böyrək deyil, bütün xəstəliklərin dinamikasında artım müşahidə olunduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, xəstəliklərin sayının artması heç də yaxşı tendensiya deyil:

"Vaxtilə ölkəni tərk edən və geri qayıdan vətəndaşlarımızın sayı artıb. Bu xəstəliklərin sayının artması da ümumi xəstəliklərin statistikası fonunda izah olunmalıdır.

Autimum böyrək xəstəlikləri var ki, orqanizmdə böyrəyin özünü sıradan çıxarır. Təəssüflər olsun ki, insanlar böyrək və müxtəlif dərəcəli xəstəliklərlə gəzirlər və son nəticə ürəkaçan olmur. Vaxtında müayinə olunmamaq, məsuliyyətsizlik eləmək - bütün bunların xəstəliklərin ağırlaşmasında rolu böyükdür. Görürsüz ki, bəzi xəstələr əməliyyata gecikirlər. Əslində bəlkə daha real statistika aparılsa, mənzərə bir az da başqa olar. Onu da qeyd edim ki, əvvəlki dönəmlərdə dializ aparatları da az idi. Lakin hazırda dializə gələn xəstələrin sayı artıb və lazımlı tibbi avadanlıqlar da var.

Söhbət xroniki böyrək xəstəlikərindən əziyyət çəkənlərin sayı nə qədərdir, onlar doğurdan da artırmı kimi suallardan gedir.

Əgər bunların artması varsa, əlbəttə, bu heç də yaxşı tendensiya deyil. Təəssüflər olsun ki, bütün xəstəliklərin sayında artım müşahidə olunur. Onkoloji, böyrək, ağ ciyər və s. xəstəliklər də belədir. Bir faktı deyim ki, bu gün ağ ciyər xərçənginə qadınlar və kişilərdə demək olar ki, eyni dərəcədə təsadüf edilir. Bu, siqaret çəkən qadınların sayının getdikcə artması ilə izah olunur. Bundan başqa atmosfer havasının çirklənməsi, havada endopren törəmələrin və konsirogenlərin artması da xəstəliklərin artmasına təsir edir”.

serq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.