REKET JURNALİSTLƏR REGİONLARA AXIŞIR – İŞ ADI İLƏ PUL “ATIRLAR””
27-10-2017, 09:39

Əflatun Amaşov:”Bir neçə regionda hansı mətbuat vasitələrini tanıdıqları haqqında sorğu keçirdik. İnsanlar ciddi mətbuat orqanlarının əksəriyyəti ilə tanış deyil. Amma “reket”lərin adlarını çəkənlər çox oldu”
“Regionlarda daha çox reket yönlü mətbuat nümayəndələri olur”.
Bu barədə “Sherg.az”a bəzi “jurnalistlərin” regionlarda müxtəlif vədlərlə insanları aldadıb, vəsaitlərini mənimsəməsinə münasibət bildirərkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
O qeyd edib ki, bununla bağlı şuraya da şikayətlər daxil olur:
“Bəzi məqamlarda elə jurnalistlər bilərəkdən vətəndaşların şikayətlərini şişirdir. Yerli rəhbərlik qarşısında məsələ qaldırırlar. Bunların arxasında isə şəxsi mənafeyə xidmət dayanır. Buna görə, müxtəlif təzyiq üsullarından istifadə edirlər. Beləliklə, ciddi mətbuat nümayəndələri ilə müqayisədə reket jurnalistlər regionlarda daha populyar olurlar.
Bir dəfə bir neçə regionda hansı mətbuat vasitələrini tanıdıqları haqqında sorğu keçirdik. Məlum oldu ki, insanlar ciddi mətbuat orqanlarının əksəriyyəti ilə tanış deyil. Əksinə olaraq, reket jurnalistika ilə məşğul olanların adlarını çəkənlər çox oldu”.
Ə.Amaşov vurğulayıb ki, vətəndaşlarla əlaqə qurub, müxtəlif vədlərlə onların pulunu alan jurnalistlərə qarşı hüquqi müstəvidə mübarizə aparmaq lazımdır:
“Həqiqətən elə mətbuat nümayəndələri var ki, regionlarda insanları işə düzəltmək, hansısa məsələni həll etmək adı ilə aldadır, pulunu alır. Bu, cinayət müstəvisində həllini tapmalıdır. Doğrudan da kimsə rüşvət alıbsa, yaxud rüşvət veribsə, səbəbləri öyrənilməlidir. Belə məqamlarda bəzən həmin pul borc götürülür, notarial qaydada öz təsdiqini tapır. Üzərinə düşdükdə isə deyirlər ki, bu pul borc götürülüb. İstənilən halda bunlar ciddi məsələdir. Vətəndaşlar belə hallarda birbaşa hüquq-mühafizə orqanlarına müraciət etməlidir”.
Belə dələduzluqla məşğul olan şəxslərin jurnalistikaya xələl gətirməsinə gəlincə, sədr əlavə edib ki, bu, ciddi jurnalistlərin də nüfuzuna zərbə vurur:
“Reket jurnalistlərin qanunsuzluqları mətbuatın ümumi imicinə xələl vurur. İnsanlar isə belə faktlarla qarşılaşdıqda ciddi jurnalistikaya inamı azalır. Ona görə, bunların qarşısını almaq, tədbirlər görmək lazımdır”.