10 yaşlı uşaq yıxıldı, ayağındakı damar qoluna köçürüldü

27-10-2017, 14:56           

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında unikal əməliyyat aparılıb. 10 yaşlı uşağın ayağındakı damarı qoluna köçürülüb.

Universitetdən BakuPost.az-a verilən məlumata görə, ATU-nun Tədris Cərahiyyə Klinikasının ortopediya və travmatologiya Şöbəsinin müdiri, həmçinin kafedranın assistenti, t.ü.f.d. Cəfər Nəsirli deyir ki, 10 yaşlı uşaq üzərində nadir bir əməliyyat uğurla icra olunub: "Uşaq yıxılıbmış və bizə sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət etdilər. Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürüldü”.

Əməliyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov da əməliyyatın yüksk səviyyədə keçdiyini deyir: "Əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”.

M.Məcidovun sözlərinə görə, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirilir.

Qeyd edək ki, ATU həkimlərinin vaxtında və uğurlu müdaxiləsi nəticəsində hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.