Aşura mərasimlərində islahatlar olmalıdırmı?
28-10-2017, 09:08

Son izdihamlı Aşura mərasimlərindən sonra mediada və sosial şəbəkələrdə bu mərasimlərin reformaya ehtiyacı olması ilə bağlı fikirlərə rast gəlindi. Bu mövzu ilə bağlı bir neçə məsələni diqqətə gətirmək zəruridir. İlk olraq əgər bu cür mövzuların heç bir gizlin məqsəd olmadan səsləndirildiyini güman etsək belə, ortaya maraqlı mənzərə çıxır. Bu cür fikirləri səsləndirən insanların əksəriyyəti bu istiqamətdə köklü bilik sahibi deyillər. Dolayısı ilə, insanlar məlumatsız olduqları bir mövzu ilə bağlı fikir yürüdürlər. Təbii ki, bu da normal qəbul edilə bilməz. Digər tərəfdən hədəfləri müxtəlif olan insanların bir-birinə irad tutmasını da normal qəbul etmək olmaz. Sanki bir qrup göbələk yığmağa gedir, digər bir qrup isə dalğıclıq etmək istəyir. Bir qrupun digər qrupa geyim və ya məşqləri ilə bağlı irad bildirməsi absurddur. Aşura yaşadanların hədəfi əyyamullahları yaşatmaq və axirət azuqəsi toplamaqdır. Bu mərasimlərdə iştirak – onların dünyagörüşünün inikasıdır. Müxtəlif dünyagörüşünə malik insanların bir-birindən islahatlar tələb etməsi bir qədər anlaşılan deyil.
Amma biz bu cür islahat tələb edənlərin əksəriyyətinin gizlin məqsədi olduğunu da bilirik. Bu gün müsəlman ölkələrini xaraba qoyan güc mərkəzləri məgər reforma adı ilə fəaliyyətə başlamamışdılarmı? Bu cür reformaların hansı nəticələr ilə nəticələndiyini bütün dünya görür. Yüzminlərlə ailə başçısız, övladsız, qardaşsız, bacısız qalıb. Şəhərlərdə daş, daş üstündə qalmayıb. Müsəlman toplumunun bu cür reforma tələblərinə qarşı artıq immuniteti yaranıb. Artıq bu cür mövzularla kələk gəlmək mümkün deyil.
Bir də bir istiqamətdə aparılan işlərə o vaxt reformalar tələb edilər ki, onun neqativ nəticələri olsun. Aşura yaşadan toplumun və ya cəmiyyətlərin hansı neqativ addımları, fəaliyyətləri müşahidə olunur ki, bu gün reformalar tələb edilir? Eyni zamanda 20% torpaqları işğal altında olan bir ölkədə şəhadət ruhiyyəsində böyüyən gəncliyin nəyi təhlükə yarada bilər? Məncə ilk olaraq bu reforma tələb edənlər öz məfkurələrində, dünyagörüşlərində reformalar aparmalıdırlar.
Sonda Aşura məktəbinin yetəriməsi olan bir gəncin şəhadətdən öncə evlərinə yazdığı məktubu qeyd etmək istəyirəm. Düşünürəm ki, bu cür məzunlar yetişdirən bir məktəbə qarşı fəaliyyət göstərənlərin az da olsa vicdanları olsa, bu məktub onları əməllərindən çəkindirəcək.
Nardaranlı Hüseyin Əlizadənin cəbhədən atasına göndərdiyi məktub: “Canım anam və atam. Allahın salamı olsun Sizə. Necəsiz? Samatçılıqdır? Nardaranda vəziyyət necədir? Kənd üçün çox darıxmışam.
Canım anam, məndən nigaran qalmayın. Hər şey əladır. Əsgərlərimiz dua edir ki, əmir gəlsin. Daha bir şey qalmayıb. Düşmən qorxur qaçır.
Hə, bir də deyim ki, mənimlə bir yerdə 4 nardaranlı uşaq cəhbədəyik. Bir də qonşu kənddən – Maştağadan var. Bütün əsgərlər can deyib, can eşidirik.
Hə, canım atam, bilirəm ki, məni şəhid görmək istəyirsən. Sənin başını uca edəcəm həmişə. Şəhid olsam, qoyma anam ağlasın. Ona deyərsən ki, İmam Hüseyn (ə) Kərbəlada 6 aylıq oğlundan keçdi.
İnşaallah, hər şey yaxşı olacaq. Ləbbeyk, ya Hüseyn!
Hörmətlə: Əsgər Əlizadə Hüseyn!”.
Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu