Sürücülərə xoş xəbər - daha bir cərimə ləğv edilir
6-11-2017, 17:00

Maşın sürəndə danışanlar da cərimələnməyəcək
Azərbaycanda banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə cəza qanunvericilikdən çıxarılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Belə ki, məcəllənin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilir. Bundan əlavə, maddənin adındakı “və təmiri qaydalarının pozulması” sözləri də çıxarılır.
Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Saat 12:00
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, sözügedən məsələ "Yol hərəkəti haqqında" qanununun 37-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənir. Həmin bənddə deyilir:
V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:
1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;
2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;
3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;
4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.