İstanbuldakı terrorun arxasındakı 6 səbəb-TƏHLİL

29-06-2016, 09:40           
İstanbuldakı terrorun arxasındakı 6 səbəb-TƏHLİL
Bu dəhşətli aktı reallaşdıran güclər Türkiyəyə konkret mesaj veriblər

Dünən gecə İstanbul Hava Limanında baş verən terror hadisəsi nəticəsində 37 nəfər ölüb, 147 nəfər isə yaralanıb. Rəsmi Ankaranın yayımladığı xəbərə əsasən ard-arda iki terror hadisəsi qeydə alınıb. Terrorçular təhlükəsizlik xəttini keçərkən, üzərlərində partlayıcı maddə və silah aşkarlandığını gördükləri vaxt avtomat silahdan istifadə etməklə, insanlara atəş açıblar. Ardından isə üzərlərinə yerləşdirilmiş partlayıcı qurğunu işə salaraq, daha çox insan təlafatına yol açıblar. Terror aktı niyə məhz indiki məqama təsadüf etdi?
Qeyd edək ki, son dönəmlər Türkiyə ətrafında cərəyan edən proseslər qardaş ölkə üçün risqlərin daha da artmasını müşahidə etdirirdi. Çünki bölgədə önəminin artması, bir qədər sərbəst geosiyasi yanaşmalar, habelə bəzi məsələlərdə artıq Avropa üçün təhlükəyə çevrilməsi hələ xeyli əvvəldən diqqət çəkirdi. Nəzərə almaq lazımdır ki, hazırda dünyada ciddi iqtisadi müharibələr gedir və bunun bir çox hallarda terrorla müşahidə olunması diqqəti çəkir. Nə baş verir?
İlkin versiya kimi, Türkiyənin uzun gərginlikdən sonra Rusiya ilə yaxınlaşmaq istəyində olması göstərilir. Ötən gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə məktub göndərməsi, iki ölkə arasındakı gərginliyin azaldılması, ölkələrarası münasibətlərin qaydasına salınması cəhdləri Qərbin maraqlarına uyğun olmaya bilər. Ancaq indiki məqamda Qərb üçün bue lə də təhlükəli məsələ sayılmır. Ona görə ki, Rusiya-Türkiyə münasibətlərinin qaydasına düşməsi üçün bir xeyli vaxta gərək vardı. Üstəlik, bu münasibətlərin tənzimlənməsinin baş tutub, tutmayacağı bəlli deyil. Yəni, Rusiya hər nə qədər prosesə diplomatik və maraqları çərçivəsindən yanaşsa da, əlaqələrin bərpası xeyli vaxt aparacaqdı.
İkinci versiya, Qərbin Türkiyənin hazırkı siyasətinə qarşı çıxması və bunun bir çox hallarda gərginliklərlə müşahidə olunmasıdır. Qeyd edək ki, Ankara bəzi hallarda böyük dövlətlərin maraqlarına cavab verməyən hərəkətləriylə diqqəti çəkir. Məsələn, Yaxın Şərqdə oyunçu olaraq formalaşması, sanksiya dönəmində İranın neft və qazını Avropaya satması, Orta Asiya və Qafqazın enerji resurslarını Avropaya çıxarmaqla, kilid ölkəyə çevrilməsi bunun əyani sübutlarındandır. Lakin Qərbin əlində Türkiyəyə təsir etmək üçün PKK kimi terror təşkilatı var və bundan həmin ərəfədə geniş şəkildə istifadə etdiyi də təsdiqini tapmaqdadır. Diqqət yetirək, Türkiyə Suriyada aktivləşərək, Yəmən və Liviyada özünə yer etdikcə Qərbin də aqressiyası artmağa başlayırdı. Hətta açıq şəkildə bəyanatlar verərək, geri çəkilməsini tələb edirdilər.
Üçüncü versiya, Türkiyənin hədəfə gəlməsinin bir başqa başlıca səbəbi turizmdir. Son illər xeyli inkişaf edən Türkiyə turizmi artıq bütün bölgə dövlətlərini, hətta Avropalı turistləri belə özünə cəlb etməyə başlayıb. Aydın məsələdir ki, hər il 59 milyard dollar gəlir gətirən turizm, Türkiyə iqtisadiyyatında mühüm yer tutur. Təbii şərait, iş adamlarının və dövlətin yaratdığı mühit Qərbin bir çox planlarını sıradan çıxarmaqdaydı ki, bunu da bağışlamayacaqları açıq şəkildə görünürdü.
Bir neçə misala diqqət yetirək. Hələ bir xeyli əvvəl İstanbulda alman turistlərin toplaşdığı məkanda kamikadze özünü partladaraq, 10 nəfərin ölümünə səbəb olmuşdu. Həmin vaxt İstanbul Polisinin apardığı araşdırma zamanı bəlli olmuşdu ki, bu terror aktını PKK-çı terrorçulardan biri həyata keçirib. Niyə məhz alman, niyə məhz turistlərin hədəf alınması səbəbsiz deyildi. Ona görə ki, məqsəd xaricdən gələn turistlərin gözünü qorxutmaq və onların ayaqlarını bu ölkədən çəkmək idi. Ki, bir müddət bunu bacardılar. Elə son terror aktı da turistlərə hesablanmış cinayətlərdən biridir. Uçuş saatlarının ən pik vaxtına təsadüf edən bu olayın arxasında da məhz turizm marağının dayandığı istisna edilmir.
Dördüncü versiya, Türkiyənin Atatürk Hava Limanının imkanlarını genişləndirməsi göstərilir. Bildirək ki, Ərdoğan hakimiyyətinin əsas hədəfləri sırasında sözügedən hava limanının imkanlarının genişləndirilməsidir. Bunun üçün hətta bir neçə milyard dollar ayrıldığı da bəllidir. Ekspertlərin rəyinə görə, əgər Atatürk Hava Limanının imkanları hökumətin nəzərdə tutduğu şəkildə artırılardısa, bu Frankfurt Beynəlxalq Hava Limanının əhəmiyyətini xeyli azaldacaqdı. Zatən, son illər İstanbul Hava Limanları Qərbin iri şirkətlərinə ciddi problemlər yaratmağa başlamışdı. Üzərinə bir də yeni bir layihənin ərsəfə gəlməsi, onların illik dövriyyələrini ən azı 50 faiz aşağı salacaqdı ki, bu da ilboyu milyardlarla dollar zərərə bərabərdir. Bəzi iddialara görə, İstanbulda Gezi Parkı etirazlarının arxasında da məhz bu maraqda olan dövlətlər dayanıb. Məqsəd Atatürk Hava Limanında genişləndirmə və yenilənmə işlərinin dayandırılmasına nail olmaq olub. Sadəcə, araya Suriya xüsusi xidmət orqanına bağlı qrupların daxil olmasından sonra Qərb geri çəkilməli olub və Türkiyə prosesi tam yatırmağı bacarıb.
Beşinci versiyaya gəlincə isə burada İŞİD məsələsi diqqəti çəkir. Suriyada həm Əsəd hakimiyyəti, həm də İŞİD-lə yola getməyən Ankaranın bunun ağrısını çəkəcəyi istisna deyildi. Yerli müxalifətlə əlaqə quraraq, onlara bu və ya digər şəkildə yardım edən Türkiyənin hədəf olacağı da şübhəsizdi. Çünki hələ «Əl Qaidə»nin ən güclü vaxtlarında «düşmən ölkələrin siyahısı»nda Türkiyənin adı öncüllər sırasında keçirdi. İŞİD-in «Əl Qaidə»nin törəməsi olması həqiqətini qəbul edərsək, o zaman həmin hədəfin heç dəyişmədiyini təsdiq etməyə gərək qalmır.
Altıncı versiya olaraq Suriyanın atdığı addımları göstərmək mümkündür. Ərdoğan hakimiyyəti ilə düşmən olan və uzun illərdən bəri Türkiyəyə qarşı kampaniya aparan Əsəd iqtidarı onsuz da mütəmadi olaraq Ankaranın nəbzini yoxlayırdı. Gezi Parkı etirazlarının arxasından boyu görünən, daha sonra PKK-nın əsas dayaqlarından birinə çevrilən Şam hakimiyyəti, İŞİD-lə apardığı mübarizədə türkmənlərə divan tutmasıyla, birbaşa Ankaraya xəbərdarlıq edirdi ki, gücləndikcə onun canını daha çox yandıracaq. Yəni, Suriyadakı terroru və terrorçuları zaman içində Türkiyəyə transfer etməyə başlayacaq. Hətta terror və terrorçular olmasa belə, dövlət səviyyəsində bunu hazırlayıb, göndərəcək. Bu artıq inkarolunmaz haldır. İndiki məqamda prosesin Əsəd iqtidarı tərəfindən edilə biləcəyi hər nə nədər inandırıcı görünsə də, bir o qədər real sayılmır. Ona görə ki, hal hazırda Bəşər Əsəd öz başının hayındadır və onun elə güclü imkanları yoxdur ki, Türkiyəyə qarşı terrorü həyata keçirsin. Üstəlik, terror aktının "islamçılar" tərəfindən, özü də Ramazan ayında gerçəkləşməsi də bu işin təşkilatçılarının ən böyük səhvlərindən sayılmalıdır. Ona görə ki, ən radikal islam təşkilatları belə Ramazan və Məhərrəm aylarında müharibə aparmırlar. Görünür, təşkilatçılar ya bunu hesablamayıblar, ya da məqsədli şəkildə həyata keçiriblər. Çünki indiki məqamda Türkiyə hökuməti də terrorun "islamçı qruplaşma"lar tərəfindən edilə biləcəyinə inanmayıb.
Amma İŞİD-in də hansı böyük güclərin əlində alət olduğu, oyuncağa çevrildiyi sirr deyil. Həmin dövlətlərin Türkiyədə hansı maraqları varsa, onları təmin etmək üçün ciddi şəkildə fəaliyyətə başlayıblar. Atatürk Hava Limanında baş verən son terror aktı isə birmənalı olaraq Ankara hökumətinə xəbərdarlıqdır. Yəni, bu terrorun arxasında dayanan güclər Türkiyəyə mesaj göndərərək, «ən həssas yerindən vurarıq» deməyə çalışıblar. Çünki hal hazırda Türkiyənin gəlir gətirən 3-4 böyük sahələrindən biri də məhz hava nəqliyyatı sistemidir. Buna paralel olaraq isə turizmdir. Həmin iki ən mühüm sahənin hədəfə alınması isə ciddi zərərlər deməkdir.

Jurnalist Araşdırma Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.