Türkiyə və Rusiya Suriya kürdləri məsələsində razılaşıblarmı?

31-12-2016, 18:58           
Türkiyə və Rusiya Suriya kürdləri məsələsində razılaşıblarmı?
“The Guardian” yazır ki, Suriya boyunca cümə günündən elan edilmiş atəşkəsə ümumən əməl olunur və Rusiya ilə Türkiyə 6 illik münaqişənin başa çatdırılması üçün BMT-dən dəstək istəyirlər.

Müxalifəti 15 ay sərasər bombardman etdikdən sonra indi Rusiya bildirir ki, BMT Təhlükəsizlik Şurasına Moskva və Ankaranın Suriyaya dair razılaşmasını təsdiqləyən qətnamənin qəbulu üçün müraciət edilib.

Ankara və Moskva arasında əldə olunmuş razılaşma Suriyada mühasirə vəziyyətində olan ərazilərə humanitar yardımın çatdırılmasına yol açmalıdır.


Azad Suriya Ordusunun siyası rəsmisi Asaad Hanna deyib ki, Suriyada zorakılıq azalıb, lakin dayanmayıb və “biz, bizi altı ildir bombalayan Rusiya kimi bir ölkə barəsində nikibin ola bilmərik”.

Lakin Hanna bunu da əlavə edib ki, zorakılığın azalması da böyük nailiyyətdir.

“The Guardian” yazır ki, bundan əvvəl də Suriyada sülh sazişi üçün üç cəhd edilib, lakin indi döyüş meydanında qüvvə balansı Əsədin xeyrinə dəyişib. Rusiya və Türkiyə məhz belə bir şəraitdə öz aralarında sülhə dair razılaşma əldə ediblər.

Rusiya bildirib ki, Suriyadakı 7 əsas müxalifət qruplaşması atəşkəs sazişini imzalayıb. Lakin bununla belə müxalifət qruplaşmalarının arasında ən qüdrətlisi olan Əhrar əş-Şəm imzalamadan imtina edib.

Qruplaşma bildirib ki, onların da atəşkəsə qoşulmaları üçün, irəli sürdükləri bir neçə şərtə əməl olunmalıdır.

“The Guardian” yazır ki, Ankara və Moskva arasında anlaşmanın əldə edilməsi Rusiyanın kürd məsələsində mövqeyinin dəyişməsi nəticəsində mümkün olub.

Hələ ötən iyulda Vladimir Putin Erdoğana demişdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Öz növbəsində Türkiyə də Suriya kürdlərinin muxtariyyət ambisiyalarının əleyhinədir.

Bütün bunlara baxmayaraq Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşmaya dair mümkün BMT qətnaməsinə Təhlükəsizlik Şurasında dəstək verilib-verilməyəcəyi bilinmir.azadliq info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.