Türkiyənin HDP-li millət vəkili Leyla Zana saxlanılıb
8-02-2017, 20:11
Türkiyənin kürdmeylli Xalqların Demokratik Partiyasının (HDP) Diyarbakır millət vəkili Leyla Zana saxlanılıb.
SalamNews-un “Haberler”ə istinadən verdiyi xəbərə görə, Diyarbakır prokurorluğunun terror fəaliyyəti ilə bağlı icra etdiyi istintaq çərçivəsində ifadə verməyə gəlməyən millət vəkilinin məhkəməyə zorla gətirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, 1991-ci il seçkilərində SHP (Sosial Demokrat Partiyası) namizədi Leyla Zana millət vəkili seçilərkən kürd dilində and içmişdi. Bu səs-küylü andiçmə mərasimindən sonra onun millət vəkili kimi hüquqları ləğv edilmişdi.
1994-cü ildə L.Zana həbs edilib və yalnız 10 ildən sonra - 2004-cü ildə azadlığa buraxılıb.
2011-ci ildə yenidən millət vəkili seçildikdə L.Zana kürd deyil, türk dilində and içmişdi.
2015-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən andiçmə mərasimində Zana növbəti dəfə qalmaqal yaratmışdı. TBMM-in 26-cı çağırış millət vəkillərinin andiçmə mərasimində and içərkən mətndən kənara çıxaraq, kürd dilində danışan Zananın andı sayılmayıb. Zana and içməyə başlamadan əvvəl kürd dilində "Şərəfli və davamlı sülh ümidi ilə", andiçmədən sonra isə “Böyük türk milləti” yerinə "Böyük Türkiyə milləti" sözlərindən istifadə edib.