"TANRI TÜRKÜ QUL YARATMIR"- Türk tarixindən səhifələr

9-02-2017, 12:51           
"TANRI TÜRKÜ QUL YARATMIR"- Türk tarixindən səhifələr
Türk-İslam tarixinin ən böyük şəxsiyyətlərindən olan QÜTBƏDDİN AYBƏK .
Qütbəddin Aybək indiki Əfqanıstan ərazisində yerləşən Aybak şəhərində doğulmuşdur. Bəzi mənbələr onun borçalu, bəzi mənbələr isə xalac boyundan olan türk olduğunu yazırlar. Uşaq vaxtı əsir tutulan Aybək Nişapurun qul bazarında şəhərin baş qazısına satılmışdır. Onunla öz övladı kimi davranan qazı, Qütbəddinə yaxşı təhsil vermiş,ərəb və fars dillərini,habelə hərb sənətini ona öyrətdirmişdir. Qazı öldükdən sonra onun doğma oğulları Aybəkin istedadına paxıllıq edərək qul alverçisinə satmışlar.Bu dəfə onu Qəznənin gələcək hakimi olmuş Şihabəddin Məhəmməd Quri satın almışdır. Tezliklə Şihabəddin Məhəmməd Qurinin ən görkəmli sərkərdələrindən birinə çevrilən Aybək indiki Əfqanıstanın, Pakistanın və Şimali Hindistanın fəthində yaxından iştirak etmişdir. 1193-ci ildə Tarain çayı sahilindəki döyüşdə Çahamanların vassalı olan Tomarların qoşunlarını darmadağın edən Aybək Dehlinə ələ keçirdi. 1206-cı ildə Aybək “Qütbəddin” (dinin qütbü) adı ilə Quri sultanının Dehli naibi elan edildi. 1203-1204-cü illərdə Bihar və Benqaliya fəth olundu. Lakin faktiki olaraq Qütbəddin Aybək müstəqil hökmdara çevrilərək Dehli sultanlığının əsasını qoydu. Tarixçi Fəxr-i Müdəbbirin yazdığına görə Qütbəddin Aybəkin ordusunun böyük qismi türklərdən ibarət idi.
Bütpərəstliyə qarşı amansız olan Qütbəddin Aybək minlərlə hinduist məbədlərini dağıtdırdı. Ölkə ərazisində məscid,mədrəsə, qalalalar tikintisinə başlanıldı. Hindistanda sufilik geniş yayılmağa başladı.
Türk-İslam tarixinin görkəmli şəxsiyyətlərindən olan Qütbəddin Aybək 1210-cu ildə vəfat etdi. Çövkan oyunu zamanı onun atı qəflətən hürkərək yıxılmış və atın altında qalan sultanın sinəsini yəhərin dəmiri parçalamışdı.
Məzarı hazırda Lahor şəhərində yerləşir. 1970-ci ildə Pakistan İslam Respublikasının baş naziri Zülfüqar Əli Bhuttonun göstərişi ilə Qütbəddin Aybəkin sərdabəsi əsaslı təmir olunmuşdur.
Kərəm Məmmədli
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.