Dərbənddə həyata keçirilən sosial proqram etirazlara səbəb olub - Problemə Dağıstan hakimiyyəti ilə yanaşı, Moskva da qarışır- FOTOLAR
14-02-2017, 20:13
Dağıstan Respublikası. Dərbənd Burada çıxan “Dərbənd qəzeti”nin əməkdaşı Telman Tahirlinin “Şimal xəbərləri”nin əməkdaşı Əlisultana verdiyi məlumata əsasən, Dərbənddə sosial proqram həyata keçirilir. “Şəhərin mərkəzində köhnə evlər uçurulur, yerli sakinlər üçün dəniz qırağında evlər tikilir. Amma sakinlər ömürləri boyu mərkəzdə yaşadıqlarından ucqar yerə köçmək istəmirlər. Buna görə də bərk narazılıq yaranmışdı. Şəhərə xüsusi komissiya gəlmişdi.”
Dərbənddən verilən məlumatlara görə, şəhərin mərkəzində yaşayan azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri hesab edirlər ki, əvvəlcə onlara bildirilib ki, sosial proqrama uyğun olaraq yeni evlər elə köhnə massivdə tikiləcək. Lakin sonradan bu qərar dəyişdirilib. Sakinlər Dərbəndin qədim hissəsindən köçməyəcəklərini bildirirlər. Köçürülməli olan bir neçə yüzə yaxın sakin etirazlarını yaşadıqları evlərin üzərindən müxtəlif plakatlar asmaqla da bildiriblər. Rusiyanın müxtəlif telekanalları da şəhərdə çəkilişlər aparıblar, etirazçılarla görüşüblər. Dərbəndən aldığımız son məlumata görə, köçürülməyə məruz qalanlar RF-nin prezidenti Vladimir Putinə müraciət ediblər.