Ərdoğan sabiq prezidentin “bostanına daş atdı”:"Dedim, xanımı başını bağlayır, ona görəmi?" - Təyinat qalmaqalı
20-02-2017, 00:52
Bu gün Türkiyənin Adıyaman şəhərində keçirilən mitinqdə çıxış edən prezident Ərdoğan sələfi, 10-cu prezident Ahmet Necdet Sezerlə aralarında olan bir tarixi hadisəni nəql edib.
Strateq.az xəbər verir ki, Türkiyənin hazırkı prezidenti 16 apreldə keçiriləcək referendumun vacib olduğunu bəyan edib. Bildirib ki, bu, ölkədəki "ikibaşlı idarəetmə" sistemini aradan qaldıracaq.
Ərdoğan hazırkı sistemin ortaya çox ciddi problemlər çıxardığını deyərək, bunu baş nazir olduğu dövrdə üzləşdiyi konkret hadisə üzərindən izah edib:
"Baş nazir olarkən, maliyyə nazirimiz Mehmet bəy Mərkəzi Bankın başına gətirmək istədim. Ancaq o dönəmin prezidenti "'Olmaz" dedi. "Nədən? Mehmet bəyin xanımı başörtülüdür deyəmi?", – soruşdum. Ardınca "Xanımı başını bağlamır, hətta Amerikalıdır" dedim. Ancaq yenə "Yox, olmaz" dedi.
Beləliklə, Mehmet Şimşəyi Mərkəzi Bankın rəhbəri təyin edə bilmədik. Belə yanlışlarla, ideoloji yanaşmalarla qabağa getmək olmaz. Bunlardan qurtulmaq üçün bu addımları atırıq. Bəli, hər kəsin səlahiyyət və güc sahibi olduğu bir sistemdə işlər qaydasında getməz, getmir də. Buna görə, Türkiyənin hazırkı dönəmdə güclü və vahid iadrəetməyə ehtiyac var".
Qeyd edək ki, Ərdoğanın "o dönəmin prezidenti" deyərək, nəql etdiyi hadisə Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin dövründə baş verib. Bildirək ki, Sezərin prezidentliyi dövründə onunla AKP iqtidarı zaman-zaman bir çox məsələlərdə fərqli dünya görüşlərinə aid olduqlarını nümayiş etdiriblər…
Xatırladaq ki, Ahmet Necdet Sezer 2000-ci il may ayının 16-dan 2007-ci il avqust ayının 28-nə qədər Türkiyə Respublikasının Prezidenti olub.