Ərdoğanın Çin səfərinin uyğur gizlinləri - TƏHLİL
5-08-2015, 20:57
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sahibkarlar və nazirlərdən ibarət böyük bir nümayəndə heyətilə Çinə səfər edib. Səfər çərçivəsində Ərdoğan Çin prezidenti Si Cinpinq, baş nazir Li Keqianqla yanaşı bir sıra çinli dövlət rəsmiləri ilə görüş keçirib.
Ərdoğanın bu ölkəyə səfəri Sinsizyan-Uyğur problemi ilə əlaqədar Çinlə Türkiyənin münasibətlərinin sərinləşdiyi bir dövrə təsadüf edir. Hələ keçən ay, Türkiyənin əsas şəhərlərinin küçələrində Çində uyğurların hüquqlarının pozulmasına qarşı kütləvi nümayişlər keçirilir, çin mallarının boykot olunması tələbi irəli sürülürdü. Çin hökumətinə qarşı səslənən ittihamlarda ölkədə yaşayan müsəlman uyğurların Ramazan ayında ibadət etmələrinə dövlət tərəfindən süni maneələrin yaradılması barədə ittihamlar səslənirdi. Hətta Türkiyə rəsmiləri Çindən gələcək uyğur qaçqınlar üçün ölkə sərhədlərinin açıq olduğunu bildirmişdilər.
Uyğur problemi ilə bağlı Çinin Türkiyədəki səfirinin Xarici İşlər Nazirliyinə çağrılması və izahatın tələb olunması, üstəlik BMT-yə Türkiyə tərəfindən rəsmi müraciətin göndərilməsi münasibətlərdəki gərginliyi daha da artırdı. Çin Xarici İşlər Nazirliyi məsələylə bağlı rəsmi bəyanat verməli oldu və ölkədə Uyğur probleminin ümumiyyətlə mövcud olmadığını bildirdi.
Belə bir gərginliyin ardından Ərdoğanın özünün çinli həmkarı Si Cinpinq ilə keçirdiyi görüşdən sonra hər iki liderin verdiyi bəyanatlardan aydın olur ki, Pekinlə Ankaranın dostluğu hələ ki tam sarsılmayıb, əksinə strateji əməkdaşlıq səviyyəsinə qalxmaq əzmindədir.
Ancaq təbii ki, Çin rəhbəri Uyğur problemi ilə əlaqədar narahatçılığını gizlətmədi və öz bəyanatında bu məsələyə toxunmayı da unutmadı : “Prezident Ərdoğanın və Türkiyə hökumətinin terrorizmin bütün formalarına qarşı, həmçinin Türkiyə ərazisində Çinin suverenliyi və ərazi bütövlüyünə zərər verəcək cəhdlərə qarşı çıxması yüksək qiymətləndirilir ” deyən Si Cinpinq əlavə edib ki, “Hər iki tərəf qarşılıqlı etimadı yüksəltməli və dostluq üçün daha möhkəm təməl atmalıdırlar”.
Cinpinqin bəyanatında diqqət çəkən digər vacib məqam isə Çin liderinin hər iki ölkəni Böyük 20-liyin mühüm üzvü adlandırması , qlobal iqtisadiyyat və beynəlxalq münasibətlərin mürəkkəb dövründə, Yaxın Şərq və Şimali Afrikada təhlükəsizliyin pozulması şəraitində bir çox çağırışlarla üzləşdiklərini bildirməsi idi.
Buna cavab olaraq Ərdoğan Türkiyə hökumətinin Çinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və Çində Şərqi Türküstan İslam Hərəkatının fəaliyyətinə qarşı çıxdığını bildirib.
Bundan əlavə liderlər öz bəyanatlarında ölkələrarası əlaqələrin inkişafının vacibliyindən iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın yüksəldilməsindən söz açıblar.
Ümumilikdə götürdükdə Çinlə Türkiyənin ikitərəfli münasibətlərinin aşağı səviyyədə olduğunu iddia etmək doğru olmaz. İki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi 30 milyarda yaxındır, Türkiyə çinli turistlər üçün cəlbedici ölkədir və hər il milyonlarla çinli buraya səfər edir. Üstəlik Türkiyə Çindən yüksək sürətli qatar almaq qərına gəlib və İstanbulla Ankaranı birləşdirəcək qatar xəttini Çin şirkəti quracaq. Eyni zamanda çinlilər Türkiyədə müasir havadan müdafiə sistemini quraşdırmaqla bağlı tenderin qalibi seçiliblər.
Başqa sözlə desək, nə Çin, nə də Türkiyə üçün qarşılıqlı münasibətlərin pozulması əlverişli hesab oluna bilməz.
Qeyd etmək lazımdır ki, Rusiya Qərblə münasibətləri pozulduqdan sonra Çinlə daha sıx əməkdaşlığa üstünlük verməyə başladı. Türkiyə də, Avropa məhsullarından təmizlənmiş cəlbedici Rusiya bazarında mövqe tutmaq üçün yaranmaqda olan və Çinlə Rusiyanın başçılıq etdiyi Asiya birliyinə qoşuldu. Lakin qondarma erməni soyqırımı ilə bağlı Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər etməsi Moskva ilə Ankaranın münasibətlərində sərinlik yaratdı. Bundan istifadə edən Çin, Rusiya bazarına müdaxiləsini daha da genişləndirdi. Üstəgəl Ermənistanla da yaxınlaşdı və çəkilməsi planlaşdırılan Böyük İpək yolunun bir qolunun Ermənistandan keçəcəyi barədə ehtimallar səsləndi. Bu ilk növbədə Türkiyənin İpək Yolundan kənarda qalması anlamına gələ bilərdi.
Asiyada mövqelərinin zəiflədiyini görən Ankara Çinə qarşı “Uyğur zərbəsi” endirməklə Pekinə bir növü xəbərdarlıq etdi. Sinsizyan-Uyğur ərazisi coğrafi baxımdan da Çin üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Çinin Orta Asiya ölkələri ilə sərhəddi məhz Sinsizyan-Uyğur vilayətindən keçir. Bu əyalətin itirilməsi Çinin ucuz türkmən qazı və Rusiyadan gələn xam neftdən məhrum edə bilər. Çin anladı ki, Türkiyənin Asiya qitəsindən çıxarmaq elə də asan məsələ deyil.
Ərdoğan üçün hazırki məqamda Çinlə barışmaq həm də ona görə vacibdir ki, PKK ilə mübarizədə Avropa ilə yanaşı aparıcı Asiya ölkələrinin bu məsələdə dəstəyini qazansın. Çindən sonra qitənin əsas islam ölkələri olan Pakistan və İndoneziyaya səfər etməsinin səbəbi də Türkiyənin Asiyadakı mövqeyinin güclənməsi və PKK-ya qarşı mübarizədə beynəlxalq icmanın dəstəyini əldə etmək istəyidir.
AzVision.az