Alim türk tarixçinin fikirlərini alt-üst etdi – Video
6-08-2015, 11:00
Əgər Füzulini tanımasaydılar, təzkirələrində onu böyük bir şair kimi təqdim etməzdilər. Bu sözləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Tərlan Quliyev türk tarixçi Ahmet Şimşirgilin dahi Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı çıxışı haqda Axar.az-a danışarkən deyib: “Nəinki Osmanlı şairləri, bütün türk poeziyası Füzulinin təsiri altında olub. İngilis şərqşünası Gibb “Osmanlı poeziyası tarixi” adlı əsərində “Füzuli Şərq poeziyasının günəşidir” yazıb. Türk tədqiqatçı alim Əbdülqadir Qaraxan da Füzulini yüksək qiymətləndirib. Mən bilmirəm, o alim kimdir, nəçidir, bu məsələləri nə dərəcədə bilir. Füzulini aşağılamaq heç kimə yaraşmaz, o, çox böyük şairdir. Türk şairləri özləri də Füzuliyə çox böyük önəm veriblər. Füzuli bir beytində Rumun adını çəkir – Orta Asiyanı, Anadolunu nəzərdə tutur. Deyir ki, “Mənim şeirimdə həmin torpaqların ifadələrindən, kəlmələrindən olmasa, məni üzrlü bilsinlər, çünki mən öz vətənimin dilində yazıram”. Bu, onu göstərir ki, Füzuli həm vətəninə bağlı bir insan olub, həm də Rumda, Osmanlı imperiyasında çox yaxşı tanınıb. Füzuli haqqında Osmanlı və İraq müəllifləri təzkirələrində məlumatlar veriblər. Əgər onu tanımasaydılar, təzkirələrində onu böyük bir şair kimi təqdim etməzdilər.”. Alim Füzulinin Osmanlı sultanı ilə münasibətlərindən də söz açıb: “Füzulinin dövründə Sultan Süleyman Qanuni sultan idi. O, ədalətli, qanun yaradan, dövlətində qanuna əməl olunan bir padşah kimi qəbul olunurdu. Doğrudur, Sultan Süleyman çox böyük şəxsiyyət, siyasi xadim olub. Amma cəmiyyət heç vaxt rüşvət və əyri hallarsız olmayıb. Xüsusilə, əyalət məmurları bu kimi mənfi hallara yol veriblər. “Şikayətnamə”də Füzuli Sultan Süleyman haqqında pis nəsə demir, əksinə, ona 9 axça pul verdiyini deyir, hörmətini, dövlətini tərifləyir, amma əyalət məmurlarını tənqid edir. Osmanlı dövlətini tənqid və təhqir eləyən heç bir şey demir. Füzulinin Sultan Süleymanı tənqid edən bir beyti var: “Ey olub sultan, deyən “dünyada məndən qeyri yox”, Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!” O vaxt başqa sultan yox idi, Füzuli “sultan” deyəndə birbaşa Sultan Süleyman Qanunini nəzərdə tuturdu. Qanuniyə müraciətlə deyir ki, sən özünü bir bayquş bil, dünya səndən əvvəl də olub, səndən sonra da olacaq. Sən də gəlib gedən bayquşlardan birisən, özünü heç öymə. Füzuli çox böyük sənətkardır – həm lirikası, həm satirası, həm də ictimai məzmunlu şeirlərinə görə. Füzulinin böyüklüyünə kölgə salmaq, sadəcə, mümkünsüzdür”. Xatırladaq ki, Türkiyənin “Cine 5″ kanalında yayımlanan “Mədəniyyət və Tarix” verilişində tarixçi Ahmet Şimşirgil Füzulinin Osmanlıda uğur və məşhurluq qazana bilmədiyi üçün “Salam verdim – rüşvət deyildir deyə almadılar” yazaraq, Osmanlı dövlətini pislədiyini deyib.
[media=https://www.youtube.com/watch?v=a5ibld842hg]